Qabiliyyətin növləri və formaları. Qabiliyyət mürəkkəb struktura malik psixi keyfiyyətlərdən ibarətdir. Qabiliyyətin strukturunu təşkil edən xassə və xüsusiyyətləri arasında onların bəziləri əsas, digərləri isə köməkçi rol oynayır. Məsələn, müəllimlik qabiliyyətinin əsaskeyfiyyətlərinə pedaqoji mərifət, müşahidəçilik, uşaqlara yüksək tələbkarlılıqla bağlı olan məhəbbət, təşkilatçılıq qabiliyyəti və s. aiddir. Köməkçikeyfiyyətlərə isə artistlik məharəti, natiqlik qabiliyyəti və s. aiddir. Aydın məslədir ki, müəllimlik qabiliyyətinin əsas və köməkçi keyfiyyətləri bir-biri ilə vəhdət təşkil edir. Bu da öz növbəsində müəllimin şəxsiyyəti ilə əlaqədar olaraq təlim-tərbiyənin müvəffəqiyyətlə keçməsini təmin edir.
Əgər ayrı-ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətləri müqayisə etsək, onda hər bir fəaliyyət daxilində iki növ qabiliyyət təşəkkül tapır.
1.Ümumi qabiliyyətlər 2.Xüsusi qabiliyyətlər Ümumi qabiliyyətlər dedikdə bir sıra fəaliyyət sahələrində iştirak edən, onların müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur. Ümumi qabiliyyətlər psixi proseslər əsasında formalaşır. Qavrayış, hafizə, təfəkkür, təxəyyül və s. fəaliyyət prosesində inkişaf edərək ümumi qabiliyyətlərə çevrilir.
Xüsusi qabiliyyətlər isə yalnız müəyyən fəaliyyət növünün müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir. Lüğət ehtiyatı və ifadəli dil, ədəbi yaradıcılıq, təsviri fəaliyyət, texniki yaradıcılıq, didaktiv qabiliyyətlər və s. pedaqoji fəaliyyət üçün xüsusi qabiliyyətlərdir.
Hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin olması zəruridir. Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. Qabiliyyətlərin formalaşması prosesini psixoloji cəhətdən düzgün təhlil etmək üçün bu sahədə özünü göstərən yaş xüsusiyyətlərini ətraflı öyrənmək lazımdır. İstər məktəbəqədər və kiçik məktəbli, istərsə də yeniyetməlik və erkən gənclik yaşı dövründə ümumi və xüsusi qabiliyyətlər iki istiqamətdə-makro və mikro istiqamətdə inkişaf edir. Makro inkişaf-qabiliyyətlərin müəyyən yaş dövründə qarşılıqlı əlaqədə inkişafı nəzərdə tutulur. Mikro inkişaf-ayrı-ayrı qabiliyyətlərin öz-özlüyündə inkişafı nəzərdə tutulur.
Qabiliyyətlər inkişaf dərəcəsinə görə müxtəlif formada özünü göstərir. Qabiliyyətlərin əsas formaları aşağıdakılardır.