6. Uşaq psixologiyasının inkişafında bioloji və sosioloji nəzəriyyə tərəfdarlarının xidmətləri
7. Uşağın ontogenezdə inkişafın mərhələləri
Uşaq psixologiyasının müstəqil bir elm kimi yaranması uzunmüddətli prosesdir. XVII əsrdən başlayaraq dünya psixoloji fikrində mütərəqqi ideyalar genişlənməyə başlamışdır. Böyük çex pedaqoqu Y.A.Komonskinin nəzəriyyələrində yaş dövrləri, uşağın inkişafının xüsusiyyətləri və s. haqqında qiymətli ideyalar diqqəti cəlb edir. Onun “Ana qucağı məktəbi” adlı əsəri məhz uşaq aləminə aid olması çox dəyərli elmi əsər kimi qiymətləndirilə bilər. XVIII əsrdə Rusiyada bir çox mütəfəkkirlərin əsərlərində psixikanın inkişaf xüsusiyyətləri, uşaq psixikasının yaşlı adamın psixikasından əsaslı şəkildə fərqli cəhətlərə malik olması haqqında fikirlərə rast gəlmək mümkündür.
Uşaq psixologiyasının inkişafında böyük xidmətləri olan və zəngin irs qoyan dünya şöhrətli alimlərdən biri rus pedaqoq və psixoloqu K.D.Uşinskidir. Onun tədqiqatlarının böyük bir hissəsi uşağın psixikasının öyrənilməsinə həsr edilmişdir. O, insanın bitkin psixoloji konsepsiyasını yaratmağa cəhd göstərmiş, təlim fəaliyyətində psixi proseslərin əhəmiyyətini elmi cəhətdən əsaslandırmışdır.
Uşaq psixologiyası sahəsində yazılmış ilk əsər alman fizioloqu V.Preyerin “Uşağın ruhu” adlı əsərdir. O, bu əsəri ilə uşaqların psixi inkişafının öyrənilməsi sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Uşaqların öyrənilməsində yeni mərhələyə cığır açan bu əsər uzunmüddətli müşahidələrə əsaslanırdı. V.Preyer öz fikirlərində genetik imkanlara üstünlük verirdi.
ABŞ-da təhsil sisteminin yenidən qurulması sahəsində tədqiqatların genişləndiyi XIX əsrin sonu, XX əsrin əvvəllərində alman psixoloqu Vundtun ilk amerikalı tələbəsi Xoll öz ölkəsində uşaq psixologiyası sahəsində tədqiqatlara başladı. O, belə hesab edirdi ki, hər bir uşaq cəmiyyətin tarixi inkişaf mərhələsini təkrarlayır. Bu mənada o, təkrarlama ideyasını irəli sürmüşdür.
Uşaq psixologiyasının inkişafında xüsusi xidmətləri olan psixoloqlardan biri alman psixoloqu K.Bülerdir. O, öz əsərlərində uşaqlarda qavrayışın, fantaziyanın, təfəkkür və nitqin inkişafına xüsusi diqqət yetirmiş, müxtəlif yaş mərhələlərində bu proseslərin xüsusiyyətlərini vermiş, uşaq oyunlarının xarakterini açmışdır.
XIX əsrin sonu, XX əsrin əvvəllərində insanın həyatında sosial hadisələrə maraq genişlənməyə başladı. Sosioloji nəzəriyyənin tərəfdarları sırasında fransız sosioloqları H.Tard, Ş.Blondelin, İsveçrə psixoloqu J.Piajenin adlarını çəkmək olar. Psixikanın inkişafında bioloji və sosial amillərin qarşılıqlı münasibətləri məsələləri ilə maraqlanan fransız psixoloqu P.Jane belə hesab edirdi ki, insanın psixikası sosial cəhətdən şərtlənmişdir. O, uşağın psixi inkişafının dörd səviyyəsini fərqləndirirdi.