Üçüncü hissə
Hökmlər (əhkam) və dini vəzifələr
Birinci fəsil Vəzifələr və dini göstərişləri bilmək
İnsanın dünya və axirət xoşbəxtliyi onun Allah tərəfindən müəyyənləşmiş vəzifələrinə əməl etməsindən asılıdır. Şübhəsiz ki, bu vəzifələri bilmədən onları yerinə yetirmək mümkünsüzdür və onların xoşbəxtliyi tə`min olunmaz. İslam dininin proqramları iki hissəyə bölünür:
1. “Üsulidin”: Bu hissə hər bir müsəlmanın inanmalı olduğu dini əsaslardan danışır. Uyğun e`tiqad əsasları dinin sütunu sayılır və onlara araşdırmalar yolu ilə inanmaq lazmdır. Bu səbəbdən də üsulidində açıqlanmış e`tiqad əsaslarına təqlidi yolla inanmaq bəs etmir. Hər bir müsəlman uyğun əsaslar mövzusunda düşünməklə onların gerçəkliyinə əmin olmalıdır.
Varlıq aləminin yaradıcısını tanımaq, onun yeganəlik və ədalət kimi sifətləri ilə tanış olmaq, ölümdən sonrakı həyata e`tiqad, insanların qiyamət sorğu-sualı, ilahi peyğəmbərlərin Allah tərəfindən göndərilməsinə inam, vilayət və imamətin, mə`sum canişinlərin rəhbərliyinin qəbulu dini e`tiqad əsaslarından, başqa sözlə üsulidindəndir.
2. “Füruidin”: Füruidin dedikdə İslam dininin insanların öhdəsində qoyduğu əməli vəzifələri nəzərdə tutulur. İnsan bu hökmlərə əməl etməklə kamilləşir, fərdi və ictimai tərəqqi yolunda addım atır, öz axirət yolunu hamarlayır. Namaz, oruc, xüms, zəkat, Həcc, cihad, yaxşılığa də`vət (əmr be mə`ruf), pisliyə qadağa (nəhy əz munkər), əxlaqi göstərişlər bu qəbildəndir.
Bu vəzifələrdən bir hissəsi müsəlmanlar tərəfindən yekdil qəbul olunsa da, bir qrup cüz`i məsələlərin müəyyənləşməsində ixtisasa ehtiyac var. Bu səbəbdən də müsəlman şəxs həmin vəzifələrə şəxsi araşdırmalar vasitəsi ilə əməl edə bilməz. Bu sahədə mütəxəssis olmaq, elmi araşdırmalar yolu ilə vəzifələri müəyyənləşdirmək lazımdır. Demək, dini hökmlərə münasibətdə insan iki yoldan birini seçməlidir:
1. İctihad yolu: İnsan Qur`an ayələri, Peyğəmbər (s) və mə`sumların buyuruqlarını dərindən araşdırmaqla nəzər sahibi olur, mütəxəssis dərəcəsinə çatır. Belə bir şəxs müctəhid adlanır.
2. Təqlid yolu: Müsəlman şəxs öz dini vəzifələrinə əməl etmək üçün müctəhidə, dini hökmlər sahəsindəki mütəxəssisə müraciət edir. Müsəlmanın dini hökmlərə münasibətdə müctəhidin fətvalarına əməl etməsi zəruridir. Hər bir şəxs qarşısına çıxan şər’i məsələyə cavab tapmaq üçün müctəhidə müraciət edir. Müctəhidin hökmlərinə əməl edən müsəlman müqəllid adlanır.
Bu məqamda iki nöqtəyə nəzər salmaq lazımdır:
1. Təqlid müctəhid olmayanların zəruri vəzifəsidir. İstər kişi, istər qadın, bir şəxs ictihad dərəcəsinə çatarsa digər bir müctəhidə təqlid edə bilməz, öz baxışları əsasında addım atmalıdır.
