Maddə 17. Gəmilərin təsnifatı
Təsnifat cəmiyyətləri öz səlahiyyətlərinə uyğun olaraq bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə quruluş tipindən və təchizatından asılı olaraq müvafiq dərəcə verirlər. Gəmilərə dərəcənin verilməsi təsnifat şəhadətnamələri ilə təsdiqlənir.
Maddə 18. Əsas gəmi sənədləri
18.1. Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır:
18.1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;
18.1.2. gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;
18.1.3. gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnamə;
18.1.4. sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün);
18.1.5. ölçü şəhadətnaməsi;
18.1.6. yük çeşidi haqqında şəhadətnamə;
18.1.7. gəmi heyətinin tərkibi haqqında şəhadətnamə;
18.1.8. neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;
18.1.9. çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;
18.1.10. zibillə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;
18.1.11. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal (gəminin radiostansiyası olduqda);
18.1.12. gəmi heyəti üzvlərinin siyahısı;
18.1.13. gəmi jurnalı;
18.1.14. maşın jurnalı (mexaniki mühərrikli gəmilər üçün);
18.1.15. çirkab sularla əməliyyatlar jurnalı;
18.1.16. zibillə əməliyyatlar jurnalı;
18.1.17. neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı;
18.1.18. neft tankerləri üçün neft əməliyyatları jurnalı;
18.1.19. sanitar jurnalı;
18.1.20. səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi;
18.1.21. sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);
18.1.21-1. Gəminin “Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;
18.1.21-2. Gəminin “Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;
18.1.21-3. Gəmi tarixinin fasiləsiz qeydlər sənədi;
18.1.21-4. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat;
18.1.22. beynəlxalq dəniz təşkilatının tələblərinə uyğun digər sənədlər.
18.2. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.
18.3. Sanitar jurnalı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.
18.4. Sanitar, karantin nəzarəti və digər nəzarət üçün istifadə edilən gəmilərdə ölçü və yük çeşidi haqqında şəhadətnamələr tələb edilməyə bilər. Belə gəmilərə müvafiq şəhadətnamə verilməklə, sadələşdirilmiş üsulla onun tutumu müəyyənləşdirilə bilər.
18.5. Texniki nəzarəti həyata keçirən orqan tərəfindən başqa qayda müəyyən edilmədikdə, sahilboyu səfərə çıxan gəmilərdə maşın, radio, gəmi və sanitar jurnalları tələb edilmir.
Dostları ilə paylaş: |