Maddə 63. Gəmilərə nəzarət
63.1. Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas göstəricilərinin gəmi sənədlərinə uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini və ticarət gəmiçiliyi sahəsində beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
63.2. Gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər əsas olduqda, habelə gəminin istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı gəmini yoxlaya bilər.
63.3. Gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər.
63.4. Azərbaycan Respublikasının dəniz limanlarına daxil olan, xarici bayraqlar altında üzən gəmilərin son üç təqvim ili ərzində hesablanmış orta illik sayının ən azı iyirmi beş faizi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq nəzarət yoxlamasından keçirilməlidir.
63.5. Gəminin təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq müddət keçdikdə qaz və kimyəvi maddələr daşıyan tankerlər, 12 ildən artıq müddət keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən artıq müddət keçdikdə sərnişin gəmiləri, eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 ildən artıq müddət keçdikdə neft tankerləri bu Məcəllənin 63.4-cü maddəsində qeyd edilən əsasnamədə nəzərdə tutulmuş qaydada geniş nəzarət yoxlamasından keçirilməlidirlər.
Dostları ilə paylaş: |