Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə24/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   20   21   22   23   24   25   26   27   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

9. Qavrayış
Plan:
1. Qavrayışın ümumi səciyyəsi
2. Qavrayışın fizioloji əsasları
3. Qavrayışın tamlığı və sabitliyi
4. Qavrayışın mənalılığı və seçiciliyi
5. Uşaqlarda qavrayışın inkişafı
6. Qavrayış pozuntuları
7. Qavrayışın növləri
Qavrayış (persepsiya)-hazırda hiss üzvlərinə bilavasitə təsir edən cisim və hadisələrin bütün xassələrinin bütövlükdə beyində inikasıdır. Qavrayış daha mürəkkəb idrak prosesidir. Onun tərkibinə duyğularla yanaşı insanın keçmiş təcrübəsi də daxildir. Qavrayış və duyğu üçün ümumi cəhət odur ki, cisim və hadisə bilavasitə hiss üzvlərinə təsir edir. Qavrayışın duyğudan fərqi ondadır ki, duyğuda bir analizator, qavrayışda isə ən azı iki analizator iştirak edir.
Müasir dövrdə qavrayış prosesi ilə bağlı iki bir-birinə zidd nəzəriyyə mövcuddur. Məlum olduğu kimi, onlardan biri geştalt (surətlər) nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları hesab edirdilər ki, insan və heyvanların sinir sistemi xarici təsirləri ayrı-ayrılıqda deyil, kompleks şəkildə qavrayırlar. Məsələn, əşyanın forması, rəngi və hərəkəti ayrı-ayrılıqda deyil, bütöv bir tam kimi qavranılır. Bu nəzəriyyənin əksinə olaraq bihevioristlər sübut edirdilər ki, yalnız sadə sensor (hissi) funksiya mövcuddur və təhlil qabiliyyəti ancaq baş beyinə xasdır. Müasir psixologiya elmi bu iki bir-birinə zidd nəzəriyyəni birləşdirməyə çalışır. Hesab edilir ki, başlanğıcda qavrayış kifayət qədər kompleks xarakter daşıyır, amma surətlərin tamlığı baş beyin qabığının təhliledici fəaliyyətinin məhsuludur.
Qavrayış da duyğular kimi reflektor prosesidir. Qavrayışın fizioloji əsasını şərti refleks təşkil edir. İ.P.Pavlov qeyd edirdi ki, qavrayışın əsasında şərti reflekslər dayanır. Qavrayış prosesində saysız-hesabsız şərti reflekslər iştirak edir. Lakin qavrayışın öz həddi vardır. Qavrayışın səmərəli olması üçün onun xüsusiyyətlərini bilmək lazımdır. Qavrayışın bir sıra xüsusiyyətləri vardır.
1.Qavrayışın tamlığı. Bu halda qavrayış sadəcə olaraq duyğuların mexaniki məcmusu kimi çıxış etmir, predmeti bütövlükdə, tam halda əks etdirir. Buna səbəb cismin bütün xassələrinin bir kompleks qıcıq kimi, eyni zamanda bir və ya bir neçə analizatora təsir göstərməsidir. Məsələn, məxmər parçaya baxdıqda onun ancaq qara olduğunu deyil, həm də yumşaq olduğunu qavrayırıq. Halbuki gözlə yumşaqlığı duymaq olmaz, yaxud, stolun üstündəki kitabı qavrayarkən, yalnız onun rəngini deyil, həm də həcmini, ölçüsünü, formasını əks etdirir. Qavrayışın tamlığı obyektiv gerçəklikdə olan cisimlərin özlərinin tamlıq xüsusiyyət ilə təyin edilir. Odur ki, hətta qavrama şəraiti dəyişilsə də qavrayış surəti özünün tamlığını itirmir.
2.Qavrayışın sabitliyi. Sabitlik xassəsi sayəsində biz ətrafdakı cisimləri sabit qavrayırıq. Məlumdur ki, cisim insandan uzaqlaşdıqca gözün torlu qişasında onun təsviri kiçilir. Lakin buna baxmayaraq həmin cismi malik olduğu böyüklükdə qavrayırıq. Sabitlik olmasaydı eyni cismi müxtəlif şəraitdə müxtəlif cür qavrayardıq. Qavrayışın sabitliyinin anadangəlmə olmadığını təsdiq etmək olar. Məsələn, sıx meşəlikdə yaşayan və əvvəllər cisimləri uzaq məsafədən görməyən adamlara uzaqda olan obyektləri göstərdikdə, onlar bu əşyaları uzaqda olan əşya kimi deyil, kiçik əşya kimi qavrayırlar. Hündür evin yuxarı mərtəbəsinin pəncərəsindən baxanda da bizə elə gəlir ki, obyektlər sanki balacadır. Deməli, sabitlik insanın həyat təcrübəsi və əməli fəaliyyəti sayəsində yaranır.
3.Qavrayışın mənalılığı. Qavrayış prosesində insanın keçmiş təcrübəsinin iştirak etməsi onun qavrayışını mənalı edir. Yəni insanlar cisim və hadisəni qavramağa cəhd etdikdə onu keçmiş həyatı müddətində əldə etdiyi təcrübəyə, biliyə görə başa düşməyə, mahiyyətini anlamağa çalışırlar. Deməli, qavrayış prosesində insanın keçmiş təcrübəsi iştirak edir və bunun sayəsində biz cismi tanıyırıq. Bu halda cismin indiki surəti keçmişdə alınmış surəti ilə üst-üstə düşür, nəticədə adam həmin cismi tanıyır. Qavrayışın mənalılığına cisimlər arasındakı əlaqə, qarşılıqlı təsir və nəhayət qavrayış zamanı müvafiq izahatın olub-olmaması təsir edə bilər.
4.Qavrayışın seçiciliyi. Seçicilik müəyyən obyektləri başqalarından ayıraraq daha aydın, aşkar surətdə əks etdirməklə əlaqədardır. Bu halda aydın qavradığımız cisim qavrayışın obyekti, yerdə qalanlar isə fon olur. Obyektlə fonun yerinin dəyişdirilməsi və ya aydın seçilməsindən praktik məqsədlər üçün istifadə olunur. Məsələn, yolda işləyənlər çəhrayı paltar geyirlər ki, boz fonda tez seçilsinlər. Yaxud, obyektin ayırd edilməsini çətinləşdirmək üçün onu fona uyğun şəkildə gizlədirlər. Qavrayışın seçiciliyi obyektivsubyektiv səbəblərdən asılıdır. Obyektiv səbəblərə qıcıqlandırıcının qüvvəsi, həcmi, rənginin parlaqlığı, yeniliyi, habelə cismi əhatə edən şəraitin qarşılıqlı təsiri aiddir. Subyektiv səbəblərə insanın qavranılan cismə bəslədiyi münasibət, qavrayış prosesində qarşıya qoyulan məqsəd, qavranılan cisim və hadisənin əhəmiyyəti, adamın tələbat və maraqları, habelə keçmiş təcrübəsi və s. daxildir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin