Maddə 83. Dənizdə batmış əmlakın mülkiyyətçisi
83.1. Dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakı qaldırmaq niyyətindədirsə o, əmlakın batdığı gündən bir il ərzində, bu barədə ən yaxın dəniz limanının kapitanına məlumat verməlidir.
83.2. Dəniz limanı kapitanı dənizdə batmış əmlakın qaldırılması barədə əmlak mülkiyyətçisinin ərizəsinə bir ay ərzində baxır və həmin əmlakın qaldırılması qaydasını, bunun üçün zəruri olan müddəti (bir ildən az olmamaq şərti ilə) müəyyən edir.
83.3. Dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyi üçün ciddi və bilavasitə təhlükə və ya dəniz mühitinə əhəmiyyətli dərəcədə zərərvurma təhlükəsi yaradırsa, yaxud su bioloji ehtiyatlarının ovuna, limanın fəaliyyətinə və limanda işlərin aparılmasına (hidrotexniki və digər işlər) xeyli maneə yaradırsa, həmin əmlakın mülkiyyətçisi dəniz limanı kapitanının tələbi ilə və onun müəyyən etdiyi müddətdə dənizdə batmış əmlakı qaldırmalı və zəruri olan hallarda onu uzaqlaşdırmalı və ya məhv etməlidir.
83.4. Dənizdə batmış əmlakın mülkiyyətçisi məlum olmadıqda, dəniz limanı kapitanı dənizdə batmış əmlakın qaldırılması üçün müəyyən edilmiş müddət barəsində informasiya bülletenində məlumat verir. Dənizdə batmış gəminin bayrağı məlum olduqda, dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanına bu barədə bildiriş göndərir.
83.5. Əgər dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakın qaldırılması bərədə ərizə verməyibsə və ya bu Məcəllənin 83.2-ci maddəsinə uyğun olaraq təyin edilmiş müddətdə əmlakı qaldırmayıbsa, dənizdə batmış əmlaka mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşdirilir.
83.6. Bu Məcəllənin 84-cü maddəsinə əsasən dənizdə batmış əmlak, əgər əmlakın qaldırılmasından bir ildən artıq müddət keçməyibsə, dənizdə batmış əmlakın qaldırılmasına sərf edilən və bununla bağlı aparılan digər xərclərin ödənilməsi şərti ilə qaldırılmış əmlakın mülkiyyətçisi tərəfindən geri tələb edilə bilər.
Dostları ilə paylaş: |