1.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə görə məktəbdə psixoloji xidmətə “məktəb” sisteminin tərkib hissəsi kimi baxmaq lazımdır. Burada əsas komponent məqsəd və nəticədən ibarətdir.
2.Tamlıq prinsipi. Bu prinsipə görə psixoloji xidmət bir tam sistem olan tədris müəssisəsinə yönəlməli və şagirdlərin əksəriyyətini əhatə etməlidir. Bu o deməkdir ki, psixoloji xidmət məktəbdə oxuyan şagirdlərin tam əksəriyyətini əhatə etməlidir.
3.Peşə-pedaqoji fəallıq prinsipi. Bu prinsipə görə məktəb müəllimləri məktəbə psixoloji xidmətin həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman müəllimin üzərinə şagirdlərlə fərdi psixoloji-pedaqoji iş aparmaq vəzifəsi düşür və müəllimdən yüksək peşəkarlıq tələb olunur.
4.Kifayət qədər məhdudluq prinsipi. Bu prinsipə görə məktəbdə şagirdlərin bir şəxsiyyət kimi öyrənilməsinin sistemi yaradılmalıdır. Bu prinsip diaqnostik metodikanı seçməklə bağlıdır. Seçilmiş metodika vaxta qənaət baxımından olduqca qısa və tam olmalıdır ki, diaqnostik işi həyata keçirməyə imkan versin.
5.Qarşılıqlı əlaqə prinsipi. Bu prinsipə görə psixoloq, müəllim və məktəb rəhbərlərinin fəaliyyəti təkcə onların fəallıq dərəcəsi ilə məhdudlaşmamalı, onların qarşılıqlı əlaqəsinə yer verilməlidir.
6.İnkişaf prinsipi. Bu prinsip mərkəzi sistemyaradıcı komponentdir. Burada əqli inkişafa daha çox üstünlük verilir.
Mövcud psixoloji ədəbiyyatda qeyd olunan prinsipləri əsas götürməklə məktəbdə psixoloji xidmətin aşağıdakı mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar.
1.Psixodiaoqnostik metodların köməyi ilə imkan daxilində məktəbin bütün şagirdləri yoxlamadan keçirilir. Bu cür diaqnostikanın aparılmasını direktorun müavinlərindən biri təşkil edir.
2.Məktəbin müəllimləri üçün psixoloji-pedaqoji seminarlar keçirilir. Bu seminarların məqsədi müəllimləri aparılacaq işlərlə, şagirdlərin hansı cəhətlərini öyrənməklə tanış etməkdir.
3.Diaqnostik işlər başa çatdıqdan sonra əldə edilmiş nəticələrin işlənməsi həyata keçirilir. Hər bir şagird haqqında məlumat sinfin xüsusi psixoloji xəritəsində qeyd olunur. Psixoloji xəritələr adətən psixologiya kabinetində saxlanılır.
4.Əldə edilmiş nəticələrin psixoloq və müəllimlər tərəfindən birgə təhlili mərhələsi başlayır. Bütün siniflər üzrə fərdi qrafik tərtib olunur. Sinif rəhbəri psixoloqun köməyi ilə sinifdəki psixoloji iqlimi müəyyənləşdirir və fərdi yanaşmanın taktikasını işləyib hazırlayır.