Uşaqların mənəvi aləmi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 22.65 Kb.
tarix22.10.2017
ölçüsü22.65 Kb.

Uşaqların mənəvi dünyası.

Hörmətli valideynlər, heç düşündünüzmü, gün ərzində uşaqlarınıza ən çox dediyiniz söz hansıdır? Əgər bunu düşünməmisinzsə, elə indi düşünün, əgər o sözlər yaxşı hissləri ifadə edirsə, deməli uşağınız çox şanslıdır və sizin köməyinizlə gözəl bir mənəvi aləm, mənəvi dünya yaradacaq, siz isə bu aləmin gözəl hisslərlə xatırlananlarından olacaqsınız.

Əgər bu sözlər heç də yaxşı olmayan hissləri ifadə edirsə, deməli övladınız heç də şanslı deyil və övladınızı sevirsinizsə, o, sizin üçün dəyərlidirsə, onda bu sözləri yaxşı sözlərlə dəyişin, özü də tezliklə. Çünki acı, təhqiredici sözlərlə gözəl mənəvi aləm yaratmaq olmur. Bir sual da verim, sonuncu dəfə uşaqlarınızla hansı sözləri, ya da fikirləri müzakirə etmisiniz? Məsələn: ümid, sevgi, özünəinam, güvənmək, dürüstlük, kövrəklik və sair kimi sözlərin mənasını onlara izah etmisinizmi? Əgər etməmisinizsə onda elə bu andan buna başlaya bilərsiniz..

Mən uşaq olanda, atam bizə hər fəsildə, həmin fəsillərə aid hiss etdiklərimizi şeir və ya hekayə şəklində yazmağı təklif edərdi. Biz də öhdəsindən gələrdik, bacım və qardaşımla bərabər. Hətta ilk şeirimi də beşinci sinifdə oxuyanda yazmışdım, qış fəslini , meşəni və heyvanları təsvir edən bir şeir. Atam bizi dinləyərək dinləməyi öyrədirdi, fikirlərimizi soruşaraq özümüzə inanmağı, güvənməyi öyrədirdi. Bizə, həyatımızla bağlı qərarları özümüz verməyin vacib olduğunu izah edərdi. Kimdənsə asılı olmağın, kimdənsə kömək gözləməyin doğru olmadığını, hər zaman savadın, biliyin, ədəbin və əxlaqın həyatımızın bəzəyi olacağını deyərdi, özü də dönə-dönə. Odur ki, həyatımın ciddi, çətin olmaqla bərabər həm də maraqlı olacağını anlayırdım. Düşünürəm ki, çox şanslı uşaq olmuşam, həyatım da buna görə çətinliklərlə bərabər, həm də maraqlı və mənalı keçib. Mən də bütün bunları övladlarıma və şagirdlərimə aşılamağa çalışıram.

Amma uşaqların hamısı şanslı olmur. Dinləməyi, düşüncələrini, hisslərini ifadə edə bilməyən uşaqlar daha çoxdur. Çox zaman valideynlər, övladlarını onları dinləməməkdə, sözlərinə baxmamaqda günahlandırırlar, amma öz səhvlərini təəssüf ki, görmürlər. Soruşanda ki, övladınızı dinləmisinizmi, yaxud nəyin doğru, nəyin yanlış olduğunu onlara izah etmisinizmi? Təəssüf ki, cavab ala bilmirəm. Uşaqlarına şahmat, dama, yaxud top oyunlarını öyrətdiklərini və birlikdə oynadıqlarını soruşanda da cavab gəlmir.

-Buna vaxtımız var??? Cavab bu olur.

Bilikli, savadlı olmağın insanın həyatına , davranışına necə təsir etdiyini öncə siz araşdırın və sonra da bunu övladınıza izah edin. Ədəb-ərkan qaydaları ilə davranmağı onlara hələ kiçik yaşlarından öyrətmək lazımdır(1-6 yaş arası müddətdə), özü də göstərərək, nümayiş etdirərək. Bu qaydalar həyatımızın olmazsa-olmazlarıdır. Təbiidir ki, uşaqlar hər dediyimizi tez bir zamanda öyrənmirlər, bütün uşaqlar da eyni cür öyrənmirlər, bunun üçün onlara zaman lazımdır, bu zaman ərzində isə dediklərimizi təkrar-təkrar onlara xatırladırıq və öyrənmələrinə kömək edirik. Mütəxəssislərin bildirdiyi kimi uşaqlarda dörd fərqli öyrənmə tərzi vardır və hər bir valideyn övladının hansı tipə aid olduğunu müəyyən etməli və o şəkildə də öyrənməsinə yardım etməlidir. Uşaqlarını tanıyan valideyn, müəllimlərlə əlaqə saxlayaraq övladının xüsusiyyətlərini müəllimlərə də tanıdaraq, uşaqlarına məktəbdə də kömək edir. Bu tiplər aşağıdakılardır:

1) Eşidib öyrənənlər.

2) Görüb öyrənələr.

3) Toxunub öyrənənlər.

4)Kinestetik, yəni hərəkətli öyrənənlər.

