21. Məktəbəqədər yaş dövründə diqqət və hafizənin inkişaf xüsusiyyətləri. Plan: 1. Məktəbəqədər yaş dövründə ixtiyari diqqətin ilkin və elementar formaları
2. Diqqətin keçirilməsi və davamlığı
3. Diqqətin inkişafında baş verən dəyişikliklərin üç əsas qrupu
4. Məktəbəqədər yaş dövründə obrazlı hafizə
5. Məktəbəqədər yaş dövründə sözlü-məntiqi hafizə
6. İxtiyari yaddasaxlama
Məktəbəqədər yaş dövründə uşaqlarda diqqət vacib psixi funksiyalardan birinə çevrilir, onun davamlığı xeyli artır, ixtiyari diqqətin təzahürləri meydana gəlir və inkişaf edir. Uşağın həyatının ilk aylarında qeyri-ixtiyari diqqətin təbii əlaməti özünü göstərir. Həyatın ikinci-üçüncü ilində uşaqlarda ixtiyari diqqətin ilkin formaları meydana çıxır. Onlar yaşlıların sözlü göstərişləri əsasında diqqətlərini tələb olunan obyektlər üzərinə yönəltməyə nail olurlar. Beş-altı yaşlarında uşaqlarda ixtiyari diqqətin elementar formaları yaranır. Məktəbəqədər yaşlı uşaqlarda ixtiyari diqqətin inkişafı onların məktəb təliminə hazırlığında mühüm amillərdən biridir.
Məktəbəqədər dövrdə diqqətin inkişafında nəzərə çarpan başlıca cəhət diqqətin keçirilməsi və davamlığının kəmiyyət göstəricilərinin artmasıdır. Psixoloji tədqiqatlar vasitəsilə müəyyən edilmişdir ki, kiçik məktəbəqədər yaşlı uşaqlardan fərqli olaraq, böyük bağça yaşlı uşaqlar eyni fəaliyyətlə daha uzun müddət məşğul ola bilir. Rus psixoloqu V.Muxinanın fikrincə, bu yaş dövründə uşaqların oyun müddəti 30-50 dəqiqədən artaraq 2 saata çatır. Bu dövrdə ixtiyari diqqətlə qetri-ixtiyari diqqət növbələşir, lakin qeyri-ixtiyari diqqətin üstünlüyü aydın şəkildə nəzərə çarpır. Uşaqlarda ixtiyari diqqətin formalaşması və davamlı şəkil alması qavrayışdan və nitqin fəal mənimsənilməsindən asılıdır. Məktəbəqədər yaşlı uşaqlarda diqqətin davamlığı fərdi fərqlərə malik olur. Bu isə onların sinir sisteminin tipindən, həyat şəraitindən və fiziki sağlamlıq səviyyəsindən asılıdır.
Uşağın psixi inkişafında diqqətin əhəmiyyəti olduqca böyükdür. Oyun prosesində, habelə təlim xarakterli müxtəlif məşğələlər vasitəsilə diqqətin ayrı-ayrı xassələrində keyfiyyət və kəmiyyət dəyişmələri baş verir. Bu yaş dövründə diqqətin inkişafında baş verən dəyişiklikləri 3 əsas qrupaayırmaq olar.