1.Müşahidə metodunun köməyilə pedaqoji prosesdə baş verən bir çox psixi hadisələrin xüsusiyyətlərini aşkara çıxarmaq mümkündür. Məsələn, təlimin səmərəliliyinə, yaddasaxlamanın məhsuldarlığına təsir edən bir sıra amilləri müşahidələr əsasında müəyyənləşdirmək olar. Adətən, nəyin müşahidə ediləcəyi qabaqcadan müəyyənləşdirilir və həmin hadisənin təzahür xüsusiyyətləri izlənilir. Müşahidə metodu vasitəsilə şagirdlərin davranışı, rəftarı, yoldaşları ilə qarşılıqlı münasibəti, ayrı-ayrı fənlərə münasibəti aşkara çıxarılır. Pedaqoji psixologiya sahəsində aparılan tədqiqatlar üçün müşahidənin rolu olduqca böyükdür.
2.Eksperiment metodu olduqca əlverişli, dəqiq və fəal tədqiqat metodudur. Pedaqoji psixologiyada istifadə olunan eksperiment metodu təbii və laborator olmaqla iki yerə ayrılır.
a.Təbii eksperiment ilk dəfə rus psixoloqu A.F.Lazurski tərəfindən tətbiq olunmuşdur. Təbii eksperimentdə bir növ müşahidə ilə eksperimentin xüsusiyyətləri birləşir. Bu zaman psixi hadisələr təbii şəraitdə öyrənilir, lakin müşahidədən fərqli olaraq burada psixi hadisələrin gedişinə müdaxilə olunur. Bu zaman müdaxilənin özü təbii vəziyyət dairəsində həyata keçirilir.
b.Laborator eksperiment isə xüsusi laboratoriyada aparılır və burada müxtəlif cihazlardan istifadə etməklə şagirdlərin psixoloji xüsusiyyətləri, eləcə də təlim və tərbiyənin psixoloji qanunauyğunluqları aşkara çıxarılır.
3.Müsahibə metodu müşahidə və eksperimentin nəticələrini tamamlamağa xidmət edir. Tədqiqatçı qarşıya qoyduğu məqsəddən asılı olaraq suallar müəyyənləşdirir və həmin sualların köməyi ilə məsələnin mahiyyətini açmağa çalışır. Müsahibənin köməyi ilə şagirdin yaşayışı, dünyagörüşü və əqidəsi, maraq və meylləri, keçdiyi həyat yolu və gələcək həyata baxışı aşkara çıxarılır. Müsahibə zamanı aparılan sorğu-sual səmimi və təbii olmalıdır.
4.Sosiometrik metodu pedaqoji kollektivdə insanlar arasında qarşılıqlı münasibətləri aşkara çıxarmaq məqsədilə istifadə olunur. Bu metodun köməyi ilə kollektivin istiqaməti, kollektivdə şəxsiyyətlərarası münasibətlər, kollektivdə kiçik qrupların vəziyyəti müəyyənləşdirilir.