35. Gənclik dövründə şəxsiyyətin inkişafı Plan: 1. Əxlaqi saflıq mühüm sosial keyfiyyət kimi
2. Mənəvi zənginlik mühüm sosial keyfiyyət kimi
3. Vahidlik, fəallıq və orjinallıq mühüm keyfiyyət kimi
4. Gənclik dövründə mənlik və əxlaqi şüurun inkişafı
Gənclik dövründə şəxsiyyətin bir sıra sosial-psixoloji keyfiyyətləri nəzərə çarpır və sürətlə formalaşır. Gənclər formalaşdıqca məqsədi tam dərk edir və ona nail olmağa cəhd göstərir. Bu zaman şagirdə qayğı göstərmək, onu istiqamətləndirmək, onun tərbiyəsi ilə ciddi məşğul olmaq daha vacib məsələlərdəndir.
Gənclik dövründə şəxsiyyəti səciyyələndirən əsas sosial keyfiyyətlərdən biri əxlaqi saflıqdır. Əxlaqi saflıq gənclərin şəxsiyyətini yalnız öz işinə, əməlinə görə yox, həm də insanlara münasibətinə, qayğıkeşliyinə, həssaslığına görə səciyyələndirir. Əxlaqi saflıq şagirdlərin humanistlində, məsuliyyətində, qrupa münasibətində özünü büruzə verir və bir növ, onu idarə edən keyfiyyətə çevrilir.
Bu dövrdə gənclərdə təşəkkül tapıb formalaşan sosial keyfiyyətlərdən biri də mənəvi zənginlikdir. Mənəvi zənginlik hərtərəfli, ahəngdar inkişaf etmiş gəncin mühüm xüsusiyyətidir. Məktəbli şəxsiyyəti mənəvi cəhətdən zənginləşərkən həm də onlarda biliklərə, elmə, incəsənətə yiyələnmək üçün tələbat və maraq əmələ gəlir. Mənəvi zənginlik şagirdlərdə yaradıcılıq qabiliyyətini də inkişaf etdirir.
Gənclərdə formalaşan və tərbiyə olunmağa ehtiyac hiss edilən keyfiyyətlərdən biri də şəxsiyyətin vahidliyidir. Vahidlik, bütövlük gəncləri şəxsiyyət nöqteyi-nəzərindən səciyyələndirir. Sözü ilə işi arasında vahidlik olduqda, şagirdlərdə ikiüzlülük, tərəddüd halları olmur, onlar söz verdiyi, öhdəsinə götürdüyü işi mütləq yerinə yetirmək əzmində olurlar.
Gənclərin mühüm keyfiyyətlərindən biri də fəallıqdır. Fəallıq şəxsiyyətin ideallığında, əxlaqi saflığında, mənəvi zənginliyində, münasibətlər sistemində ifadə olunur. Fəal şagird məhsuldar, yaradıcı fəaliyyət göstərir, özünün işgüzarlığı, qüvvə və qabiliyyəti ilə fərqlənir.
Gəncləri səciyyələndirən mühüm sosial keyfiyyətlərdən biri də orjinallıqdır. Belə keyfiyyət şəxsi məna kəsb etdikdə şagird özünün davranışında, həyati məsələlərin həllində özünəməxsus xüsusiyyətləri nümayiş etdirir. Orjinallığa yiyələnmiş şagirdlərin özünəməxsus həyat yolu, amalı olur. Məktəbdə ayrı-ayrı bilik sahələrinə yiyələnib onları praktikada tətbiq edən gəncdə bu və ya digər yeni keyfiyyətlər tərbiyə olunur. Xüsusilə humanitar fənlərdə ayrı-ayrı mövzularla bağlı qəhrəmanlıq səhnələri, orada təsvir olunan şəxslərin nümunəvi fəaliyyəti gənclər üçün məktəb olur.
Gənclərin sosial-psixoloji keyfiyyətlərinin formalaşmasında yaş və fərdi xüsusiyyətlərin, idrak imkanların,siyasi-mədəni işlərin, kütləvitədbirlərin, texniki vasitələrintərbiyəedici təsirləri daha çoxdur. Belə ki, gənclər mədəni-kütləvi informasiyaların vasitəsilə dünyada baş verən siyasi hadisələrə, dövrü mətbuata maraq göstərirlər və aldıqları məlumatlar onların formalaşmasında mühüm rol oynayır. Amma bəzən kütləvi informasiyalar əxlaqi normalara zidd, etik qaydaları gözləməyən məzmuna malik olur. Gəncləri neqativ hallardan qorumaq məqsədilə televiziya, radio ilə elə məlumatlar verilməlidir ki, onlar yetişməkdə olan gənc nəsildə müsbət keyfiyyətləri tərbiyə edib formalaşdırsın.
Gənclik dövründə özünüdərketmə meylinin daha sürətli inkişafı nəzərə çarpır. Gənclər özünüdərketmənin inkişafı sayəsində öz şəxsiyyətini, qabiliyyətini, mənəvi keyfiyyətlərini, özünü daha yaxşı anlamağa başlayır. Gənclik dövründə bir çox hallarda yüksək özünəhörmət hissi müşahidə olunur. Belə ki, gənclər bu dövrdə çox zaman öz imkan və qabiliyyətlərini yüksək qiymətləndirir, bu sahədə iddia səviyyələri yüksək olur. Bu dövrdə gəncin mənlik şüurunun məzmunu, özü haqqında təsəvvürü dəyişir. İlk gənclik dövründə oğlan və qızların özlərinə verdikləri qiymət və başqalarının onları qiymətləndirməsi gənclərdə şəxsi ləyaqət, özünəhörmət hissini formalaşdırıb inkişaf etdirir. Gəncləri səciyyələndirən xüsusiyyətlərdən biri də cinsi əlamət və keyfiyyətlərin dərk edilməsidir. Qızlarda qadınlıq, oğlanlarda kişilik etalonları gənclik yaşında sabitləşib şəxsi keyfiyyətə çevrilir. Bəzi ailələrdə oğlan və qızların tərbiyəsində müəyyən qüsurlara yol verilir. Belə ki, qızı oğlan kimi tərbiyə edirlər. Xüsusilə ana olmayan ailələrdə belə hallar daha çox müşahidə olunur.
Gənclərdə mənlik şüurunun formalaşması ilə yanaşı əxlaqi şüur da inkişaf edir. Burada əxlaqi dünyagörüşünün formalaşması əsaslı rol oynayır. Gənclər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazökarlıq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər. Bu yaşda ünsiyyət prosesinin əsas tərbiyəvi cəhəti daha çox nəzərə çarpır. Bu prosesdə gənclərdə şəxsiyyətlərarası münasibətlər, dostluq və yoldaşlıq münasibətləri formalaşır.