30. Yeniyetmələrdə yaşlılıq hissinin formalaşması Plan: 1. Yeniyetmələrdə yaşlılıq hissi haqqında ilk təsəvvürlər
2. Yeniyetmənin yaşlılarla münasibətlərinə yaşlılıq hissinin təsiri
3. Yeniyetmə ilə yaşlılar arasındakı münasibətlərin təzahür formaları
Yeniyetməlik dövründə uşaqların davranış və rəftarlarında əvvəlki yaş dövründə müşahidə edilməyən yeni xüsusiyyətlər özünü göstərməyə başlayır. Bütün bunlar yeniyetmənin şəxsiyyətini kiçik məktəblinin şəxsiyyətindən fərqləndirir. Hələ yeniyetməliyin əvvəlində o qədər də fərqlənməyən uşaq sanki birdən-birə dəyişir, yaşlılaşır. Bu cür dəyişmə çox vaxt böyüklər üçün gözlənilməz olur. Yeniyetmə özünü uşaq deyil, yaşlı hesab edir və onda belə bir tələbat yaranır ki, ətrafdakı adamlar ona kiçik uşaq kimi deyil, yaşlı adam kimi yanaşsınlar. Bu spesifik törəməni, adətən yaşlılıq hissi adlandırırlar.
Yaşlılıq hissinin yaranmasında uşağın öz fiziki inkişafında müşahidə etdiyi dəyişikliklər böyük rol oynayır. Yaşlılıq hissi elə bir şəraitdə yarana bilər ki, uşaq bu vaxt hələ faktiki olaraq yeniyetməlik yaşına çatmamış olsun. Yaşlılıq hissinin yaranmasında uşağın iştirak etdiyi müxtəlif yaşlı uşaqlardan ibarət qeyri-formal qrupun da müəyyən rolu vardır. Uşaqda onun yaşlılaşması haqda təsəvvür o vaxt meydana gəlir ki, o, özü ilə yaşlı arasında müəyyən oxşarlıq olmasını müəyyən edir. Bu oxşarlıq bilik, bacarıq və vərdişlərdə, cəsarətdə, gücdə, boyda və s. özünü göstərə bilər. Adətən yeniyetmə, yaşlı ilə özünü müqayisə üçün elə cəhətləri seçir ki, həmin cəhətlər onda daha çox üstünlük təşkil edir. Bununla da yeniyetmə özünün yaşlı adamdan xeyli üstün olmasını sübut etməyə çalışır. Yeniyetmələrin bu cür mövqeyindən yaşlıların heç də həmişə xoşu gəlmir. Əlbəttə, belə hala qarşı yaşlılar mənfi reaksiya verməməlidirlər, çünki yeniyetmənin bu cür hərəkəti sadəcə olaraq öz statusunu qəbul etdirmək məqsədi daşıyır.
Yeniyetmədə yaşlılıq hissinin meydana gəlməsi onunla nəticələnir ki, o, uşaqlar üçün mövcud olan norma və qaydalardan yaşlılar üçün olan norma və qaydaların mənimsənilməsinə keçir. Bununla da, yeniyetmə özünün bütün rəftar və davranışlarında yaşlılara oxşamağa, onların hüquq və vəzifələrini mənimsəməyə çalışır.
Yeniyetmələrdə yaşlılıq hissinin meydana gəlməsi onun yaşlılarla olan münasibətində də müəyyən dəyişikliklərin təzahürünə səbəb olur. Uşaqlıq dövründə formalaşan böyüklərlə qarşılıqlı münasibət formaları artıq yeniyetməni təmin etmir. O, tamamilə yeni qarşılıqlı münasibət formasına keçməyə can atır. Təcrübə göstərir ki, yaşlılar yeniyetməyə əvvəlki münasibət tərzlərini dəyişdirmirlərsə, onda onlar arasında narazılıqlar, ziddiyyətlər və münaqişə baş verir. Ona görə də valideyn və müəllimlər yadda saxlamalıdırlar ki, onların uşağa bu cür münasibəti, onun ümumi tərbiyəsinə mənfi təsir göstərir. Yaşlılar uşaqla böyüklərlə olduğu kimi rəftar etdikdə yeniyetmənin təlim-tərbiyəsi prosesində heç bir çətinlik özünü büruzə vermir. Bu cür davranış formasının ilk təşəbbüskarı yaşlılar olmalıdır. Belə olduqda valideyn və müəllimlər uşaqlarda yaşlılığın inkişafına rəhbərlik və nəzarət etmək imkanına yiyələnirlər. Əgər yaşlılar uşağa köhnə münasibəti dəyişdirmirsə, hadisələrin sonrakı gedişində bilavasitə yeniyetmənin özü münasibətlərin yeni tipdə olmasına cəhd göstərir. Burada müxtəlif hallar özünü büruzə verir.
1.Öz hüquq və vəzifələrinin daim sıxışdırıldığını hiss edən yeniyetmə yaşlıların qadağan, göstəriş və tələblərini yerinə yetirməmək üçün müxtəlif yollar axtarır, yalan danışır, hiyləgərlik edir, bir sözlə, öz hərəkətlərinə haqq qazandırmaq istəyir. Yeniyetmə onların hər cür rəy, tələb və sözlərinin mahiyyətinə varmadan dərhal rədd edir. Əlbəttə, valideynlər üçün bundan dəhşətli heç nə yoxdur. Onlar yeniyetmənin rəftar və davranışını idarə etməkdə tamamilə aciz qalırlar.
2.Yaşlılar yeniyetmənin təzyiqi altında əvvəl icazə vermədiklərinə indi icazə verirlər. Lakin yaşlı bu cür hərəkətində heç də ardıcıllıq göstərmir. Qeyd etməliyik ki, hadisələrin bu cür gedişi heç də xoşagələn deyildir. Burada bəlalı cəhət ondadır ki, nə yaşlı, nə də yeniyetmə “nəyi etmək olar, nəyi olmaz” məsələsini dəqiq düşünmək istəmir.
3.Yaşlılar zaman keçdikcə yeniyetməni daha uşaq hesab etmir, bir növ onunla hesablaşır və davranış tərzlərini də müvafiq surətdə dəyişirlər. Belə olduqda çətinliklər azalır və demək olar ki, müəyyən müddətdən sonra tamamilə aradan qalxır. Yaşlılarla yeniyetmə arasında ziddiyyətin baş verməməsi üçün valideyn və müəllimlər yeniyetmənin şəxsiyyətinə, onun mənliyinə, şəxsi ləyaqətinə hörmət hissi ilə yanaşmağı bacarmalıdırlar.
Çalışmaq lazımdır ki, yeniyetmə evdə müxtəlif işlərin icrasında yaşlıların ən yaxın köməkçisi olsun. Bu cür ünsiyyət şəraitində yeniyetmə yaşlılıq hissinə daha tez yiyələnir. Nəticədə, qarşılıqlı etimad şəraitində yeniyetmə ilə yaşlılar arasında heç bir ziddiyyətə yer qalmır. Qarşılıqlı münasibətlər o vaxt səmərəli inkişaf edir ki, yaşlı yeniyetməni özünün ən yaxın dostu hesab edib, onun bütün işlərinin bilavasitə iştirakçısı olur.