Maddə 64. Gəmilərin dəniz limanından çıxmasına icazənin verilməsi
64.1. Hər bir gəmi dəniz limanından çıxmazdan əvvəl dəniz limanı kapitanının dəniz limanından çıxmağa icazəsini almalıdır. Dəniz limanı kapitanının aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla gəmiyə limandan çıxmağa icazə verməkdən imtina etmək hüququ vardır:
64.1.1. gəmi üzgüçülüyə yararlı olmadıqda;
64.1.2. gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqları olduqda;
64.1.3. gəmi sənədlərinə olan tələblər pozulduqda;
64.1.4. sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;
64.1.5. müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə.
64.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda.
64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranan xərcləri gəmi sahibi ödəyir.
Maddə 65. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə məsuliyyət
Dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati tənbehlər tətbiq edilir.
Dostları ilə paylaş: |