İntellektual davranış da genetik cəhətdən instinktiv və fərdi qazanılmış davranış formaları ilə bilavasitə bağlıdır. Bu cəhəti nəzərə almadan intellektual davranışı başa düşmək olmaz. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil edir. Heyvan iki cisim arasındakı əlaqəni tapdığına görə həmin davranış formasını intellektual davranış kimi xarakterizə edirlər. İ.P.Pavlovun meymun üzərində apardığı təcrübələr bu sahədə klassik təcrübələr hesab olunur.
Qeyd etmək lazımdır ki, instinktiv davranış heyvanların əsas davranış formasıdır. Heyvanlar fərdi qazanılmış davranış formalarından və intellektual davranış formalarından zəruri hallarda istifadə edirlər.
Psixikanın ən yüksək səviyyəsini şüur təşkil edir. Şüur da psixika kimi beynin funksiyasıdır. Şüurobyektiv aləmin ideal inikasıdır. Yəni əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə, ideal surətdə mövcud olur. Şüur fərdin həyat yolunun təkraredilməz əlamətlərini, tərbiyəsinin xüsusiyyətlərini, ona olan müxtəlif təsirləri ifadə edir. Fərdivə ictimaişüur vardır.
Fərdi şüur-cəmiyyətdə yaşayan hər bir şəxsin şüurudur. Fərdi şüurun özünəməxsus xüsusiyyətləri vardır. Fərdi şüur insanın doğulması və ölümü ilə birlikdə doğulur və ölüb gedir. Fərdi şüur ailənin, dostların, tanışların və şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri və s. kimi amillərin də təsiri altında olur.
İctimai şüur-cəmiyyətdə formalaşan təsəvvürlər, baxışlar, ideyalar sistemidir. İctimai şüur müxtəlif formalarda-fəlsəfə, əxlaq, incəsənət, din və s. formalarda meydana çıxır. İctimai varlığı əks etdirib, ona fəal təsir göstərən bu formalardan hər birinin öz inikas formaları vardır və hər biri insanlara özünəməxsus şəkildə təsir göstərir.
Fərdi şüurla ictimai şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, qarşılıqlı surətdə bir-birini zənginləşdirir. Hər bir insan bütün həyatı boyu başqa insanlarla münasibətləri vasitəsilə, təlim, tərbiyə yolu ilə ictimai şüur normalarını mənimsəyir.