Əziz ƏLƏKBƏRLİ
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutunda
“Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi
FOLKLORDAN GÖRÜNƏN TARİXİMİZ
Tarixi olduğu kimi qəbul etmək, dərk etmək
və olduğu kimi qiymətləndirmək lazımdır.
Heydər ƏLİYEV
Etiraf edək ki, Azərbaycan tarixşünaslığının bugünkü səviyyəsi, xüsusilə qədim və ən qədim dövr tariximizin öyrənilmə vəziyyəti bir çox məqamlarda tarixçi alimlərimizin özünü də qane etmir. Hətta orta əsrlər tariximizdə də belə mübahisəli və qaranlıq səhifələr kifayət qədərdir. Bunun iki ən mühüm – bir obyektiv, bir də subyektiv səbəbi var. Obyektiv, yəni bizdən asılı olmayan səbəb ondan ibarətdir ki, bir sıra tarixi həqiqətlərin ortaya qoyulması nə dünən, nə də bu gün dünyanın bir çox elm institutlarının maraq dairəsində olmayıb və deyildir. Zaman-zaman ölkələr və xalqlar imperializm caynağından qurtarsalar da, bəzi elm sahələri, xüsusilə tarixşünaslıq hələ də imperiya ideologiyalarının monopoliyası altındadır. Dünən tarix səhnəsinə gəlib, bu gün dünya ağalığı iddiasında və gücündə olan dövlətlər və millətlər tarixə də bu təfəkkür prizmasından baxır, bu gün əzib keçdikləri xalqların əcdadlarından mədəniyyət, elm əxz etdiklərini unudurlar. Dövlətləri və xalqları istədikləri şəkildə idarə etdikləri kimi, tarixşünaslığı da istədikləri qəlibə və çərçivəyə salmağa çalışırlar və çox vaxt da buna nail olurlar.
İkinci – subyektiv səbəb isə ondan ibarətdir ki, “Biz, adətən, tariximizi kənar mənbələrdən öyrənməyə adət etmişik. Kənar mənbələrlə yanaşı, bəzən kənar konsepsiyaları da tariximizə kənardan gətirib gəlmişik, mənşəyimizi kənar mənbələrdən öyrənmişik” (Yaşar Qarayev. Ədəbi üfüqlər, Bakı, 1985, s. 18). Halbuki “İstər yunan mənbəyi olsun, istər ərəb, istər erməni – onlar mənbə kimi maraqlıdır, konsepsiya kimi yox! Odur ki, Şərq, ya Avropa şərqşünaslığının sxemi ilə yox, öz faktlarımızın, öz dəri və daş abidələrimizin, öz torpağımızda həkk olan etnoqrafik əlamətlərin sxemi, qanunu ilə yazmalıyıq mədəniyyətimizin tarixini. Qədim, möhtəşəm ümumşərq abidəsi olan “Avesta”dan ta Qobustana qədər!” (Yaşar Qarayev. Ədəbi üfüqlər, Bakı, 1985, s. 18).
Təbii ki, bu, çox ağır, zəhmət tələb edən bir işdir. Çünki söhbət bir tərəfdən yandırılmış, məhv edilmiş və ya saxtalaşdırılmış mənbələrdəki tarixi faktların bərpasından gedirsə, digər tərəfdən artıq elmi ədəbiyyata, fikir və düşüncələrə yüzillər boyu yeridilmiş, pərçimləşdirilmiş hökm və stereotiplərin şüurlardan və kitablardan sökülüb atılaraq tamam yeniləri ilə əvəzlənməsindən gedir. Bunun üçün isə onillər, yüzillər lazımdır. Amma lazımdır!
Lakin bir məsələ var ki, onu tarixçilər və ümumiyyətlə, tədqiqatçılar tez-tez yaddan çıxarırlar. O da metodologiya məsələsidir. Tarixən hər xalqın öz tarixini yaratmaq, yazmaq və yaşatmaq metodu olub və bunu yaddan çıxarmaq lazım deyil. İndi belə bir ifadəni tez-tez təkrar edirlər ki, dünyanın bir sıra xalqları tarix yazanda türklər at belində tarix yaradıblar. Bu, doğrudur! Lakin bu, türklərin yaratdıqları tarixi yaşatmaq qayğısına qalmaması anlamına gəlməz. Sadəcə olaraq, türklərin bu tarixi yazmaq və yaşatmaq üsulları, metodları fərqlidir. Tarixin uzun bir dönəmində türklər, bəzi xalqların nümayəndələri kimi, məbədlərin hücrələrinə çəkilib, tarix kitabları yazmasalar da, bu tarixi yaddaşlarına yazıb, dastanlara çevirib, nəsildən-nəslə ötürüblər.
Əslində, bugünkü Avropa tarixçiliyi türkün düşüncə tərzi, əxlaqı üçün də məqbul deyildi, avropalılar özləri ilə yanaşı, başqa xalqların və dövlətlərin tarixini də yazırdılar, çox vaxt da, istədikləri kimi, özlərinin siyasi və etnik maraq və iddialarına uyğunlaşdıraraq yazırdılar, amma türk üçün daha çox öz tarixi, öz yaratdığı, özünə aid olan maraqlı idi və o, tarix “dedi-qoduçuluğu” ilə yox, öz soyuna-kökünə aid qəhrəmanlıqları əbədiləşdirməklə məşğul olur, yeni nəsli də bu ruhda tərbiyə edirdi. Zatən tarixin və tarixşünaslığın son məqsədi də insanların tarixi hadisələrdən ibrət götürməsindən başqa bir şey deyil.
Türk tayfaları, tayfa birlikləri içərisində bu işlə məşğul olan xüsusi adamlar var idi. Ona görə də hətta Nizami Gəncəvi kimi dahi şair də yazdığı dastanın həqiqətəuyğunluq məsuliyyətini öz üzərindən atır, oxucunu yazdıqlarına inandırmaq üçün onu dastançının dilindən söyləməyə üstünlük verirdi:
Köhnə dastanların qoca ustadı
Öz dastanına belə başladı.
Dostları ilə paylaş: |