Maddə 319. Digər tələblər üzrə iddia müddəti
319.1. Beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsindən, dəniz sığorta müqaviləsindən, habelə gəmilərin toqquşmasından və xilasetmə əməliyyatlarının həyata keçirilməsindən doğuran tələblər üzrə iddia müddəti iki ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:
319.1.1. beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsinə dair tələblər üzrə:
319.1.1.1. sərnişinin sağlamlığı pozulduqda — sərnişin sahilə çıxdığı gündən;
319.1.1.2. daşınma zamanı sərnişin öldükdə — sərnişinin sahilə çıxmalı olduğu gündən;
319.1.1.3. daşınma zamanı sağlamlığının pozulması nəticəsində sərnişin sahilə çıxdıqdan sonra öldükdə — sərnişinin öldüyü gündən, o şərtlə ki, sərnişinin sahilə çıxdığı gündən üç ildən çox olan müddət keçməsin;
319.1.1.4. sərnişinin baqajı itirildikdə və ya zədələndikdə — tarixlərdən hansı birinin gec gəlməsindən asılı olaraq — baqajın düşürüldüyü və ya düşürülməli olduğu gündən;
319.1.2. dəniz sığorta müqaviləsindən doğuran tələblər üzrə — iddiaya hüququn yarandığı gündən;
319.1.3. gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə — gəmilərin toqquşduğu gündən;
319.1.4. xilasetmə əməliyyatlarından doğuran tələblər üzrə — xilasetmə əməliyyatları başa çatdığı gündən.
319.2. Yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, gəmi agenti müqaviləsindən, taym-çarterdən, berbout-çarterdən və ümumi qəzadan doğuran tələblərə iddia müddəti bir ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:
319.2.1. yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, gəmi agenti müqaviləsindən, taym-çarterdən və berbout-çarterdən doğuran tələblər üzrə — iddia hüququ yarandığı gündən;
319.2.2. ümumi qəzadan doğuran tələblər üzrə — dispaşın tərtib edildiyi gündən.
319.3. Bu Məcəllənin 248-ci maddəsində nəzərdə tutulmuş reqress tələbləri üzrə iddia müddəti bir ildir. Bu müddət müvafiq məbləğin ödənilməsi günündən hesablanır.
Dostları ilə paylaş: |