Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası
Maddə 287. Gəmiyə dəniz girovu ilə təmin edilən tələblər
287.1. Gəmi sahibinə dair tələblər gəmiyə dəniz girovu ilə təmin edilir:
287.1.1. gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə gəmidə işlərinə görə çatacaq əmək haqqına və digər məbləğlərə, o cümlədən repatriasiya xərclərinə və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta ödənişlərinə;
287.1.2. bilavasitə gəminin istismarı nəticəsində vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə;
287.1.3. gəminin xilas edilməsi üçün mükafata;
287.1.4. liman, kanal və dəniz bələdçi yığımlarına;
287.1.5. gəminin istismarı zamanı gəmidə daşınan yük, konteyner və sərnişinlərin əşyalarından fərqli olan digər əmlakın itirilməsi və ya zədələnməsi nəticəsində vurulmuş real zərərin əvəzinin ödənilməsinə.
287.2. Bu Məcəllənin 287.1.2 və 287.1.5-ci maddələrində nəzərdə tutulmuş tələblər aşağıdakı hallar nəticəsində yarandıqda, belə tələblər dəniz girovu ilə təmin edilmir:
287.2.1. bu Məcəllənin 18 və 19-cu fəsillərində müəyyən edildiyi kimi, gəmidən neftlə çirkləndirmədən və ya dənizlə təhlükəli və ya zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərdən;
287.2.2. nüvə yanacağının radioaktiv xassələrinin və ya digər radioaktiv maddələrin təsirindən.
Dostları ilə paylaş: |