Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Biləsuvar Regional Mədəniyyət İdarəsi
Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
UNUDULMAZLAR
Neftçala - MİLLİ QƏHRƏMANLAR
Zakir Məcidov Xanoğlan Məmmədov Samid İmanov
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin...(M. ARAZ)
Tərtib edən:Bədirə Niftaliyeva.
“Metodika və biblioqrafiya” şöbəsi
2018
U N U T M A Y A Q…
Qoy yaşasın mərd igidlər... vətənsevər könüllərdə...
Əsrlərdən nəsillərə qalsın ... mərdlik dolu salnamədə.....!
(N.Bədirə)
Qədim dövrlərdən Azərbaycan işğalçı qüvvələrin hücumuna məruz qalmışdır. Ayrı-ayrı dövrlər ərzində həmin işğalçılara qarşı döyüşən igidlərimiz, sərkərdələrimiz olmuşdur. Onlar öz Vətəninə, xalqına olan sədaqəti, məhəbbəti, ehtiramı göstərmək üçün canlarından belə keçməyə hazır olduqlarını göstərmişlər. Babək, Cavanşir, Qaçaq Nəbi kimi igidlər öz Vətənlərini qorumaq üçün əlindən gələni etmişlər. Qeyd etmək istəyirəm ki, Babək ölən zaman son sözü Azərbaycan olmuşdur. Bundan başqa digər vətənpərvər igidlərimiz olub ki, öz Vətən torpaqlarını göz bəbəyi kimi qorumuşlar.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir.
Hamıya məlumdur ki, artıq neçə illərdir ki, yurdumuzun tarixi torpaqları ermənilər tərəfindən zəbt olunub.Bu torpaqların azadlığı uğrunda neçə-neçə mərd igidlərimiz şəhid olubdur. Lakin xain düşmən, özünün havadarları ilə birlikdə Azərbaycan torpaqlarını davamlı olaraq atəş altında saxlamaqla, öz mənfur qəsbkar siyasətini, “özgə torpaqlarından oğurlanmış yerlərdə öz dövlətini qurmaq” siyasətinə sadiq qalaraq atəşkəs rejimini pozmaqdadır. Növbəti belə bir təxribat Aprel ayının 2-də baş verdi. Şanlı ordumuz, qəhrəman vətənsevər oğulları ilə birlikdə düşmənə layiqli cavab verdi. Həmin döyüşlərdə neçə-neçə qəhrəman Vətən övladları şəhid oldu. Amma ordumuz 3-gün davam edən bu müharibədə üstünlük, güc nümayiş etdirməklə-Tariximizin yeni qələbə səhifəsini açdı.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”.
Qeyd olunub ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib: “Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır”.
Torpaqlarımızın azadlığı uğrunda şirin canından keçmiş üç həmyerli Milli Qəhrəmanımız haqqında məlumat günləri keçirmək, məktəblilərə, digər oxuculara məlumat vermək vacibdir. Bu müqəddəs işin təbliğində bütün kitabxana əməkdaşları məsuliyyətli olmalı və layiqincə yerinə yetirməyi bacarmalıdırlar.
Milli Qəhrəman Məcidov Zakir Nüsrət oğlu.
Milli Qəhrəmanımız Zakir Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax avia dəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı avia bölüyündə mexanik, 1979-cu ildə Zabrat avia bölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə (1982) təyinatla Zabrat avia dəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Nəhayət, 1985-ci ildən artıq Mİ-2 vertolyotunda heyyətin komandiri təyin olundu. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, göstərdiyi uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotuna baş komandir keçdi. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri oldu o. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Zakir Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olur.
Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur.
O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır. 1992-ci il avqustun 6-sı, yayın qızmar günlərindən biri idi. Həmin gün Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Kasapet yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. Növbəti, dördüncü dəfə uçmaq əmri verildi ona. Qərargaha yeni qayıdan Z.Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirdi. Bu onun son uçuşu oldu. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyyət üzvləri baş komandir Z.Məcidov 36 yaşında, təyyarəçi operator, Ukraynanın-Xarkov vilayətinin Zmiyev şəhərində doğulmuş, ailəsinin yeganə yadigarı Ruslan Polovinko 22 yaşında və sərrast nişançı-snayperçi, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimizin aydın səması uğrunda qəhrəmancasına həlak oldular.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layıq görülmüşdür. Onun yanmış cəsədi Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. 1991-ci ilin noyabrında yenicə ailə qurmuşdu. Ölümündən üç ay sonra oğlu Fuad dünyaya göz açdı.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin!
Milli Qəhrəman Məmmədov Xanoğlan Sadıq oğlu.
Məmmədov Xanoğlan Sadıq oğlu 1975-ci ildə fevralın 13-də Neftçala rayonunun Beştəli kəndində dünyaya göz açıb. 1981-ci ildə Neftçala rayon Cəngən kənd məktəbinin I sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin IX sinfini bitirmişdir. O, təhsilini Salyan rayon texniki peşə məktəbində davam etdirmişdir. Xanoğlan Məmmədov 1993-cü ildə Neftçala rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə Sanqaçalda 960 saylı hərbi hissədə başlamış, hərbi təlim keçdikdən sonra Pirişküldə 877 saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Xanoğlan Məmmədov hərbi hissədə əla xidməti ilə əlaqədar komandir heyyəti tərəfindən verilən əmrləri vaxtlı- vaxtında yerinə yetirdiyinə görə
çavuş rütbəsi ilə təltif edilmişdir. O, sonra hərbi xidmətini 172 saylı hərbi hissədə döyüş bölgəsində davam etdirmişdir. Göy göl rayonunun Tuqana kəndi ərazisində, Kəlbəcər istiqamətində Murovdağ ərazilərində döyüşlərində olmuşdur. 1995-ci il mart hadisələri zamanı Konstitusiya qurluşunun müdafiəsi zamanı həlak olmuşdur.
