İslam baxımından, halal yolla əldə olunmuş var-dövlət və qazanc insanın kamilliyə çatması üçün faydalıdır. İmam Baqir (ə) buyurur: “Axirət yolunda istifadə olunan dünya insan üçün ən üstün yardımçıdır.1 İmam Sadiq (ə) buyurur: “Səni başqalarının haqqına təcavüzdən saxlayan var-dövlət, səni günaha sövq edən yoxsulluqdan üstündür.”2
Yer üzündə fəsada səbəb olmayan, insana ilahi dəyərləri unutdurmayan, onu ağılsız dünya müsabiqəsinə qatmayan, başqalarının təhqiri ilə nəticələnməyən, eyni zamanda, məhrumlara yardım üçün istifadə edilən var-dövlət nəinki məzəmmət olunmur, hətta bəyənilmişdir. Tarix boyu bir çox ictimai fəsadların səbəbkarı Allahsız varlılar olmuşlar. Naz-ne’mət içində yaşayan, daim öz var-dövlətini artırmaq barədə düşünən, bu yolda heç bir cinayətdən çəkinməyən dinsiz varlılar bəşəriyyət üçün daim təhlükədir. İbn Abbasdan mə`nalı bir hədis nəql olunur: “İlk dirhəm və dinar sikkələri hazırlanan vaxt İblis onlara baxıb əlinə aldı, gözlərinin üstünə qoydu. Şadlıqdan başını itirmiş vəziyyətdə fəryad çəkdi. Yenidən onları sinəsinin üzərinə qoydu və dedi: “Siz mənim gözümün nuru, qəlbimin meyvəsisiniz. İnsanlar sizi sevdiyi bir vaxtda onların bütpərəst olub-olmamasının mənim üçün əhəmiyyəti yoxdur. Onların sizi sevməsi mənə bəs edir!”3
Deyilənlərdən aydın olur ki, zöhd və paklıq halal qazanc və halal var-dövlətlə zidd deyil. İnsanın öz ehtiyacları və ətrafındakıların ehtiyaclarını ödəmək üçün sərvət əldə etməsi pis iş deyil. Pis odur ki, insan var-dövlətə əsir olsun, ona çatmaq üçün bütün çirkin, qeyri-əxlaqi işlərə əl atsın, başqalarının haqqını tapdasın.
Tənbəllik və süstlük istənilən bir halda məzəmmət olunur. İslam dini iş və zəhmətə böyük əhəmiyyət verir, insanları halal qazanca təşviq edir. Hədisdə oxuyuruq: “Tabeçiliyində olanların ehtiyacını ödəmək üçün əziyyət çəkən insan Allah yolunda cihad edən kəs kimidir.”1
Qeyd etmək lazımdır ki, iş və zəhmət dedikdə təkcə əkinçilik, heyvandarlıq və sənətkarlıq nəzərdə tutulmur. İnsanın bəşəriyyət üçün faydalı bütün xidmətləri, o cümlədən elmi, mədəni fəaliyyətlər zəruri fəaliyyət sahələrindəndir.
Ticarət, alış-veriş
Halal qazanc əldə etmək üçün yollardan biri də ticarət, alış-verişdir. Dolanışıq ehtiyaclarının tə`minində ticarətin mühüm rolu var. İnsan ictimai varlıqdır və onun təkbaşına çalışıb öz ehtiyaclarını ödəyə bilməməsi təbii bir işdir. Demək, insan öz ehtiyaclarının tə`mini üçün başqaları ilə həmkarlığa məcburdur. O bu yolla öz ruhi və fiziki ehtiyaclarını tə`min edir. Alış-veriş və müamilə insanların qarşılıqlı rabitələrinin bariz nümunəsidir. İnsan ticarət yolu ilə ehtiyac duyduğunu əldə edir, ehtiyac duymadığını ehtiyac duyan başqa bir insanın ixtiyarına verir. İslam dini nəinki ticarətlə müxalif deyil, hətta insanları bu işə təşviq edir. Hətta bə`zi rəvayətlərdə bu sahə halal qazanc üçün başqa sahələrdən üstün tutulur. Rəvayətdə bildirilir ki, ruzinin onda doqquzu ticarətdə, qalan onda biri isə digər sahələrdədir.2
Şübhəsiz ki, İslam cəmiyyətin ehtiyaclarını aradan qaldıran ticarətə təşviq edir. İslam cəmiyyət üçün zərərli, haqq-ədalətdən uzaq, zülmlə müşayiət olunan müamilələri rədd edir. Bu səbəbdən də ticarətlə məşğul olmaq qərarına gələn insan İslam dininin ticarətlə bağlı hökmlərindən xəbərdar olmalıdır.