2. İctihad dərəcəsinə çatmamış, dini hökmləri öyrənmək gücü olmayan şəxs şər`i məsələlər barədə fikir bildirib fətva verə bilməz. Bir şəxs haqqı olmadan digərinə hökm verərsə, qarşı tərəfin bütün əməllərinə görə məs`uliyyət daşıyır. Bir çox hədislərdə ictihad dərəcəsinə çatmamış fərdlərin uyğun addımı atması qadağan edilir. İmam Baqir (ə) buyurur: “Elmi və ilahi səlahiyyəti olmadan fətva verən şəxsi rəhmət və əzab mələkləri lə`nətləyir. Onun fətvasına əməl edənlərin bütün məs`uliyyəti həmin şəxsin üzərinə düşər.”1
Sual: İctihad dərəcəsinə çatmış hər şəxsə təqlid etmək olarmı?
Cavab: Xeyir. Müctəhid aqil, yetkin, on iki imamçı şiə, sağ, ədalətli olmalı, dünya malına aldanmamalıdır. Müctəhidlərin baxışları arasında fərq olduqda daha mütəxəssis müctəhidə müraciət edilməlidir. Belə bir müctəhid “ə’ləm” adlanır.
Sual: Qadın ictihad dərəcəsinə çata bilərmi?
Cavab: Bəli, qadın ictihad dərəcəsinə çata bilər və bu dərəcəyə çatmış qadın bir başqasına təqlid edə bilməz. Amma başqalarının qadına təqlid etməsi düzgün sayılmır.
Sual: Haradan bilək ki, müctəhidin biri o birilərindən bilikli, ə’ləmdir?
Cavab: Müctəhidin ə’ləmliyini aşağıdakı yollarla tə`yin etmək olar:
1. İnsan elə bir həddə elmli ola bilər ki, ə`ləm müctəhidin təyinində arxayınlıq qazansın.
2. Agah və mö`təbər bir şəxsin sözündən əminlik yarana bilər.
3. İki mütəxəssis, ədalətli və Allahdan qorxan alim azad bir mühitdə bir alimin ə`ləm olduğunu təsdiqləyə bilər. Bir şərtlə ki, başqa iki ədalətli alim onların dediyinə qarşı çıxmasın.
4. Bir şəxsin ə`ləmliyi alimlər arasında və elmi qurumlarda məşhur ola bilər. İnsanda bu yolla arxayınlıq yaranması mümkündür.
Sual: Bir müctehidin fətva və baxışlarını öyrənmək üçün təqlid edən şəxs hansı yollardan istifadə edə bilər?
Cavab: 1. Müctəhidin özündən və ya iki adil şəxsdən öyrənə bilər; 2. Müctəhidin risaləsindən, əl yazmasından oxuya bilər (bir şərtlə ki, risalənin müctəhidə məxsusluğu və ya öz əlyazması olması bilinsin); 3. Arxayınlıq yaradan istənilən əqli yol (məsələn, doğru danışan bir şəxsdən fətvanı eşitmək).
Sual: İnsan bir müctəhidə təqliddən o biri müctəhidə təqlidə keçə bilərmi?
Cavab: Əgər insan başa düşsə ki, 2-ci müctəhid 1-ci müctəhiddən ə`ləm və mütəxəssisdir, ya da 1-ci müctəhidin hansısa təqlid şərtini ödəməməsi mə`lum olsa, 1-ciyə təqliddən 2-ciyə təqlidə keçmək olar. Digər hallarda belə bir addım atmaq olmaz.
Sual: Əgər bir şəxs bir müctəhidin fətva və baxışını yanlış şəkildə başqa birinə nəql etsə, sonradan anlasa ki, müctəhidin baxışı dəyişib, nə etməlidir?
Cavab: Əgər fətvanı səhv nəql etsə, bunu başa düşdükdən sonra səhvini aradan qaldırmalıdır. Fətva dəyişdiyi zaman vacib ehtiyata əsasən bu barədə mə`lumat verilməlidir.
Sual: Əgər müctəhidlərin hərəsi bir sahədə daha güclü mütəxəssis olsa (necə ki, bir həkim göz, digəri qulaq üzrə mütəxəssisdir. Hər müctəhidə mütəxəssis olduğu sahədə təqlid etmək olarmı?