Subay idi.
1995-ci il aprelin 4-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Xanoğlan Məmmədov Sadıq oğlu
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür (ölümündən sonra).
Xatirəsi əbədiləşdirilərək Neftçala rayon mədəniyyət sarayına Qəhrəmanın adı verilmişdir.
Anadan olduğu Beştəli kəndində büstü qoyulmuşdur.
Beştəli kənd qəbirstanlığında dəfn edilmişdir.
Ruhu şad olsun!
Allah rəhmət eləsin! Amin!
-
MİLLİ QƏHRƏMAN
SAMİD GÜLAĞA oğlu İMANOV
|
Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə 14 oktyabr tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb.
|
|
1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diploma ilə bitirib. Şəhid mayor Samid İmanovun yaxınları virtual.az.org-abildiriblər ki, Türkiyə Cümruhiyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimivə paraşütdən sərbəst atlamaq" kurslarında, habelə "Anadolu-2007", "AnadoluQartalı -2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi və antiterrorist" kurslarında, İsveçrə krallığında "Dağ təlimi" kursunda, Rumuniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib. 2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.
Şəhidimiz qısa bir xidməti müddətdə 6 medalla təltif olunan azsaylı hərbçilərdən olub.
Mayor Samid İmanov xüsusi təyinatlı hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandan köməkçisi vəzifəsini icra edib. 2014-ci il avqust ayında erməni təxribatının qarşısını almaq üçün Samidin dəstəsi əməliyyat keçirmiş, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdı.
2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, xalqa həsr etmiş qəhrəman Vətən oğlunun son döyüşü olub.
Mayor Samid İmanovun və komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin başcılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısını almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər,
onlarla düşmən əsgəri məhv edilib.
Atışmada qəhrəman mayor çiynindən və ayağından yararalanıb. Samid bu gün yaşaya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş verib.
Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq, tez zamanda yenidən ora qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Bununla belə, cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta cağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra düşmən əlinə keçməmək ücün yaralı halda kolluqda maskalanıb və qumbaranı sinəsi üstündə saxlayaraq arxası üstə uzanıb. Amma aldığı yaralardan axan qan ölümünə səbəb olub, gözlərini canından artıq sevdiyi vətəni, milləti üçün birdəfəlik yumub.
Samid bu gün aramızda olmasa da onun yetişdiriyi oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasını alacaq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!
|
Biz borcluyuq Şəhidlərə...
(Bədirə Həsənqızı)
Biz borcluyuq Şəhidlərə...
Aydın açan səhər üçün,
Bir milləti gələcəyə-
Sıx aparan çığır üçün!
Vətən odur - beyinlərdə
Torpaq üçün candan keçən!
Vətən odur- çiyinlərdə
Öz elinə qürur verən!
Şəhidlərim can yanğısı,
Millətimin var ağrısı,
Torpaqdır məlhəm sarğısı!
Biz borcluyuq Şəhidlərə!
Atdığımız addım üçün,
Bu torpağa Vətən deyib-
Ondan kəlmə yazmaq üçün!
Borcluyuq biz sənə qardaş,
Verdin ömrü demədin kaş,
Vətən dərdi oldu yoldaş,
Ta irəli gedək dedin!
Şəhidlərim bizimləsiz,
Bu torpağın sahibisiz!
Sizlə yaşar Vətən adı,
Qovlayarıq biz o yadı.
Gülər Günəş səhərimdə!
Siz inamsız kədərimdə!
Şahinlərim göy üzündən,
Yol göstərən çıraqsınız,
Deməyin ki, köçüb eldən,
Siz Vətəndən uzaqsınız.
Tutub əldə nur çırağın,
Aydınlığa apardınız,
Bir milləti inam dolu,
Qələbəyə çağırdınız.
Biz borcluyuq Şəhidlərə!
Yurda sahib olmaq üçün,
Parçalanmış bu torpağı,
Bir ovuca yığmaq üçün!
Biz borcluyuq,
Borcluyuq biz,
ŞƏHİDLƏRƏ...
Vətəni qorumaq millət və dövləti qorumaqdır. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan ictimai vicdandır. Millət dinini, imanını, tarixini, mədəniyyətini, doğrunu-əyrini vətənində tanıyır. Vətən insanlığımızı müqəddəsləşdirən bir məsələdir. Biz onun bağrında yetişir, boya-başa çatırıq.
Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür.
Yaşasın və hər zaman ucalsın Doğma Vətənimiz—AZƏRBAYCAN!
“Metodika və biblioqrafiya”şöbəsi. Bədirə Niftaliyeva.
Neftçala-2018.
Dostları ilə paylaş: |