Əsbəğ ibn Nəbatə deyir: Həzrət Əli (ə) minbərdən belə buyurdu: “Ey tacirlər, öncə dini məsələlərinizi öyrənin, sonra alış-verişə məşğul olun.”1
Digər bir hədisdə imam Baqirdən belə nəql olunur: “Əmirəl-mö`minin Kufə bazarlarında sübh vaxtı gəzib uca səslə buyururdu: “Ey tacirlər, Allahdan qorxun.” Həmin vaxt hamı işini saxlayıb həzrəti dinləyərdi. Həzrət buyurardı: “Allahdan xeyir istəyin. İşi asanlaşdırıb xalqda bərəkət axtarın. Alıcılara yaxınlaşıb elm və səbri işinizə zinət qərar verin. And içməkdən çəkinin, yalan danışmayın. Zülm etməyin, məzlumların haqqını tələb edin. Sələmdən uzaq olun, əskik satmayın, xalqın malını kəsməyin, yer üzündə fəsad törətməyin.” Həzrət Kufə bazarlarını gəzib bu sayağı xəbərdarlıq edər, sonra xalqın müşküllərinin həlli üçün iş yerinə qayıdardı.2
Satıcı və alıcı ilə bağlı şərtlər
Satıcı və alıcı büluğ həddinə çatmış, ağıllı adam olmalı, müamiləyə məcbur edilməməlidir. Hər iki tərəf səfeh olmamalı, yə`ni olanını boş yerə sərf etməməlidir. Satıcı və alıcı xalqın nəzərində ağıllı şəxs kimi tanınmalı, müamilədə ciddi olmalıdır. Bir şəxsin zarafatla “filan malı satdım” deməsi müamilə üçün kifayət etmir.
Batil müamilə
Bir neçə halda müamilə batildir. Onlardan bə`zilərini nəzərdən keçirək:
1. Şəriət baxımından murdar bir şeyin satışı və alışı; murdar şeydən haram məqsədlə istifadə üçün alınarsa bu müamilə batildir; qan kimi murdar şeydən xəstənin müamiləsi üçün almaq olar; Məsələn, ov üçün əslində murdar olan ov itinin alış-verişi caizdir.
2. Murdara toxunmaqla murdarlanmış yeməli və içməli mə`mulatların müamiləsi; əgər həmin murdar şeyi aldıqdan sonra paklamaq mümkündürsə, bunun eybi yoxdur.
3. Qeyri-şər`i yolla, məsələn, oğurluqla əldə edilmiş bir şeyin müamiləsi.
4. Milçək, ağcaqanad kimi dəyəri olmayan şeyin müamiləsi.
5. Qumar alətləri kimi yalnız haram yolda istifadə edilən şeylərin müamiləsi.
6. Narkotik maddələr kimi cəmiyyət üçün zərərli şeylərin müamiləsi; saxta dərmanlar, vaxtı keçmiş qidalar, sağlamlıq üçün zərərli məhsullar da bu qəbildəndir.
7. Sələmlə müşayiət olunan müamilələr; Məsələn, 5 kiloqram düyü verib 6 kiloqram düyü almaq. Belə müamilələrdə iki şey arasında keyfiyyət fərqi olsa belə, artıq alınan miqdar haram sayılır.
8. Qatqılı malın müamiləsi; Məsələn, pis mal yaxşı mala qatılır və yaxşı mal adı ilə satılır; bitki yağını kərə yağına qatıb kərə yağı adı ilə satmaq bu qəbildəndir;
Sual: Alış verişdə and içməyin hökmü nədir?
Cavab: Düzgün and məkruh, yalan and haramdır.
Sual: Böyrək kimi bədən üzvlərinin müamiləsinin hökmü nədir?
Cavab: Əgər satan şəxs üçün əhəmiyyətli zərəri olmazsa, eybi yoxdur.
Sual: Haram işlərdə istifadə edilə biləsi videomaqnitafon DVD, boşqab anten kimi qurğuların hökmü nədir?
Cavab: Bu qurğular da sair audio-video qurğuların hökmündədir. Əgər haram işdə istifadə edilərsə, onların müamiləsi də caiz olmur. Əgər halal işdə istifadə edilərsə uyğun müamilənin eybi yoxdur.
Sual: Əgər bir şəxs müamiləyə məcbur edilərsə bu müamilənin hökmü nədir?
Cavab: Əgər müamilə başa çatdıqdan sonra tərəflər razı qalarsa, bu müamilə düzgündür. Əks təqdirdə müamilə batildir.
Sual: Əgər bir şəxs sahibindən icazə almadan bir malı satarsa, bunun hökmü nədir?
Cavab: Əgər müamilədən sonra mal sahibi razılaşarsa, müamilə düzgündür, razılaşmazsa müamilə batildir.
Dostları ilə paylaş: |