10. Diqqət Plan: 1. İnsanın fəaliyyətində diqqətin rolu
2. Diqqətin əsas funksiyaları
3. Diqqətin fizioloji əsası (İ.İ.Pavlova görə)
4. Diqqətin fizioloji əsası (A.A.Uxtomskiyə görə)
5. Diqqətin növləri
6. Diqqətin əsas xüsusiyyətləri
Diqqət-psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsindən ibarətdir. Diqqətin əmələ gəlməsi üçün ilk növbədə obyekti ayırd etmək, onun üzərində mərkəzləşmək lazımdır. İnsanın bütün fəaliyyət sahəsində diqqətin böyük əhəmiyyəti vardır. Əgər diqqət olmasaydı heç bir bilik əldə edilməzdi. Məhz elə buna görə də K.D.Uşinski deyirdi: “Diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq oradan daxil olur. Ona görə də, şagirdləri həmin qapını açıq saxlamağa alışdırmaq lazımdır.” Şagirdlərin diqqətli olmalarını təmin etmək müəllimin ən mühüm vəzifələrindən biri sayılır.
Diqqət idrak proseslərindən fərqlənir. Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət cisim və hadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir.
Diqqəti mürəkkəb psixi hadisə kimi xarakterizə edərkən onun bir sıra funksiyalarını ayırd etmək lazımdır. Diqqətin üç funksiyası vardır.
1.Diqqətin seçmək funksiyası. Bu zaman biz mövcud fəaliyyətə uyğun gələn təsirləri seçirik, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət vermirik.
2.Diqqətin saxlanması funksiyası. Bu zaman biz idrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyətimizi həmin obyekt üzərində mərkəzləşdiririk.
3.Diqqətin nəzarət etmək funksiyası. Bu saman biz fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edirik.
Psixoloji ədəbiyyatda xüsusi olaraq qeyd edilən bu funksiyalar iki mühüm nəticə çıxarmağa imkan verir. Birincisi, diqqət mürəkkəb psixi proses kimi bütün psixi hadisələrə nüfuz edir, onların səmərəli olmasını şərtləndirir. İkincisi, diqqət idrak proseslərinin mahiyyətini düzgün başa düşməyə, onları məqsədəuyğun surətdə təşkil etməyə imkan verir.
Diqqətin gərginliyi müəyyən xarici ifadələrə malik olur. Gərgin diqqət zamanı orqanizm müəyyən uyğunlaşma vəziyyəti alır. Gərgin diqqət zamanı artıq hərəkətlər dayandırılır, tam sakitlik halı yaradılır. Deməli, insanın diqqəti onun fəaliyyətinin strukturu ilə təyin edilir, həmin fəaliyyətin gedişini əks etdirir və ona nəzarət mexanizmi kimi xidmət edir.