Maddə 277. Məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblər
277.1. Aşağıdakı tələblər bu Məcəllənin 278-ci maddəsində müəyyənləşdirilmiş qaydaları gözləmək şərti ilə, məsuliyyətin əsasından asılı olmayaraq, məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür:
277.1.1. gəmidə və yaxud bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə əlaqədar vətəndaşın ölümü və ya sağlamlığının pozulmasından, yaxud əmlakın, o cümlədən liman qurğularının, su hövzələrinin, gəmiçilik yollarının və naviqasiya avadanlığı vasitələrinin itirilməsi və ya zədələnməsindən yaranan tələblər, habelə bunun nəticəsində sonradan vurulan hər-hansı bir zərərin əvəzinin ödənilməsi üzrə tələblər;
277.1.2. dənizlə yüklərin, sərnişinlərin və ya onların baqajının daşınması zamanı baş vermiş gecikdirilmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi üzrə tələblər;
277.1.3. bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə bağlı olan və müqavilədən irəli gəlməyən hər hansı bir hüququn pozulması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi üzrə tələblər;
277.1.4. əgər zərərə görə cavabdeh olan şəxs bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq öz məsuliyyətini məhdudlaşdıra bilərsə, zərərin qarşısını almaq və ya onu azaltmaq məqsədi ilə zərərə görə cavabdeh olan şəxsdən fərqli olan digər şəxsin gördüyü tədbirlər nəticəsində vurulan zərər üzrə və belə tədbirlərin səbəb olduğu sonrakı zərər üzrə tələblər.
277.2. Bu Məcəllənin 277.1-ci maddəsində nəzərdə tutulan tələblər reqress qaydasında və ya müqavilədə göstərilən zəmanətlər əsasında irəli sürüldükdə belə, məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür. bu Məcəllənin 277.1.4-cü maddəsində nəzərdə tutulmuş tələblər zərərə görə cavabdeh olan şəxslə bağlanmış müqaviləyə əsasən verilən mükafata aid olan hissədə məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşmür.
Dostları ilə paylaş: |