26. Kiçik məktəblilərdə təlim fəaliyyəti və idrak proseslərinin inkişafı Plan: 1. Təlim fəaliyyətinin məzmun və quruluşu
2. Təlimdə geri qalmanın əsas şərtləri
3. Kiçik məktəblilərdə diqqətin inkişafı
4. Kiçik məktəblilərdə qavrayışın inkişafı
5. Kiçik məktəblilərdə hafizənin inkişafı
6. Kiçik məktəblilərdə təfəkkürün inkişafı
7. Kiçik məktəblilərdə təxəyyülün inkişafı
Təlim fəaliyyəti dedikdə, müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərin mütəşəkkil, planlı şəkildə mənimsənilməsi prosesi nəzərdə tutulur. Təlim fəaliyyətin məzmun və quruluşu aşağıdakı komponentlərdən ibarətdir.
1.Təlim şəraitinin xüsusiyyətləri. 2.Təlim işlərinin xüsusiyyətləri. 3.Nəzarət işlərinin xüsusiyyətləri. 4.Qiymətləndirmə işlərinin xüsusiyyətləri. Təlim fəaliyyətinin təşəkkülü, demək olar ki, uşağın məktəbə qədəm basdığı andan həyata keçirilməyə başlayır. Bu işin səmərəliliyi mənimsənilən materialın məzmunundan və məktəblilərin təlim işinin təşkili formalarından asılıdır. Bəzən müəyyən səbəblərdən uşaq təlimdə geri qalır. Zəif oxumağa təsir edən səbəblərə müvafiq olaraq geridə qalan şagirdləri şərti olaraq aşağıdakı qruplara ayırmaq olar.
1.Öyrənməyə qabilliyi olmayanlar. 2.Təlim motivləri zəif olanlar. 3.İdrak qabiliyyətləri zəif olanlar. 4.Təlim vərdişlərinə malik olmayanlar. 5.Əməyə düzgün münasibət bəsləməyənlər. 6.İdrak maraqları zəif olanlar. 7.Bədəncə sağlam olmayanlar. 8.Ailədə vəziyyəti qeyri-normal olanlar. 9.Dərslərdə müntəzəm iştirak etməyənlər. 10.Qüvvə və qabiliyyətləri düzgün qiymətləndirilməyənlər. Kiçik məktəb yaşı dövrü uşaqlarda idrak proseslərinin inkişafı üçün geniş imkan yaranır. Kiçik məktəb yaşlı uşaqlarda qeyri-ixtiyari diqqət ixtiyari diqqətə nisbətən üstünlük təşkil edir. Məlum olduğu kimi, qeyri-ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə olan marağı genişlənir, inkişaf edir. Kiçik məktəb yaşlı uşaqlarda qeyri-ixtiyari diqqəti ən dərin emosional təsir yaradan, parlaq cisim və hadisələr inkişaf etdirir. Ona görə də kiçik məktəb yaşlı uşaqların diqqəti bəzən əsas cəhətə deyil, onları həyəcanlandıran cəhətlərə doğru daha çox yönəldir. Bütün bunlar ixtiyari diqqətin inkişafı üçün şərait yaradır. Ailədə, məktəbdə, ictimai yerlərdə hər şeyi nəzərə almaq, gündəlik işlərin təşkili, rejimlə işləmək, istirahət etmək, ev tapşırıqlarını yerinə yetirmək və s. şagirdlərin diqqətini inkişaf etdirir. Dərsdə müxtəlif üsul və qaydalar gözlənilmədikdə uşağın diqqəti yayınır, dalğınlıq əmələ gəlir. Bu da öz növbəsində mənimsəmənin keyfiyyətinə mənfi təsir edir. Dərsdə diqqətin davamlılığı müəllimin davranışından da asılıdır. Müəllim səsinin tonunu, intonasiyasını dəyişdikdə diqqətin davamlılığını təmin edə bilər.
Kiçik məktəb yaşı dövründə qavrayışınxüsusiyyətləri, növləri uşağın həyat və fəaliyyətinin təsiri altında sürətlə inkişaf edir. Bu dövrdə uşaqlarda məkan vəzaman qavrayışı əsaslı şəkildə inkişaf edir. Onlar məkanın müxtəlif cəhətini fərqləndirə bilirlər. Məsələn, onlar məktəbin yanından axan çayın məktəbin solunda, yaxud sağında olduğunu çox düzgün deyə bilirlər. Məkandan fərqli olaraq, zaman bilavasitə qavranılmır. Bu prosesdə zaman özü uşağın şüurunda əks olunur və onlar tədricən zaman qavrayışına yiyələnirlər. Tədris prosesində bir çox mövzuların mənimsənilməsində məkan və zaman qavrayışı mühüm rol oynayır. Uşaqda qavrayışın bu növlərinin inkişafına ciddi fikir vermək, başqa sözlə desək, şagirdi düzgün, dəqiq qavramağa hazırlamaq lazımdır. Qavrayış zamanı qavranılanları yoxlamaq və onlara nəzarət etmək lazımdır. Qavrayışın nəticələrini şifahi və yazılı sorğu vasitəsi ilə yoxlamaq olar. Bundan başqa, şagirdin qarşısına qavranılacaq materialın sonradan soruşulacağı barədə məqsəd də qoyulmalıdır. Bunlar qavrayışın səmərəli inkişafına səbəb olur.