Cavab: “Əgər müctəhidlərdən hər biri bir və ya bir neçə sahədə mütəxəssis olarsa, onlara nəzərdə tutulan sahədə təqlid edilməlidir.
Vəzifələrin növləri və onların ümumi şərtləri
İnsanlara onların əməli vəzifələrini öyrədən sahə əhkam adlanır. Əhkam hökm sözünün cəmidir və hökmlər mə`nasını bildirir. Hökmlər beş qisimdir: vacib, haram, müstəhəb, məkruh və mübah.
Əgər bir şəxsdə dini vəzifələrin icrası üçün bütün şərtlər ödnirsə, o uyğun vəzifələri yerinə yetirməlidir. Vəzifəli olmaq üçün aşağıdakı şərtlər nəzərdə tutulur:
1. Ağıl: Ağılsız insan dini vəzifələri yerinə yetirməyə borclu deyil. Bu dəlilik müvəqqəti və ya daimi ola bilər.
2. Qüdrət: Dini vəzifəni yerinə yetirmək gücü olmayan insan azaddır. İnsan vəzifəsini gücü həddində yerinə yetirməyə borcludur. Allah-taala insanı heç vaxt güc və imkanlarından artıq vəzifələndirmir. Qur`ani-kərim buyurur: “Allah-taala kimsəni gücündən artıq vəzifələndirmir.”1
3. İxtiyar, azadlıq: Bir başqasının hökmü altında olan, dini vəzifələri yerinə yetirmək ixtiyarı olmayan şəxs vəzifəli deyil.
4. Büluğ, yetkinlik: Büluğ, yetkinlik həddinə çatmamış şəxsin vəzifəsi yoxdur. Qızların və oğlanların üç büluğ nişanəsi var: Qarından aşağı, ayıb yerdən yuxarı cod tükləşmə; yuxuda və ya oyaq vaxtı məni (sperma) xaric olması; oğlanlar üçün qəməri təqvimlə 15 yaşın (müstəhəb ehtiyata əsasən 13 yaşın), qızlar üçün qəməri illə 9 yaşın tamam olması. (Qəməri təqvimlə 15 il şəmsi təqvimlə 164 gün azdır. 9 qəməri il isə 9 şəmsi ildən 98 gün qısadır.)
Sual: Üzdə, yanaqda, sinədə, qoltuqda cod tüklərin görünməsi və ya səsin qalınlaşması buluğ həddini göstərmirmi?
Cavab: Xeyir. Amma insan özü bu hallar əsasında büluğa çatdığını müəyyənləşdirə bilər.
Sual: Əgər insan yetkinlik yaşına çatmadığını düşünüb dini vəzifələrini yerinə yetirməsə və sonradan anlasa ki, bu həddə çatıbmış, ötürdüyü namazlar, oruclar və digər vacib əməllərin hökmü nədir?
Cavab: Bəli, yerinə yetirmədiyi əməllərin qəzasını yerinə yetirməlidir. Əmin olduğu vaxtın qəzası vacibdir, şəkk etdiyi vaxtın qəzası vacib deyil.
Sual: Yaxşını pisdən seçən (müməyyiz) yaşdakı uşağın namaz və orucu düzgündürmü?
Cavab: Bəli, müməyyiz uşağın ibadətləri düzgündür.
Sual: Yetkinliyə çatmamış müməyyiz uşaq müctəhidə təqlid edə bilərmi?
Cavab: Yetkinlik yaşına çatmamış uşaq təqlid etməsi vacib deyil. Amma təqlid etmişsə, bunun eybi yoxdur.
Sual: Yetkinlik yaşına çatmamış müməyyiz uşaq ə`ləm müctəhidəmi təqlid etməlidir?
Cavab: Təqlid belə bir uşağa vacib olmadığından o ə`ləm olmayan müctəhidə də təqlid edə bilər. Yetkinlik yaşına çatdıqdan sonra ə`ləm müctəhidə təqlidi zəruridir.
Sual: Vəzifə yaşına çatmış müsəlman dini hökmləri hansı həddə öyrənməlidir?
Cavab: Müsəlman ehtiyac duyduğu məsələləri öyrənməlidir.
Dostları ilə paylaş: |