Müvazinət duyğusu. Bu cür duyğular bədənin fəzadakı vəziyyətini əks etdirir. O, bədənin hərəkət istiqamətini, hərəkətlərin əlaqələndirilməsini təmin edir. Məsələn, paraşütlə tullanarkən, suda üzərkən, təyyarədə uçarkən, bu duyğular mühüm rol oynayır. Müvazinət duyğusu bədənin digər üzvləri ilə sıx əlaqədardır. Kəskin qıcıqlandırıcılar nəticəsində müvazinətin pozulması baş verir. Lakin sistemli məşq nəticəsində bədən üzvləri bu vəziyyətə alışır.
Hərəkət duyğuları. Bu cür duyğular bədənin vəziyyətini və ya hərəkətini əks etdirir. Hərəkət duyğularının reseptorları əzələlərdə, oynaqlarda, vətərlərdə yerləşir. Hərəkət duyğuları ətraf üzvlərin vəziyyətini, hərəkətini, əzələlərin gərilmə dərəcəsini əks etdirir.
Əlbəttə, duyğuların növləri çoxdur. İnsanın həyat fəaliyyətində onlar mühüm rol oynayır. Duyğuların hər biri müxtəlif informasiyalar gətirir və bununla da gerçəkliyi ətraflı dərk etməsini, ona fəal münasibət bəsləməsini təmin edir. Duyğuların müvafiq inkişaf səviyyəsində olması təlim fəaliyyətinin müvəffəqiyyəti üçün zəruridir.
Duyğuların ümumi qanunauyğunluqları. Duyğular üçün ümumi olan xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir.
1.Keyfiyyət-mövcud duyğunu başqa duyğu növündən fərqləndirən xüsusiyyətdir.
2.İntensivlik-duyğuların kəmiyyət xarakteristikası olub, təsir edən qıcıqlandırıcıların qüvvəsi və reseptorun vəziyyəti ilə müəyyən olunur.
3.Davamlılıq-duyğuların zaman xarakteristikası olub, hiss üzvlərinin vəziyyəti ilə müəyyən edilir.
4.Məkan lokallığı-qıcıqlandırıcıların məkandakı yeri haqqında məlumat verir.
Duyğunun əmələ gəlməsi üçün qıcıq müəyyən kəmiyyətə malik olmalıdır. Çünki hər cür qıcıqlayıcı duyğu əmələ gətirə bilmir. Məsələn, biz uzaq ulduzlardan gələn işığı görmürük, yaxud dərimizə toxunan tozları hiss etmirik. Qıcıqlayıcının ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyəti duyğunun aşağı mütləq həddi adlanır. Ən zəif qıcıqlayıcını duyma qabiliyyəti mütləq həssaslıq adlanır. Adətən analizatorların həssaslığı yaşayış şəraitinin tələblərinə, fəaliyyətin xarakterinə və s. görə artıb-azala bilər. Məsələn, musiqiçilərdə eşitmə, rəssamlarda görmə, dequstatorlarda iybilmə, dadbilmə həssaslığı çox yüksək olur.
Duyğunun aşağı mütləq həddi olduğu kimi yuxarı mütləq həddi də vardır. Məsələn, insan qulağı 20000 hersədək səsləri eşidə bilər, ondan yuxarı tezliyi normal duyğu kimi əks etdirmək mümkün olmur. İstər aşağı, istərsə də yuxarı mütləq hədd insan fəaliyyətinin xarakterindən və yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlayıcının qüvvəsindən və davamlılığından asılı olaraq dəyişir.
Hiss üzvlərimizin köməyi ilə biz təkcə bu və ya digər qıcıqlandırıcının olub-olmadığını qeyd etməklə kifayətlənmirik, eyni zamanda həmin qıcıqlandırıcıları qüvvəsinə və keyfiyyətinə görə bir-birindən fərqləndiririk. Eyni cinsli qıcıqların qüvvələri arasındakı fərqi biz həmişə duymuruq. Bu fərq yalnız müəyyən həddə çatdıqda onu duyuruq. Məsələn, 300 şamlıq işığa bir şam əlavə etsək işığın artmasını duymarıq, yalnız 5-6 şam əlavə etdikdə işığın artdığını duyarıq. Deməli, eyni cinsli qıcıqlandırıcıların qüvvələri arasındakı fərqə fərqləndirməhəddi deyilir. Eyni cinsli qıcıqlar arasındakı fərqi duyma qabiliyyətinə fərqləndirmə həssaslığı deyilir. Fərqləndirmə həssaslığı da bir sıra amillərin təsiri ilə artıb-azala bilər. Məsələn xalça toxuyan qızlarda rəng çalarlarına həssaslıq adi adamlarda olduğundan dəfələrlə artıq olur. Deməli, fəaliyyətin xarakterindən asılı olaraq bizim analizatorlarımızın həssaslığı dəyişə bilər.
Müəyyən qıcıqlandırıcının hər hansı bir hiss üzvünə uzun müddət təsir göstərməsi nəticəsində həssaslığın dəyişməsi, alışması, uyğunlaşması adaptasiya adlanır. Qıcıqlayıcı çox zəif olduqda həssaslıq artır, çox güclü olduqda isə həssaslıq azalır. Məsələn, işıqlı otaqdan qaranlıq otağa keçdikdə və orada bir saat qaldıqdan sonra görmə analizatorunun həssaslığı 200 min dəfə artır.
Həssaslığın artması ilə əlaqədar olaraq diqqəti cəlb edən psixi hadisələrdən biri də sensibilizasiyadır. Latınca sensibilis-hissiyyatlı deməkdir. Analizatorların qarşılıqlı təsiri və mümarisələr sayəsində həssaslığın artması sensibilizasiya adlanır. Məsələn, adama “limon kimi turş”sözünü dedikdə, onun gözünün və dilinin həssaslığının dəyişməsi faktı aşkar edilir. Belə dəyişmə dilə limon şirəsi ilə təsir edərkən müşahidə olunan dəyişmənin eyni olur. Sensibilizasiyaya mümarisə nəticəsində də nail olmaq mümkündür. Məsələn, musiqi ilə məşğul olan uşaqlarda səslərin yüksəkliyini eşitməyin necə inkişaf etdiyi məlumdur.
Həssaslığın artması ilə əlaqədar olaraq diqqəti cəlb edən digər psixi hadisə sinesteziya adlanır. Yunanca sinistesis-birgə hissetmə, eyni zamanda duyma deməkdir. Qıcıqlandırıcının bir analizatora təsiri nəticəsində başqa analizator üçün səciyyəvi olan duyğunun əmələ gəlməsi sinesteziyadır. Məsələn, səs qıcıqları eşitmə ilə yanaşı həm də görmə, yəni rəng duyğusu yaradır. Sinesteziyanın geniş yayılmasına baxmayaraq, adamların hamısı ona malik deyildir.
Hiss üzvlərinin fəaliyyətini mümarisə sayəsində daha səmərəli təşkil etmək olar. Şəxsiyyətin inkişafı üçün hər bir şəxsdə kiçik yaşlarından müxtəlif duyğu üzvlərini mümarisə etdirmək vacibdir. Hiss üzvlərini inkişaf etdirməklə uşağı erkən yaşdan estetik sərvətlərə yiyələndirmək, onu tələbat səviyyəsinə qaldırmaq olar. Deyilənlərdən aydın olur ki, həssaslığın dəyişməsi qanunauyğunluqlarını bildikdə bu və ya digər reseptorun həssaslığını artırmaq olar.