Pak niyyət orucun əsasıdır
İnsan müxtəlif məqsədlərlə yeməkdən çəkinə bilər. Orucu digər aclıqlardan fərqləndirən onun ilahi niyyətlə yerinə yetirilməsidir. Oruc tutan şəxs təkcə yemək-içməkdən yox, orucu batil edən bütün işlərdən çəkinir. Əgər bir şəxs ilahi niyyətsiz oruc tutarsa, bu yalnız özününümayiş olar. Həzrət Peyğəmbər (s) buyurur ki, özünü göstərmək üçün oruc tutanın qazancı yalnız aclıq və susuzluqdur.1 Bu müamilədə yalnız pak niyyətli əməlin dəyəri var.
Oruc tutarkən namaz və Həccdə olduğu kimi, hansısa əməlləri yerinə yetirmək lazım gəlmir. Oruc tutan şəxs yemək və içməkdən, bu kimi bə`zi işlərdən çəkinməlidir. Bu səbəbdən də oruc insanların diqqətini az cəlb edir. Təbiidir ki, bu ibadətdə riya üçün bir o qədər də meydan yoxdur. Oruc tutanların əksəri Allahın razılığı üçün bu ibadəti yerinə yetirir. Olsun ki, elə bu səbəbdən Allah-taala oruc tutanların mükafatını öz öhdəsinə götürür.
Niyyətdir yaşadan ibadətləri,
İncisiz sədəfin nədir dəyəri?2
Orucun bə`zi hökmləri
Öncə qeyd olunduğu kimi, niyyəti dilə gətirmək vacib deyil. Əgər insan oruc tutarkən Allahın əmrini yerinə yetirdiyini nəzərdə tutarsa, bəs edər. Orucun niyyəti üçün üç hal mümkündür:
a) Müəyyən vaxtda oruc tutmaq üçün (məsələn, mübarək ramazan ayında) gecənin əvvəlindən sübh azanınadək sabah üçün oruc niyyət etmək olar.
b) Vaxtı müəyyən olmayan qəza orucu kimi bir oruc üçün günorta azanınadək niyyət etmək mümkündür. Bir şəxs sübh vaxtı oruc tutmaq məqsədində olmasa da, günortayadək orucu pozan bir iş görməsə, oruc niyyət edə bilər.
c) Müstəhəb oruc tutmaq istəyən insan qüruba bir qədər qalanadək niyyət edə bilər. Yə`ni axşamadək orucu batil edən bir iş görməmiş şəxs qürubdan öncə oruc niyyət etsə, orucu düzgündür.
Sual: Əgər bir şəxs sübh azanından öncə səhəri gün üçün oruc niyyəti etsə və yatıb şam azanından sonra oyansa, orucu düzgündürmü?
Cavab: Bəli.
Sual: Yaxşını pisdən seçən buluğ həddinə çatmamış uşağın orucu və digər ibadətləri düzgündürmü?
Cavab: Uşağın ibadəti düzgündür.
Orucu batil edənlər
Bə`zi işlər orucu batil edir. Onlardan bə`zilərini nəzərdən keçirək:
1. Yemək və içmək
Əgər oruc tutan şəxs bilərəkdən bir şey yesə və ya içsə həmin şeyin az-çoxluğundan asılı olmayaraq oruc batildir. İnsanın yeməli və ya yeməli olmayan torpaq kimi bir şey yeməsinin fərqi yoxdur. Amma oruc olduğunu unutmuş insan bir şey yeyərsə, orucu batil olmaz. Bu oruc həm vacib, həm də müstəhəb oruc ola bilər.
Sual: Oruc halda iynə vurdurmağın hökmü nədir?
Cavab: Ağrıkəsici və peyvənd iynələrinin vurulmasının eybi yoxdur. Amma vacib ehtiyata əsasən, gücləndirici iynələrdən və dərmanlardan çəkinmək lazımdır.
Sual: Boğazın və ya sinənin bəlğəmini udmaq orucu batil edirmi?
Cavab: Əgər bəlğəm ağıza çatmamışsa onu udmağın eybi yoxdur. Amma ağız fəzasına daxil olmuş bəlğəmi udmaq olmaz.
Sual: Oruc halda ağız suyunu udmaq olarmı?
Cavab: Bunun eybi yoxdur. Hətta dadlı şeylər görən insanın ağzı sulanarsa ağız suyunu uda bilər.
2. İstimna
Əgər oruc tutan şəxs ondan məni (sperma) çıxaracaq bir iş görərsə orucu batildir və bu iş haram işdir. Amma yuxuda möhtəlim olan, orqanizmindən sperma xaric olan insanın orucu düzgündür və bu halda oyanıb məninin qarşısını alması lazım deyil.
