Tərbiyəvi monitorinq – məqsədlərə uyğun olaraq müxtəlif aspektlər üzrə tərbiyə prosesini, təhsilalanın və onların kollektivinin inkişaf səviyyəsini və s. izləyir. Toplanan məlumatlar təhlil edilir, nəticə ilə bağlı müəyyən təkliflər hazırlanır və müvafiq əməli tədbirlər həyata keçirilir.
Psixoloji-pedaqoji monitorinq – təhsilalanın psixoloji durumunu və fərdi inkişafını izləyir, onların normal fəaliyyətini təmin etmək məqsədi ilə rəhbərliyə zəruri informasiya verir.
Tibbi monitorinq – təhsil müəssisəsinin tibbi personalı (işçiləri) ilə birlikdə təhsilalanların sağlamlıq dinamikasını izləyir, vəziyyətlə bağlı rəhbərlik qarşısında vəsatət qaldırır.
Göründüyü kimi, pedaqoji monitorinqlər zamanı təhsil müəssisəsinin, didaktik sistemin, valideynlərin və təhsili idarəetmə orqanlarının fəaliyyətinin bütün tərəfləri haqqında şəffaf şəkildə toplanan zəruri məlumatların obyektiv təhlili nəticəsində onların fəaliyyəti barədə lazımi informasiya əldə olunur, təhsilalanın təhsil, tərbiyə, psixoloji durumu və sağlamlıq səviyyəsi müəyyənləşdirilir və nəticələrinə uyğun olaraq onun müvəffəqiyyət qazanması üçün. fikir yürüdülür – proqnozlar verilir, müvafiq qərar qəbul edilir və yerlərə yayılır.
Məlumatların təhlili əsasında müəyyən mühakimələrin aparılması, fikir yürüdülməsi və qərarın verilməsi qiymətləndirmə adlanır.
Müəllimin pedaqoji fəaliyyətinin əsasını təşkil edən qiymətləndirmə və təhsilalanın konkret fənn üzrə fəaliyyət (bacarıq) və nailiyyət səviyyəsinin ölçülməsi ilə məhdudlaşmayıb ona fəaliyyətini tənqidi qiymətləndirməkdə, səhvlərini tapmaqda və aradan qaldırılma yollarını müəyyən etməkdə, keyfiyyətli təhsil almaqda və təhsil səviyyəsini yüksəltməsində istiqamətverici rol oynayır. Bu baxımdan qiymətləndirmə təhsilalanın öyrənmə (bilik, bacarıq, səriştələr əldəetmə) fəaliyyətinin tənzimlənməsi və təlim prosesinin təkmilləşdirilməsi üçün zəruri məlumatların toplanması prosesi kimi başa düşülür.
Ümumtəhsil sistemində qiymətləndirmənin iki növündən – kəmiyyət və keyfiyyət üzrə qiymətləndirmədən istifadə olunur.
Dostları ilə paylaş: |