Prezident təqaüdçüsü: “UNEC-də hər kəs mənəvi məsuliyyətini vicdanla yerinə yetirir”
UNEC-in prezident təqaüdünə layiq görülən I kurs tələbələrini təqdim edirik:
Rəşad Mustafasoy 2000-ci il sentyabrın 10-da Bakı şəhərində anadan olub. Orta təhsilini Sabunçu rayon 188 saylı tam orta məktəbdə alıb. Məktəb dövründə riyaziyyat fənni üzrə məktəbdaxili olimpiadanın qalibi olub. 2017-2018-ci ilin qəbul imtahanlarında 692 bal toplayaraq UNEC-də daxil olub. Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır. Boş vaxtlarından mütaliə ilə məşğul olmağı, film izləməyi və dostları ilə açıq havada gəzməyi xoşlayır.
- Rəşad sizi təbrik edirik. Yüksək nəticə göstərərək UNEC-ə daxil olmusunuz. Universitet seçiminizdə hansı amilə daha çox üstünlük verdiniz?
- Əslində daha çox SABAH qrupları diqqətimi çəkirdi. UNEC-in SABAH qrupları haqqında eşitdim və maraqlanmağa başladım. Əvvəlcə UNEC-ə daxil olub II kursdan SABAH-a keçməyi planlaşdırırdım. Sonra ingilis dilində tədrisi həyata keçirən Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) barədə öyrəndim. Beləliklə, imtahanlara 7 ay qalmış tam əminliklə qərarımı verib, UNEC-i seçdim. Seçimimə təsir edən əsas amillər isə UNEC-in innovativ rektoru olması, ISE-nin təqdim etdiyi keyfiyyətli təhsil və xüsusi təqaüd proqramları oldu.
- UNEC gözləntilərinizi doğrultdumu?
- UNEC-ə böyük ümidlərlə gəlmişəm. Artıq ilk həftələrdən əminliklə deyə bilərəm ki, UNEC ümidlərimin hamısına artıqlaması ilə cavab verir. Dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramı, UDİD-lə 4 ildə iki ixtisasa sahib olmaq şansı, “ISE məzun təqaüdü” və neçə-neçə bir-birindən maraqlı layihələr gözləntilərimin də üstündədir! Bu imkanlardan mütləq yararlanacağam. İnanıram ki, UNEC-in yenilikləri və ilkləri davamlı olacaq!
- UNEC-də tətbiq edilən layihələri təqdir etdiyinizi bildirdiniz. Daha nələri bəyənirsiniz?
- UNEC-də ən bəyəndiyim istər müəllim, istər tələbə, istərsə də rəhbərlik – hər kəsin növbəti nəsilə ötürülməsi vacib olan mənəvi məsuliyyəti vicdanla yerinə yetirməsidir. Rektorumuz Ədalət müəllimin timsalında rəhbərlik öz yenilikləri ilə hər zaman bu insani və önəmli vəzifəni icra edir. Müəllimlər bizə fənni daha yaxşı aşılamaq üçün əllərindən gələni edir, heç nə əsirgəmirlər – nə bilik, nə də zaman. Mentorluq sistemi yuxarı kurs tələbələrinin könüllü şəkildə birinci kursları istiqamətləndirməsinə yüksək şərait yaradır. Bu ənənənin davam etdirilməsində mən və tələbə dostlarım əlimizdən gələn hər şeyi edəcəyik.
- Gələcəkdə UNEC-i necə görmək istərdiniz?
- İstərdim ki, tələbəyə lazım olacaq əyləncə guşələri və idman zallarını özündə birləşdirən yeni tədris binamız - kampusumuz olsun.
- UNEC-in hansı layihə və ya proqramlarından faydalanmaq istərdiniz?
- UNEC-də əsasən “Erasmus” mübadilə proqramında iştirak etməyi düşünürəm. Son kurslarda isə “Azerbaijan Business Case Competition”da iştirak etməyi planlaşdırıram. Ümumilikdə isə UNEC-in tətbiq etdiyi bütün layihələrdə fəal iştirak etməyi, dörd il ərzində həyatımı dəyişmək imkanı verən - məni ən yaxşı mütəxəssisə çevirəcək proqramlardan faydalanmaq istəyirəm.
UNEC-in prezident təqaüdçüləri
Arzu Məmmədzadə - 700 bal toplayan tələbə: UDİD hər iki arzumu reallaşdıracaq(27.09.2017)
Cavad Əliyev – 700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəm (19.09.2017)
Dostları ilə paylaş: |