Maddə 211. Sığortalının və ya faydalanan şəxsin təqsiri
Sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlıq) nəticəsində vurduqları zərərə görə sığortaçı məsuliyyət daşımır.
Maddə 212. Sığortaçının məsuliyyətdən azad edilməsi
212.1. Gəmini sığortalayarkən sığortaçı, bu Məcəllənin 211-ci maddəsində göstərilən hallardan başqa, aşağıdakı hallarda vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:
212.1.1. əgər dəniz üzgüçülüyünə yararsız vəziyyət zahirən görünməyən qüsurlardan irəli gəlmirsə, gəminin dəniz üzgüçülüyünə yararsız vəziyyətdə yola salınması;
212.1.2. gəminin və onun ləvazimatının zamandan və ya adi istifadədən köhnəlib xarab olması;
212.1.3. sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin xəbəri olmaqla, lakin sığortaçıdan xəbərsiz gəmiyə partlamaq və özündənalışma təhlükəsi olan maddə və predmetlərin yüklənməsi.
212.2. Yük və ya gözlənilən mənfəət sığortalanarkən sığortaçı, bu Məcəllənin 211-ci maddəsində göstərilən hallardan başqa, əgər zərərin aşağıda göstərilən hallar nəticəsində vurulduğunu sübuta yetirə bilsə, vurulan zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:
212.2.1. yükgöndərənin və ya yükalanın, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlığı);
212.2.2. yükün təbii xüsusiyyətləri (korlanma, azalma, paslanma, kiflənmə, axma və ya sınma, özündənalışma və s.);
212.2.3. yükün lazımi qaydada qablaşdırılmaması.
212.3. Fraxt sığortalanarkən müvafiq olaraq bu Məcəllənin 212.1 və 212.2-ci maddələrində müəyyənləşdirilmiş qaydalar tətbiq edilir.
212.4. Əgər bu Məcəllədə müəyyən edilmiş qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, sığortaçı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirkləndirilmə nəticəsində vurulan zərərə görə məsuliyyət daşımır.
212.5. Sığortaçı hərbi əməliyyatlar, dəniz quldurluğu, xalq iğtişaşları, tətillər, habelə müvafiq orqanların qərarı ilə gəminin və ya yükün müsadirəsi, rekvizisiyası, həbs və ya məhv edilməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşımır.
Dostları ilə paylaş: |