Maddə 55. Gəmidə nizam-intizamın saxlanılması
Gəmidə nizam-intizamın təmin olunması Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
Maddə 56. Gəmi kapitanı təhqiqat orqanı kimi
Səfərə çıxmış gəmidə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildikdə, gəmi kapitanı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, təhqiqat orqanının funksiyalarını yerinə yetirir.
Maddə 57. Vəsiyyətnamə tərtib edildikdə, gəmidə uşaq doğulduqda və gəmidə ölüm baş verdikdə gəmi kapitanının vəzifələri
57.1. Gəmi kapitanı səfər zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq edə bilər. Gəmi kapitanının təsdiq etdiyi vəsiyyatnamə notariat qaydasında təsdiq edilən sənədlərə bərabər tutulur.
57.2. Gəmi kapitanı gəmidə hər bir doğum və ya ölüm halı barəsində gəmi jurnalında müvafiq qeyd aparmalıdır.
57.3. Gəmi kapitanı vəfat etmiş şəxsin ölümü barəsində onun yaxın qohumlarından birini və ya həyat yoldaşını məlumatlandırmağa və onun cənazəsini vətəninə göndərmək üçün tədbirlər görməyə borcludur. Müstəsna hallarda, əgər gəminin uzun müddət açıq dənizdə olması zəruridirsə və vəfat etmiş şəxsin cənazəsini saxlamaq mümkün deyilsə, gəmi kapitanının, gəmi jurnalında müvafiq qeyd apararaq, cənazəni dəniz adətlərinə uyğun olaraq dənizə tapşırmaq hüququ vardır.
57.4. Gəmi kapitanı vəfat etmiş şəxsin gəmidə olan əmlakının siyahısının tərtib edilməsini və saxlanmasını təmin edir.
Dostları ilə paylaş: |