Maddə 52. Gəmi kapitanının təcili tibbi yardım göstərmək vəzifəsi
52.1. Gəminin dənizdə olma müddətində gəmidə olan şəxsin göstərilməsi mümkün olmayan təcili tibbi yardıma ehtiyacı varsa, gəmi kapitanı gəmi sahibinə xəbər verməklə yaxındakı limana daxil olmağa və ya həmin şəxsi yaxındakı limana çatdırmaq üçün tədbirlər görməyə borcludur.
52.2. Gəmi xarici limana daxil olduqda və ya həmin şəxs xarici limana çatdırıldıqda gəmi kapitanı Azərbaycan Respublikasının səfirliyini və ya konsulluq idarəsini bu barədə məlumatlandırmalıdır.
Maddə 53. Hərbi əməliyyat halında və hərbi təhlükə olan digər hallarda gəmi kapitanının vəzifəsi
Gəminin səfərə çıxma və ya təyinat limanlarının yerləşdikləri rayonda, gəminin keçəcəyi rayonda hərbi əməliyyatlar aparıldıqda, habelə hərbi təhlükə olan digər hallarda gəmi kapitanı gəminin, gəmidə olan insanların, sənədlərin, yüklərin və digər əmlakın məhv olunmasının, zədələnməsinin və zəbt olunmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə borcludur.
Dostları ilə paylaş: |