Dostlar arasında ünsiyyətitn xarakteri. İnsanlar arasında ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dostluq davamlı fərdi – seçici qarşılıqlı münasibət və qarşılıqlı təsir sistemindən ibarətdir. Dostlar arasında olan ünsiyyət adamların bir – birilə qarşılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarşılıqlı hiss və arzuları gözləmələri ilə səciyyələnir. Dostluğun inkişafı qarşılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarşılıqlı kömək, bir – birinin işlərinə qarşılıqlı maraq, səmimilik və təmənnasız hisslərin olması kimi yazılmamış kodeksə əməl etməyi tələb edir. Dostluq kodeksinin ciddi şəkildə pozulması ya dostluğun dayandırılmasına, ya üzdən həyata keçən yoldaşlığa keçməsinə, ya da düşmənçiliyə səbəb ola bilər.
Ünsiyyətdə maneələr və onların qarşısını almaq yolları. İnsanların birgə yaşayışı, birgə fəaliyyəti prosesi daima ünsiyyətlə müşayət olunur. Başqa sözlə ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Bu prosesdə insanlar öz fikir və arzularını bir- birlərinə çatdırır, bir- birlərinə qarşılıqlı təsir göstərir, bir- birlərini qavrayır və anlayırlar. Ünsiyyət prosesinin xarakteri insanların birgə fəaliyyətinə, qarşılıqlı münasibətlərinə özünəməxsus təsir göstərir. Bir çox hallarda ünsiyyət prosesi münaqişələrlə müşayət olunur və qarşılıqlı münasibətə neqativ təsir göstərir. Hamımız olmasaq da bəzilərimiz bu cür münaqişəli şəraitdən çıxmaq üçün müvafiq yol tapa bilmirik. Ünsiyyət zamanı baş verən bu cür maneələri aradan qaldırmaq yollarını nə orta, nə də ali məktəblərdə öyrətmirlər. Lakin sosial psixologiya və pedaqogikada bununla bağlı olduqca zəngin empirik və nəzəri məlumatlar toplanmışdır ki, onlardan istifadənin ünsiyyət maneələrinin qarşısını almaqda rolu inkarolunmazdır.
Ünsiyyət prosesinə mənfi təsir göstərən bu cür maneələrin bəziləri və onların qarşısını almaq yollarını qısaca nəzərdən keçirək.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müxtəlif fəaliyyət növlərində bu cür maneələr müxtəlif şəkildə özünü təzahür etdirir. Məsələn, görkəmli psixoloq V.A. Kan-Kalik gənc müəllimlərin pedaqoji ünsiyyətində özünü göstərən çətinlikləri «psixoloji maneələr» adlandırmış və bunları pedaqoji fəaliyyətin spesifik xüsusiyyətləri ilə əlaqələndirmişdir. Şübhəsiz həmin materialdan istifadə olunması gənc müəllimlərin pedaqoji ünsiyyətindəki çətinlikləri aradan qaldırmalarında onlara köməklik göstərə bilər. Ona görə də burada həmin fikirləri təkrar etməyi lazım bilmədik. Burada ümumiyyətlə insanların ünsiyyətində özünü göstərən bəzi çətinlikləri, onları doğuran səbəbləri psixoloji maneə kimi şərh etməyə çalışmışıq.
Ünsiyyət zamanı diqqəti cəlb edən çətinliklərdən, maneələrdən biri qavrayışla şərtlənən səhvlərdir. Bir çox hallarda ünsiyyətdə olan adamlar bir-birlərini düzgün qavraya bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət zamanı hər bir adam qeyri-ixtiyari olaraq onun üçün əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bildirir. Nəticədə ünvanlanmış məlumat təhrif olunur və anlaşıqsızlığa gətirib çıxarır. Ona görə də ünsiyyətin əsas məqsədi olan məlumat bir növ düzgün dərk edilmir. Bu isə münaqişə ilə nəticələnir.
Qavrayışla yanaşı olaraq ünsiyyətdə olan adamların təfəkküründə olan fərdi fərqlər də onların ünsiyyətini çətinləşdirir. Bu cür çətinliyi məntiqisəhvlərdən doğan çətinlik adlandırmaq olar. Ünsiyyətdə olanların əqli keyfiyyətlərinin inkişaf xüsusiyyətlərinə görə fərqli olmaları onların bir – birlərini başa düşmələrini çətinləşdirir. Məhz buna görə də bəzən ünsiyyət alınmır.
Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri də bir maneə kimi ünsiyyət prosesini çətinləşdirir. Belə ki, bəzən adamların nitqində məlumatların çatdırılması forması onun məzmununa uyğun olmur və bu da ünsiyyət prosesini çətinləşdirir.
Bu cür çətinliyin qarşısını almaq üçün mütəxəssislər ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyini irəli sürürlər. Bunlara aşağıdakıları aid etmək olar: