Tədqiqatın orijinallığı və elmi yeniliyi: yeni geoiqtisadi reallıqlar baxımından Xəzər hövzəsi regionunun təbii sərvətləri və ixrac potensialı üzrə müvafiq təhlili ümumiləşdirmələrin aparılması və bu kontekstdə Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməsində gözləntilərin qiymətləndirilməsi.
Açar sözlər: Xəzər hövzəsi regionu, Xəzərin beynəlxalq hüquqi statusu, karbohidrogen resursları, ixrac potensialı, nəqliyyat və logistika sistemi
1.Giriş
SSRİ dövlətinin süqutundan sonra Xəzər dənizi ətrafında Rusiya (SSRİ-nin varisi) və İrandan başqa yeni müstəqil dövlətlərin - Azərbaycan, Qazaxıstan və Türkmənistan yaranışı ilə bu coğrafiyanın diplomatik təcrübədə Xəzər hövzəsi regionu adlandırılması dövriyyəyə gətrildi. O da diqqətdən yayınmamalıdır ki, Xəzər hövzəsi regionu vahid geosiyasi məkan olaraq çıxış etmir. Regionun ayrı-ayrı ölkələri Avropa və Asiyaya mənsub olduqlarından, regional baxımdan isə ümumilkdə AvroAsiya kontinentində qovuşduqlarından onlar həm də müqabil subregionlara da aid olunurlar. Lakin bütün bunlara baxmayaraq, birləşdirici funksionallığı ilə mərkəzində Xəzər dənizinin dayandığı bu coğrafiya yeni geosiyasətdə Xəzər hövzəsi regionu olaraq təsbitini tapır.
Xəzərin əvvəllər xüsusən Azərbaycan hissəsində sənaye baxımından istismar edilən neftli-qazlı yataqları digər Xəzər hövzəsi ölkələrinin kəşfiyyat altında olan müvafiq sahələrində son 10-15 il ərzində hasilatın başlanması və genişlənməsi ilə bağlı ümumilikdə böyük toplum halına gələrək qlobal energetik səciyyə daşımaqdadır. Hazırda bu regionda ümumi illik hasilat neftə ekvivalent ölçüdə 200 milyon tonu ötmüşdür [5, 18, 21]. Bu sahədə mövcüd layihələrin tam gücü ilə reallaşması halında regionun hasilat gücünün orta hesabla 2 dəfəyədək artacağı gözləniləndir. Elə bu baxımdan da, yaxın 10-15 il ərzində Xəzər hövzəsi regionunun qüdrətinin bir qədər də artması, onun Avropanın ən böyük enerji təminatçısı rolunda çıxış etməsi daha da genişlənəcəkdir. Bununla belə, hazırda Xəzərin beynəlxalq hüquqi statusu məsələsinin açıq qalması buradakı karbohidrogen ehtiyatlarının mənimsənilməsində bir sıra problemlər və məhdudiyyətlər yaradır. Bununla belə, onun beynəlxalq hüquqi statusu məsələsinə yalnız mineral resursların istismar problemi kimi də yanaşılmalıdır. Xəzər dənizi və onun ətraf zonası digər təbii sərvətlər, tərkrarsız və qiymətsiz bioloji resurslar baxımından da olduqca zəngin və möhtəşəmdir. Burada çox dəyərli keyfiyyətləri ilə fərqlənən nərə balıqlarının 90%-i cəmləşmişdir. Avropa və Asiyanı birləşdirən, Böyük İpək yolunun əsas marşrutları üzərində dayanan Xəzər dənizi həm də mühüm nəqliyyat-lögistik əhəmiyyət daşıyır. Yeni geostrateji reallıqlar onu qlobal neft və qaz kəmərlərinin, beynəlxalq kommunikasiya xətlərinin gələcəyi olan bir zonaya çevirir. Bu baxımdan da Xəzərin beynəlxalq hüquqi statusunun qəti müəyyən olunmaması onun dünya iqtisadiyyatının inkişafına təkan verəcək potensiadan səmərəli istifadəsini məhdudlaşdırır, burada həyata keçirilən və nəzərdə tutulan müvafiq layihələrin reallaşmasını ləngidir, naviqasiya, kommunikasiya və tranzit çətinlikləri yaradır. Bütün bu problemlərin araşdırılması, müvafiq təhlil və qiymətləndirmələrin aparılması, onların aradan qaldırılması üzrə uyğun konseptual istiqamətlərin müəyyən olunması elmi-tədqiqat baxımından da aktuallıq kəsb edir.
Nəzərdən keçirilənləri əsas götürərək məqalədə yeni geoiqtisadi reallıqlar baxımından Xəzər hövzəsi regionunun iqtisadi potensialının və ixrac infrastrukturunun təhlili və qiymətləndirilməsi və bu coğrafiyada müvafiq təkmilləşdirmələri şərtləndirən perspektivlərin müəyyən olunması məqsəd olaraq qarşıya qoyulur. Məqsədə nail olmaq üçün tədqiqat vəzifələri kimi öncə Xəzərlə bağlı tarixi-cöğrafi özəlliklərin, onun ekosisteminin, sərvətlər çevrəsinin təhlilinə seçim edilmişdir. Bu sırada həm də prinsipial vəzifə kimi Xəzərin dəniz və göl olmasını şərtləndirən prinsip və meyarlar bir araya gətirilərək təhlil obyektinə çevrilmişdir. Xəzərin beynəlxalq-hüquqi statusu probleminin arşdırılması, onun sərvətlərindən və nəqliyyat-logistika potensialından səmərəli istifadə imkanları və bütün bu müstəvidə özünü biruzə verən mümkün görüntülü amillər sferası tədqiqat altına alınmışdır.
Dostları ilə paylaş: |