Maddə 42. Gəmi heyətinin tərkibi
42.1. Gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir.
42.2. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi aiddir. Müvafiq icra hakimiyyəti orqanı gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini də aid edə bilər.
42.3. Sıravi heyət gəminin komandir heyətinə aid edilməyən şəxslərdən ibarətdır.
Maddə 43. Gəmi heyətinin minimal tərkibi
Gəminin səfərə çıxması üçün zəruri olan gəmi heyətinin minimal tərkibi gəminin növündən, üzdüyü rayondan və təyinatından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 44. Gəmi heyəti üzvlərinin ixtisaslarına olan tələblər
44.1. Gəmi heyəti üzvlərinin vəzifələrini tutmağa müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən gəmi heyəti üzvlərinə sertifikat (diplom) verilməsi haqqında əsasnamə ilə müəyyən edilmiş qaydada sertifikat (diplom) almış şəxslər buraxılır.
44.2. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) gəmi heyəti üzvlərinə, onlar gəmidə əmək stajına, yaşa, sağlamlığın vəziyyətinə, peşə hazırlığına dair tələblərə uyğun olduqda və ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanması nəticələrinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
44.3. Bu Məcəllənin 44.1-ci maddəsində göstərilən sertifikatlar (diplomlar) belə sertifikatların (diplomların) müəyyən edilmiş tələblərə uyğun verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müvafiq formada təsdiqnamələri olduqda etibarlı hesab edilir.
44.4. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya səriştəsizlikləri nəticəsində birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərərin vurulması təhlükəsi yarandıqda, habelə aldatmanın qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı sertifikatları (diplomları) geri götürə, ləğv edə və ya onların qüvvədə olmasını dayandıra bilər.
44.5. Təsdiqlənmiş sertifikatın (diplomun) qüvvədəolma müddəti bitdikdə, o geri götürüldükdə, ləğv edildikdə, yaxud qüvvədəolma müddəti dayandırıldıqda bu Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuş təsdiqnamə qüvvəsini itirir.
Dostları ilə paylaş: |