Uşaqlarınıza yaxşı şeylər öyrədin ki, pis vərdişlərə zamanı və marağı olmasın.

Heç kim, heç birimiz uşaq olaraq qalmırıq, amma uşaq olarkən yaxşı nələrsə öyrənmək mümkündürsə, uşaqlara onları öyrənməkdə kömək etmək borcdur. Elm öyrənmək sadəcə kitablarda yazılanları əzbərləmək deyildir. Uşaqlar daha çox hiss etdiklərini öyrənirlər. Bunu hiss etdirmək isə böyüklərdən, təbii ki, bilgili, əxlaqlı insanlardan asılıdır. Məktəbə qədərki dönəm uşaqların bütün yaxşı vərdişləri əldə etməsi üçün kifayət edir. Təbii ki, məktəb dövründə də bu proseslər davam edir. Amma bünövrə sağlamdırsa davamı da ürəkaçan olur. Əgər bünövrə yoxdursa, uşaqda heç bir vərdişlər yaradılmayıbsa, o zaman uşaqlar da, müəllimlər də, ən çox isə valideynlər əziyyət çəkir. Uşaqların mənəvi aləmini yaradan duyğular, sadəcə ötəri hisslər yox, qalıcı, onları xoşbəxt edən duyğular olmalıdır. Uşaqların böyüklərdən, xüsusən ata-analarından duyduqları ilk hiss sevgidir. Bütün aləm, canlı-cansız - hər kəs sevgiyə möhtacdır. Uşaqlar sevgidən məhrum böyüyəndə, bunu kənarda axtarmalı olur, yanlış münasibətlərin qurbanı olurlar. Odur ki, uşaqlar sevgi ilə böyüməli, onun gözəlliyini anlamalıdırlar. Hələ on ikinci əsrdə böyük müdrikimiz, alim və şair Nizami Gəncəvi əsərlərində göstərirdi ki, dünya da sevgiylə dolanır, hər şeyi özünə çəkərək, cəzb edərək. Bütün yaranmışların canında sevgi olmasaydı, onda yaşamaq da mümkün olmazdı. On yeddinci əsrdə isə, İngilis alimi İsaak Nyuton Ümumdünya Cazibə Qanununu kəşf etdi. Bu qanun, təbiətin möhtəşəm qanunlarından biri olaraq, cisimlər arasındakı cazibənin riyazi olaraq sübutunu verdi. Deməli mənəvi olaraq, duyğularımızla yaşadığımız sevgini, həm də riyazi olaraq “görmək” mümkündür. Bu qanun artıq kəşf olunsa da, hər birimiz bu qanunu hiss edə və özümüz üçün təkrar kəşf edə bilərik. Əslində bu ideya mənim hazırlamaq ərəfəsində olduğum kiçik bir layihədir, adı da “Uşaqlar nə düşünür?”. Burda böyük zəka sahiblərinin kəşfləri və onların uşaqları düşünüdürəcək şəkildə təqdim olunmasıdır. Məsələn: Böyük alim Nyuton deyir ki, mən, Yerin hər şeyi özünə cəzb etdiyini bağda gəzərkən, almanın yerə düşdüyünü gördüyüm zaman hiss etdim və cazibəni kəşf etdim. Bəs siz bunu nə zaman hiss etmisiniz? Qanun haqqında, uşaqda təsəvvür yaratmağın ən yaradıcı üsullarından biri də budur, düşünürəm.

Uşaqların, inanın ki, çox maraqlı cavabları olur və cavabı olmayan belə, bu haqda düşünməyə başlayır. Elmli, bilikli olmaq da, əslində bizi düşündürən suallara cavab axtarmaq və düzgün cavabları tapa bilməkdir. Daha bir misal, böyük alim Arximed dedi:” Mənə istinad nöqtəsi verin Yeri tərpədim”.-Sizcə o güclüdür, yoxsa ağıllı? Müəyyən müzakirədən sonra, Nizami Gəncəvinin misraları yada salınır:” Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.Əlbəttə ki, belə misallar çoxdur. Bu üsulu təbii ki, fizika müəllimlərinə tövsiyə edirəm. Çox istərdim ki, fizika dərslikləri də belə maraqlı və ürəyəyatan olsun. Çünki indiki dərsliklər uşaqları təəssüf ki, cəlb etmir. Birbaşa uşağın özünə müraciət etmək, ona dəyər vermək, onun nə düşündüyünü bilmək istəməyimiz daha vacibdir. Kitablar uşaqlarla “danışmalıdır”.