Uşağın hafizəsi məktəbdə müntəzəm təlim-tərbiyə sayəsində sürətlə inkişaf etməyə başlayır. Hafizənin inkişafında mənalı yaddasaxlama daha səmərəli inkişaf edir. Mənalı yaddasaxlama uşağın nitqə yiyələnməsi ilə əlaqədar təşəkkül tapır və xeyli inkişaf edir. Kiçik məktəb yaşlı uşaqlar konkret cisimləri, faktları, özlərinin bilavasitə qavradıqları hadisələri daha yaxşı yadda saxlayırlar. Emosional məzmuna malik olan materiallar da yaxşı yadda qalır və hafizəni inkişaf etdirir. Təlim prosesində ixtiyari və qeyri-ixtiyari yaddasaxlama inkişaf etsə də, bu proseslər bərabər səviyyədə getmir. Məktəb dövründə əsasən ixtiyari yaddasaxlama sürətlə inkişaf edir.
Öyrənmə zamanı yadasalmaya da ciddi fikir vermək lazımdır. Öyrənmə zamanı yadasalmadan istifadə etdikdə hafizənin məhsuldarlığı artır. Bu zaman adam özünə qarşı tələbkar olur, həm də özünü nəzarət altında saxlaya bilir. Ona görə də kiçik məktəblilərlə iş apararkən bu cəhətin nəzərə alınması zəruridir. Hafizənin inkişafında ciddi nəzarət və tələbkarlıq da mühüm əhəmiyyət kəsb edir. Kiçik məktəblilərə daha çox tələbkar olmaq, onların üzərində nəzarəti artırmaq, onları daha çox həvəsləndirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, “səndən oxuyan olmaz”, “sənin oxumağın faydasızdır” kimi ifadələr şagirdin təlim prosesindəki müvəffəqiyyətinə mənfi təsir göstərir. Ona görə də şagirdlərdə təlimə müsbət münasibət yaratmağa çalışmaq lazımdır. Bu cür münasibət şagirdlərdə hafizənin səmərəli inkişafına əlverişli şərait yaradar.
Kiçik məktəb yaşı dövründə uşaq təfəkküründə konkretlik və emosionallıq hələ də geniş yer tutur. Konkret əyani təfəkkürlə mücərrəd təfəkkürün birgə fəaliyyəti məktəblidə praktik və nəzəri təfəkkürü də inkişaf etdirir. Onun apardığı fikri əməliyyatlar müəyyən konkret cisimlərlə, həmin cisimlər arasındakı əlaqələrlə bağlı olur. Kiçik məktəblilərdə təfəkkür proseslərinin hər biri özünəməxsus formada özünü göstərir. (təhlil və tərkib, müqayisə, ümumiləşdirmə və mücərrədləşdirmə, konkretləşdirmə, sistemləşdirmə və ya təsnifat). Şagirdlərin formalaşmasında təfəkkür prosesləri çox mühüm əhəmiyyət kəsb edir.
Bu dövrdə uşaqlarda təfəkkürün formaları da inkişaf edir. (məfhum, hökm, əqli nəticə). Sinifdən-sinfə keçdikcə uşağın malik olduğu məfhumlar dolğunlaşır və dəqiqləşir. Hökmlərin düzgün formalaşması uşağın cisim və hadisələr haqqında fikir yürütməsinə imkan verir. Uşaqlarda əqli nəticənin inkişafı bilavasitə qavradığı cisim və hadisələrə və mücərrəd məfhumlara istinad edir. Təlim prosesində bu cəhət müəllimin nəzərindən qaçmamalıdır.
Kiçik məktəb yaşı dövründə uşaqlarda təfəkkürün keyfiyyətləri, xüsusilə də, əqlin müstəqilliyi və tənqidliyi inkişaf edir. Lakin uşaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər. Bəzi uşaqlar heç bir kənar kömək olmadan müstəqil və tənqidi düşünür, bəzilərinə isə qismən kömək etmək, istiqamət vermək lazım gəlir. Kiçik məktəblilərin təfəkkür xüsusiyyətləri müəllim tərəfindən ciddi surətdə nəzərə alınmalıdır.
Kiçik məktəb yaşı dövründə uşaqlarda təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bərpaedici təxəyyül şagirdin təlim fəaliyyətində həlledici rol oynamağa başlayıb, onun tərkib hissəsinə çevrilir. Təcrübə göstərir ki, kiçik məktəb yaşlı şagirdlər hekayə və nağıllar əsasında surətləri təsəvvür etməkdə çətinlik çəkmirlər. Buna səbəb məktəbəqədər dövrdə uşaqların təxəyyülünün hekayə və nağıllar öyrənilməsi əsasında tərbiyə olunmasıdır. Kiçik məktəblinin təxəyyülü emosional xarakter daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq təxəyyül surətləri yaranır. Kiçik məktəblinin təxəyyülü müəyyən əyani vasitəyə istinad etmədikdə o, təsvir edilən hadisəni aydın təsəvvür edə bilmir. Bu birinci-ikinci sinif şagirdlərində daha aydın nəzərə çarpır. Müəyyən edilmişdir ki, kiçik məktəblilər baharda baharı, qışda qışı təsvir edən mətnləri daha yaxşı mənimsəyir. Üçüncü-dördüncü sinif şagirdlərində yaradıcı təxəyyülün inkişafı üçün münasib şərait əldə edilir. Bu dövrə təlim fəaliyyəti ilə yanaşı, uşağın şəkil çəkməsi, oyun fəaliyyəti, özündən nağıl və hekayələr düşünməsi yaradıcı təxəyyülün inkişafına müsbət təsir göstərir.