4. Tərbiyəvi təsirlərin psixoloji cəhətdən əsaslandırılması Plan: 1. Tərbiyəvi təsirlərin mahiyyəti
2. Konkret adama münasibətdə məna maneəsi
3. Konkret tələbə münasibətdə məna maneəsi
4. Əxlaqi söhbətlər tərbiyəvi işlərin mühüm yollarından biri kimi
Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçirməsi üçün psixoloji cəhətdən zəruri olan cəhətlərdən biri tərbiyəvi təsirlərin düzgün seçilməsindən ibarətdir. Tərbiyəvi təsirlərin düzgün seçilməməsi şagirdin davranışındakı qüsurların daha dərin köklər salmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq lazımdır ki, tərbiyəvi üsul və formalarından həmişə şablon halında istifadə etmək mümkün deyildir. Psixoloqlar hesab edirlər ki, tərbiyəvi üsulları tətbiq edərkən aşağıdakı cəhətlər hökmən nəzərə alınmalıdır.
1.Tərbiyə olunan şagirdin yaş və fərdi xüsusiyyətləri.
2.Şagirdin daxil olduğu kollektivin xüsusiyyətləri.
3.Tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait.
Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq edilən tərbiyəvi tədbir öz bəhrəsini verir. Lakin məktəb təcrübəsi göstərir ki, tərbiyəçilər, müəllimlər bütün hallarda tərbiyəvi tədbirlərdən müvafiq şəkildə istifadə edə bilmirlər. Bu mənada tərbiyəvi təsirin müvəffəqiyyəti şagirdin onu necə başa düşməsindən də asılıdır. Psixoloqlar belə bir cəhəti aşkara çıxarmışlar ki, tərbiyəvi tədbirin tətbiqi zamanı müəllim və tərbiyəçilər bir məna, şagird isə tamamilə başqa bir məna görür. Yaşlılarla uşaqlar arasında baş verən bu cür anlaşılmazlıq psixologiyada “məna maneəsi” adlanır. Bu cür məna maneəsinin yaranması tərbiyəvi tədbirin təsir gücünü zəiflədir. Müəllim və valideynlər məna maneəsi ilə məktəbəqədər və kiçik məktəb yaşı dövründə rastlaşa bilirlər. Yeniyetməlik dövründə məna maneəsi daha tez yaranır və çətinliklə aradan qaldırılır. Məna maneələri onunla xarakterizə olunur ki, sanki uşaq böyüklərin dediklərini eşitmir. Əslində isə uşaq ona deyilən sözü yaxşı eşidir, hətta onu təkrar da edə bilir, lakin həmin sözün mənasını qavramır. Psixoloqlar müəyyən etmişlər ki, məna maneəsi iki münasibətdə özünü göstərə bilir.