Maddə 295. İpoteka saxlayanların tələblərinin ödənilməsi növbəliyi
Əgər bir neçə ipoteka saxlayan varsa, ipoteka ilə yüklü edilmiş gəminin və ya inşa edilməkdə olan gəminin satışından əldə edilmiş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının dövlət qeydiyyatı tarixinə uyğun olaraq növbə ilə ödənilir. Daha əvvəl dövlət qeydiyyatına alınmış ipoteka sonradan dövlət qeydiyyatına alınmış ipotekaya qarşı ödənilməkdə üstünlüyə malikdir. Eyni gündə dövlət qeydiyyatına alınmış ipotekalar eyni qüvvəyə malikdir.
Maddə 296. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasının əsasları
İpoteka verən borcun ödənilməsi vəzifəsini yerinə yetirmədikdə, ipoteka ilə yüklü edilmiş gəmi və ya inşa edilməkdə olan gəmi üzərinə həbs qoyulmuş gəminin və ya inşa edilməkdə olan gəminin olduğu yer üzrə məhkəmənin qərarı əsasında satıla bilər.
Maddə 297. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması haqqında bildiriş
297.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması üçün məhkəmə bu barədə aşağıdakılara bildiriş göndərməlidir:
297.1.1. gəmini qeydiyyata alan orqana və ya inşa edilməkdə olan gəmiyə mülkiyyət hüququnu qeydiyyata alan orqana;
297.1.2. gəminin və ya inşa edilməkdə olan gəminin dövlət qeydiyyatına alınmış və təqdim edənə müəyyənləşdirilməmiş ipotekalarının ipoteka saxlayanlarına;
297.1.3. gəminin və ya inşa edilməkdə olan gəminin dövlət qeydiyyatına alınmış və təqdim edənə müəyyənləşdirilmiş ipotekalarının ipoteka saxlayanlarına, habelə bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə gəminin dəniz girovunu saxlayanlarına, əgər onlar öz tələbləri barədə məhkəməni məlumatlandırıblarsa;
297.1.4. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış mülkiyyətçisinə;
297.1.5. bayrağı altında gəmiyə müvəqqəti üzməyə icazə vermiş dövlətin gəmini qeydiyyata almış orqanına.
297.2. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasını tələb edən şəxs məhkəməyə gəminin və ya inşa edilməkdə olan gəminin dövlət qeydiyyatına alınmış ipotekasının ipoteka saxlayanlarının adlarını və ünvanlarını əlavə etməklə müvafiq gəmi və ya inşa edilməkdə olan gəmi reyestrlərindən çıxarış təqdim etməlidir.
297.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı haqqında bildiriş məcburi satışa otuz gündən az qalmamış göndərilir və özündə aşağıdakıları əks etdirir:
297.3.1. məcburi satışın vaxtı və yeri haqqında məlumatları, habelə məcburi satışa və ya məcburi satışa aparan prosedurlara aid olan və öz maraqlarını qorumaq məqsədi ilə bildiriş almağa hüququ olan şəxslərin bilməli olduqları məlumatları;
297.3.2. məcburi satışın vaxtını və yerini dəqiq müəyyənləşdirmək mümkün olmadıqda, məcburi satışın təxmini vaxtı və yeri haqqında məlumatları, habelə məcburi satışa aid və bildiriş almağa hüququ olan şəxslərin maraqlarının qorunması üçün kifayət olan digər məlumatları.
297.4. Bildiriş bu Məcəllənin 297.3-cü maddəsinə müvafiq olaraq göndərildikdə, məcburi satışın faktik vaxtı və yeri haqqında əlavə bildiriş onlar məlum olduqdan sonra, lakin məcburi satışa yeddi gündən az qalmamış göndərilir.
Dostları ilə paylaş: |