Məni narahat edən başqa bir məsələ isə uşaqları istedadlı və istedadsız deyə ayırmaqdır. Böyüyəndə kimin necə olacağı məlum olmadığı halda, hələ kiçik yaşlarından uşaqların bu şəkildə qəlbini qırmaq doğru deyil, hətta günahdır, deyərdim. Fikrimi əsaslandırmaq, valideynlərə uşaqlarına ümidlə baxmaları və onların da istedadlı olmalarına inanmaları və inam yaratmaları üçün, bir dahimizin, vətəndaş ziyalımız Xudu Məmmədovun fikrini xatırlatmaq məncə kifayət edəcək: “ Hələ ilk yaşlarından şəkil çəkə bilmək bacarığı və bu işin uşaq üçün əyləncə olması istedad göstəricisidir. Belələri ya rəssam, ya da düşdükləri sahədə seçilə bilən adamlardan olurlar”. Bu fikri də uşaqların dilindən səsləndirmək mümkündür: “ Xudu müəllim deyir ki, uşaqlar istedadlıdırlar, çünki onlar rəsm çəkməyi çox sevirlər”. Bu fikri eşidən və rəsm çəkməyi sevən uşaqlar çox sevinəcəklər, çəkməyənlər isə buna cəhd etməyə çalışacaqlar. Tətil günlərində uşaqlarınızın vaxtını maraqlı keçirməsini istəyirsinizsə, ən azından onlarla birlikdə çox zaman keçirin, onsuz da dərs vaxtı mümkün olmur. Onların nəyi bacardıqlarına diqqət yetirin, nədən təsirləndiklərini duymağa çalışın. Uşaqların şəxsiyyət kimi böyüməsi çox vacibdir. Valideynin hər zaman uşaqların əvəzinə qərar verməsi, onları özlərindən asılı şəkildə böyütməsi yanlışdır və uşaqlarda düzgün olmayan davranışlar yaradır, bunu unutmayın!

Çox zaman uşalqarın nədənsə təsirlənib, yaxud kiminləsə dalaşıb və ya sözləşib, ya da yıxılıb əzilərkən ağlaması zamanı hamı onu kiritməyə, sakitləşdirməyə, bir az da kobud şəkildə, səsini kəsməyə çalışırlar. Xüsusən oğlan uşaqlarına:-yekə kişisən, kişi ağlamaz, qızlar ağlayar, kimi yanlış təhdidlər olunur. Sual yaranır, məgər ağlamaq zəiflikdir, yaxud, kişi olmaq daşqəlbli olmaqdır? Əksinə uşağı məcbur kiritmək əvəzinə, onun hisslərini anladığınızı bildirmək, onun duyğularına şərik olduğunuzu göstərmək daha doğru olmazmı? Çünki ürəkdən ağlamaq acizlik, yox, xeyirxah, duyğusal, həssas olmaqdır. Hətta ən sərt, möhkəm insanlar da, əziz bildikləri insanı itirəndə ağlayırlar. İnsanın nədən ağlaya biləcəyini uşaqlara izah etmək daha doğrusudur. Həm də uşaqları məcbur kiritmək heç vaxt yaxşı nəticə vermir, onların hisslərinə hörmətsizlik kimi qəbul edirlər. İnsanın kövrək olması, onun mənliyinə qətiyyən xələl gətirmir. Görkəmli alimimiz, professor Rafiq Əliyev demişdir: “O, çox mülayim və kövrək insandır, lakin onu sındırmaq mümkün deyil”. Deməli kövrək olmaq zəiflik deyildir. Bəs zəiflik nədir? Düşünürəm ki, bunu uşaqlara hökmən izah etmək lazımdır. Yaltaqlıq, yalançılıq, qorxaqlıq, biliksizlik, acizlik, ədəbsizlik-bütün bunlar insanı alçaldan, sındıran , başqalarının yanında xəcalətli edən xüsusiyyətlərdir.

Biz uşaqlara mənəvi dünyalarını qurmaqda kömək etməliyik, bunun üçünsə bacardığımız qədər onların yanında olmalı, doğrunu yanlışdan ayırması üçün qarşılaşdıqları hadisələri düzgün izah etməliyik. Buna laqeyd yanaşanlar isə uşaqlarının həyatını məhv edirlər, dolayısı ilə öz həyatlarını da.

Yaxşı valideyn olmaq zəhmət istəyir, ürək istəyir, zaman istəyir. Sevgimizi, zamanımızı uşaqlardan əsirgəməyək, çünki uşaqlar buna layiqdirlər. Onlar bizim, biz isə onların gözəl dünyası ola bilərik.



Qeyd: Doğrusu ümid etməsəm də, Təhsil Nazirliyinin hər hansı bir yetkilisinin, eləcə də müəllimlərimizin və mütəxəssislərin də bu yazıya münasibətini bilmək istərdim. Çünki heç bir yaxşı işi təkbaşına görmək mümkün deyil. Başqa bir istəyim isə ondan ibarətdir ki, orta məktəblərimiz uşaqlara yay tətilini keçirməkdə kömək edəydi. Həftənin müəyyən günlərində məktəblərdə idman və əmək məşğələləri təşkil edərdi , Təhsil Şöbələri , eləcə də İcra hakimiyyəti də məktəblərə maliyyə cəhətdən kömək edəydi, bu məşğlələri aparan müəllimlərə az da olsa məvacib verməkdə. Hələlik bir arzu olsa da bunun yaxın vaxtlarda reallaşacağına inanmaq istəyirəm. Çünki ilk növbədə məktəblər təmir olunmalıdır ki, orda uşaqlar üçün yaradıcı şərait yaratmaq mümkün olsun.

Hörmətlə Mehparə Rəhimqızı.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə