Maddə 301. Dəniz tələbi
301.0. Aşağıda göstərilənlərlə bağlı olan istənilən tələb dəniz tələbidir:
301.0.1. gəminin istismarı zamanı zərərin vurulması ilə;
301.0.2. bilavasitə gəminin istismarı ilə əlaqədar olaraq quruda və ya suda vətəndaşın həyatına və ya sağlamlığına zərərin vurulması ilə;
301.0.3. vurula biləcək zərərin, o cümlədən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün hər hansı bir şəxsin həyata keçirdiyi tədbirlərə çəkdiyi xərclərlə, əgər belə tələb Azərbaycan Respublikasının qanunundan və ya beynəlxalq müqaviləsindən irəli gəlirsə, habelə belə tədbirlər nəticəsində vurulan və ya vurula biləcək zərərlə;
301.0.4. xilasetmə tədbirlərinin həyata keçirilməsi və ya xilasetmə haqqında hər hansı bir müqavilə ilə;
301.0.5. batmış gəminin qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi üçün çəkilən xərclərlə;
301.0.6. gəminin istismarı və ya təmin edilməsi üçün ərzaq məhsulları, materiallar, yanacaq, avadanlıq, o cümlədən konteynerlərin verilməsi ilə;
301.0.7. gəminin istifadəsinə dair hər hansı bir müqavilə ilə; 301.0.8. dənizlə yük daşınması və ya dənizlə sərnişin daşınmasına dair hər hansı bir müqavilə ilə;
301.0.9. gəmidə daşınan yükün, o cümlədən baqajın itirilməsi və ya zədələnməsi ilə;
301.0.10. ümumi qəza ilə;
301.0.11. dəniz bələdçisi keçirməsi ilə;
301.0.12. yedəkləmə ilə;
301.0.13. gəminin inşası, təmiri, yenidən qurulması və ya yenidən təchiz edilməsi ilə;
301.0.14. liman, kanal haqqları və digər su yollarında ödənişlər ilə;
301.0.15. gəmidə işlədikləri üçün gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə çatacaq əmək haqqı və başqa məbləğlərlə, o cümlədən repatriasiya xərcləri və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta ödənişləri ilə;
301.0.16. gəmiyə münasibətdə çəkilən disbursment xərcləri ilə;
301.0.17. sığorta mükafatı ilə;
301.0.18. gəmi mülkiyyətçisi və ya berbout-çarter üzrə gəmini fraxtedən tərəfindən və yaxud onların adından ödənilən hər hansı bir komisyon, broker və ya agent mükafatları ilə;
301.0.19. gəmiyə olan mülkiyyət və ya onun üzərində sahiblik hüququna dair hər hansı bir mübahisə ilə;
301.0.20. gəminin istifadəsinə və ya mənfəətin bölüşdürülməsinə dair iki və ya bir neçə gəmi mülkiyyətçisi arasında yaranan hər hansı bir mübahisə ilə;
301.0.21. gəminin dövlət qeydiyyatına alınmış ipotekası və ya dövlət qeydiyyatına alınmış həmin xarakterli yüklü edilməsi ilə;
301.0.22. gəminin alqı-satqı müqaviləsindən irəli gələn hər hansı bir mübahisə ilə.
Dostları ilə paylaş: |