Maddə 94. Gəminin dəyişdirilməsi
Əgər yük müəyyən gəmidə daşınmalıdırsa, yükün digər gəmiyə vurulması, yükvurma əməliyyatı başlandıqdan sonra yaranan texniki zərurət nəticəsində yükün yenidən vurulması halları istisna olmaqla, yalnız fraxtedənin və ya yükgöndərənin razılığı əsasında həyata keçirilə bilər.
Maddə 95. Yükvurma limanı və yeri
95.1. Daşıyıcı gəmini çarterdə göstərilmiş və ya çarterin şərtlərinə uyğun olaraq fraxtedənin göstərdiyi dəniz limanına verməlidir. Fraxtedən təhlükəsiz yükvurma limanını göstərməyə borcludur.
95.2. Fraxtedən yükvurma limanını göstərmədikdə, düzgün göstərmədikdə və ya təhlükəsiz olmayan yükvurma limanını göstərdikdə, daşıyıcı dənizlə yük daşınması müqaviləsinin icrasından imtina edə və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
95.3. Yük çarter üzrə daşındıqda daşıyıcı gəmini fraxtedənin göstərdiyi yükvurma yerinə verməyə borcludur. Yükvurma yeri yükvurma üçün təhlükəsiz və yararlı olmalıdır.
95.4. Xətti daşımalar həyata keçirildikdə yükvurma yerini daşıyıcı müəyyən edir.
Dostları ilə paylaş: |