Maddə 182. Limanlarda gəmi agenti
182.1. Limanlarda gəmi agentinin fəaliyyət qaydası, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Gəmi agenti haqqında Əsasnamə” ilə müəyyən edilir.
182.2. Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanından sertifikatın alınması tələb olunur. Sertifikatın forması, qüvvədə olma müddəti, verilməsi və ləğv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sertifikatın alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət rüsumu ödənilir.
182.3. Limanlarda gəmi agenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verməlidir.
182.4. Gəmi agenti və gəmi sahibi, fraxt edən və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxs arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə 183. Dəniz agentinin ümumi səlahiyyətlərinin məhdudlaşdırılması
Gəmi sahibi gəmi sahibinin adından əqdlər bağlamağa dair dəniz agentinin ümumi səlahiyyətlərini məhdudlaşdırdıqda və belə məhdudlaşdırma barəsində üçüncü şəxsin məlumatı olmadıqda, vicdanla hərəkət edən üçüncü şəxs ilə dəniz agentinin bağladığı əqd etibarlıdır və gəmi sahibi üçün hüquq və vəzifələr yaradır.
Maddə 184. Dəniz agentinin müxtəlif tərəflərin maraqlarına dair hərəkətləri
Dəniz agenti gəmi sahibinin razılığı ilə hüquqi və digər hərəkətləri ona səlahiyyət vermiş digər tərəfin xeyrinə də edə bilər.
Maddə 185. Dəniz agentinin hüquq və vəzifələri
185.1. Dəniz agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiyyətləri yerinə yetirir, gəmi kapitanına yerli və liman hakimiyyəti orqanları ilə əlaqələrin yaradılmasında, gəminin limanda təchiz olunmasında və ona xidmətlərin göstərilməsinin təşkilində köməklik göstərir, yükə dair sənədləri rəsmiləşdirir, fraxt məbləğlərini və dənizlə yük daşınması müqaviləsindən irəli gələn tələblərə görə gəmi sahibinə çatacaq digər məbləğləri inkasso edir, gəmi sahibinin və gəmi kapitanının sərəncamı ilə gəminin limanda olmasına görə ödənilməli olan məbləğləri ödəyir, fraxtın yığılmasını və yükün göndərilməsini həyata keçirir, daşınma üçün yük cəlb edir və dəniz agentliyi sahəsində digər hərəkətləri həyata keçirir.
185.2 Dəniz agenti:
185.2.1. fəaliyyətini gəmi sahibinin maraqlarına uyğun vicdanla və dəniz agentliyinin təcrübəsinə müvafiq olaraq həyata keçirməyə;
185.2.2. səlahiyyətləri hüdudlarında fəaliyyət göstərməyə;
185.2.3. vəsaitlərin xərclənməsinin uçotunu aparmağa və dəniz agentliyi müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə gəmi sahibinə hesabatlar verməyə borcludur.
Maddə 186. Gəmi sahibinin vəzifələri
186.1. Gəmi sahibi dəniz agentinə dəniz agentliyi müqaviləsinə müvafiq hərəkətlərin həyata keçirilməsi üçün kifayət edən vəsaiti verməyə, ona çəkdiyi xərclərin əvəzini və müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda haqq ödəməyə borcludur.
186.2. Dəniz agentinin səlahiyyətləri hüdudlarında və gəmi sahibinin adından etdiyi hərəkətlərin nəticələrinə görə gəmi sahibi məsuliyyət daşıyır.
Maddə 187. Dəniz agentliyi müqaviləsinə xitam verilməsi
187.1. Dəniz agentliyi müqaviləsi müəyyən müddətə bağlandıqda, müqavilənin müddətinin bitməsi ona xitam verilməsinə səbəb olur.
187.2. Dəniz agentliyi haqqında müqavilə qeyri-müəyyən müddətə bağlandıqda, hər bir tərəfin müqavilənin ləğv edilmə tarixinədək üç ay əvvəlcədən digər tərəfi xəbərdar etməklə belə müqaviləyə xitam vermək hüququ var.
Dostları ilə paylaş: |