3. Allah və mə`sumların adından yalan söyləmək
Oruc tutan şəxs danışıq, yazı və işarələrlə Allah və mə`sumların adından bilərəkdən yalan danışarsa, vacib ehtiyata əsasən orucu batildir. Əgər dərhal yalan dediyini bildirərsə və tövbə qılarsa, bu işi zarafat məqsədi ilə görərsə, pis iş görmüşsə də orucu batil olmaz.
Sual: Əgər oruc tutan şəxs mə`sumların adından bir söz demək istəsə və həmin sözün düzgünlüyünü bilməsə, nə etməlidir?
Cavab: Ehtiyata əsasən, dediyi sözün mənbəsini göstərməli, kimdən eşitdiyini və ya haradan oxuduğunu bildirməlidir. Həmin sözləri qəti şəkildə Allaha və mə`sumlara aid etməməlidir.
4. Qatı tozun boğaza çatması
Bilərəkdən qatı tozun boğaza çatması vacib ehtiyata əsasən orucu batil edir. Bu tozun halal və ya haram şeyin tozunun olmasının fərqi yoxdur. Vacib ehtiyata əsasən, oruc tutan şəxsin boğazına qatı buxar və siqaret tütüsü kimi tüstülər də yetişməməlidir.
5. Başı tam şəkildə suya salmaq
Oruc tutan şəxs bilərəkdən başını tamamilə suya və ya gülab kimi qatışıq bir mayeyə batırarsa bədəni bayırda qalsa belə, vacib ehtiyata əsasən həmin orucun qəzasını tutmalıdır. Amma bütün bədən suda olduğu halda başın bir miqdarı bayırda qalarsa oruc batil olmaz. Müstəhəb ehtiyata əsasən oruc tutan qadın suya oturmamalıdır.
Sual: Başın bir hissəsi bir dəfə, o biri hissəsi növbəti dəfə suya batırılarsa oruc batil olarmı?
Cavab: Xeyr. Baş bir dəfəyə bütünlüklə suya batırıldıqda oruc batil olur. Əgər baş tükündən bir miqdarı sudan bayırda qalarsa vacib ehtiyata əsasən həmin orucu başa vurub sonradan qəzasını yerinə yetirmək lazımdır.
Sual: Əgər bir şəxs ixtiyarsız olaraq suya düşsə və başı bütünlüklə suya batsa, orucu batildirimi? Bilmədən başını suya batıran adamın hökmü nədir?
Cavab: Bu adamların orucu batil deyil. Amma unutduğundan başını suya batıran şəxs bunu xatırladığı vaxt dərhal sudan çıxmalıdır.
Sual: İrtimasi qüsldə bədən bütünlüklə suya batırılır. Oruc halda belə bir qüsl vermək olarmı?
Cavab: Əgər bir şəxs oruc olduğunu unudub irtimasi qüsl verərsə orucu və qüslü düzgündür. Amma oruc olduğunu bildiyi halda (mübarək ramazan ayının orucu) bir şəxs irtimasi qüsl verərsə, vacib ehtiyata əsasən həm qüslü, həm də orucu batildir. Əgər tutduğu orucu müstəhəb və ya vaxtı geniş bir orucdursa, qüslü düzgündür, vacib ehtiyata əsasən orucu batildir.
Sual: Oruc tutan şəxs başını şəlalə və ya böyük borudan axan suyun qabağına tuta bilərmi?
Cavab: Əgər su bütün başı əhatə edəcək həddə olarsa, bu işin eybi var.
Sual: Oruc tutan şəxs üzgücü papağı ilə suya bata bilərmi?
Cavab: Xeyr.
6. Sübh azanınadək cənabət, heyz və ya nifas halında qalmaq
Mübarək ramazan ayının orucu və ya onların qəzasını tutarkən, vacib ehtiyata əsasən hər bir vacib orucda insanın sübh azanınadək cünub, heyz və ya nifas halında qalması orucu batil edir. Vəzifəsi təyəmmüm olan şəxs təyəmmüm edərsə orucu batil olmaz. Amma müstəhəb oruc tutan insanın sübh azanınadək cənabət halında qalması orucu batil etmir.
Sual: Əgər bir şəxs mübarək ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə (məni xaric olduğunu) orucu düzgündürmü?
Cavab: Bəli, düzgündür.
Sual: Əgər oruc tutan şəxs gündüz vaxtı yatıb möhtəlim olarsa, dərhal qüsl verməsi vacibdirmi?
Cavab: Xeyr, vacib deyil.
7. Qusmaq
Əgər oruc tutan şəxs bilərəkdən qusarsa orucu batil olar. Əgər bilmədən, özündən ixtiyarsız qusarsa orucu batil olmaz. Qusan insan ağzına gələn şeyi çölə tökməli və udmamalıdır.
Sual: Oruc halda gəyirməyin hökmü nədir?
Cavab: Gəyirmək orucu batil etmir. Amma oruc tutan şəxs bilsə ki, gəyirsə boğazından bir şey xaric olacaq, bilərəkdən gəyirməməlidir.
Dostları ilə paylaş: |