Orucun kəffarəsi
Əgər bir şəxs bilərəkdən, heç bir üzrü olmadan ramazan ayının orucunu tutmasa, ya da oruc tutub günün axrınadək orucunu pozsa, həm qəza orucu tutmalıdır, həm də oruc kəffarələrindən birini yerinə yetirməlidir. Orucun kəffarələri:
a) 60 gün (31 günü ardıcıl) oruc tutmaq;
b) 60 fəqiri doyurmaq və ya onların hər birinə 750 qram-1mud çöək təam vermək. İnsan kəffarə olaraq 60 fəqirin payını 60-dan az fəqirə bölə bilməz.
c) Allah yolunda qul azad etmək. Əlbəttə ki, bu gün belə bir kəffarə vermək mümkün deyil.
Diqqət: Əgər oruc tutan şəxs şərab, istimna, Allah və mə`sumların adından yalan kimi haram işlə orucunu pozarsa, vacib ehtiyata əsasən həm qəza orucu tutmalıdır, həm də üç kəffarə ödəməlidir.
Müsafirin orucu
Dördrəkətli namazı iki rəkət qılmalı olan müsafir səfərdə oruc tuta bilməz. Amma səfərdə namazını tam qılan müsafir (peşəsi səfər olan şəxs və ya haram səfərə çıxan şəxs) orucunu tutmalıdır. Səfərdə on gün bir yerdə qalmaq qərarına gəlmiş müsafir də orucunu tutur.
Sual: Ramazan ayında səfərə çıxmaq olarmı?
Cavab: Bunun eybi yoxdur. Amma səfərə çıxmaqda məqsəd orucdan qaçmaqdırsa, bu iş məkruhdur.
Sual: Səfərdə müstəhəb oruc tutmaq olarmı?
Cavab: Xeyr. Yalnız Mədinə şəhərində hər hansı istəyin həyata keçməsi üçün üç gün müstəhəb oruc tutmaq olar. Vacib ehtiyata əsasən həmin oruclar çaharşənbə, cümə axşamı və cümə günləri tutulmalıdır.
Sual: Bir şəxs mübarək ramazan ayında səfərdən öz şəhərinə qayıdarsa və ya səfərdə on gün bir yerdə qalmaq qərarına gələrsə, həmin günün orucunu tutmaq vacib olurmu?
Cavab: Əgər günorta azanından qabaq öz şəhərinə çatarsa, həmin vaxtadək orucu pozan bir iş görməzsə, oruc niyyət etməlidir və həmin günü oruc tutmalıdır. Əgər günortadan sonra çatarsa və ya on gün qalmaq qərarına gəldiyi yerə yetişərsə, həmin günün orucu düzgün deyil. Həmin vaxtadək orucu pozan bir iş görməsə də oruc tuta bilməz.
Kimlərə oruc tutmaq vacib deyil?
Müsafirdən əlavə bir neçə şəxsə ramazan ayının orucu vacib deyil:
1. Oruc tutmaq gücü olmayan və ya orucdan əziyyət çəkən yaşlı insanlar;
2. Özünə və körpəsinə orucdan ziyan olacaq hamilə qadınlar, amma sonradan orucunun qəzasını tutmalıdır;
3. Əgər övladına süd verən qadına və onun körpəsinə oruc zərər olarsa, oruc tutmamalıdır. Amma sonradan oruclarının qəzasını yerinə yetirməlidir;
4. Büluğ həddinə çatmış, amma oruc tutmağa fiziki gücü olmayan, orucdan çox əziyyət çəkən uşaqlar; amma qüdrətləri çatan vaxt həmin orucun qəzasını tutmalıdırlar.
Sual: Orucun zərərli olduğunu bilən şəxs oruc tuta bilərmi?
Cavab: Xeyr. Əgər oruc tutarsa, orucu batildir. Üzrü aradan qalxdıqdan sonra orucunun qəzasını tutmalıdır.
Sual: Əgər bir şəxs orucun ona zərər olmadığını düşünüb oruc tutarsa və qürubdan sonra orucun zərərli olduğu bilinərsə, tutduğu oruc düzgündürmü?
Cavab: Xeyr. Həmin orucun qəzasını tutmalıdır.
Sual: Müstəhəb orucu sona çatdırmaq vacibdirmi?
Cavab: Xeyr. Müstəhəb oruc tutan şəxs günün istənilən bir vaxtı orucunu aça bilər. Əgər mö`min bir şəxs ona yeməli bir şey təklif edərsə, bu təklifi qəbul etməyi müstəhəbdir.
Sual: Oruc halda diş çəkdirmək olarmı?
Cavab: Bu iş məkruhdur. Oruc halda qan vermək, zəifliyə səbəb olacaq istənilən bir iş görmək məkruhdur.
Sual: Övlad ata-anasının icazəsi olmadan müstəhəb oruc tuta bilərmi?
Cavab: Əgər övladın orucu ata-anaya əziyyət olarsa, bu işə icazə verilmir.
Sual: Əgər bir şəxs oruc halda cənazəyə toxunsa, orucu batil olarmı?
Cavab: Xeyr. Əgər meyitə toxunma qüslü verərsə də, orucu batil olmaz. Amma namaz üçün meyitə toxunma qüslü verməlidir.
Sual: Mübarək ramazan ayında qəza orucu olan şəxs müstəhəb oruc tuta bilərmi?
Cavab: Xeyr. Vacib ehtiyata əsasən öhdəsində istənilən bir vacib orucun qəzası olan şəxs müstəhəb oruc tuta bilməz.
On səkkizinci fəsil İslamda maddi məs`uliyyətlər, həmdərdlik
İslam təkcə əxlaqi və e`tiqadi məktəb deyil. Bu din bəşəriyyətin maddi və mə`nəvi ehtiyaclarını əhatə edən kompleks göstərişlərdən ibarətdir. İslam dinində həzrət Peyğəmbərin (s) dövründən başlayaraq məhrumlara, ehtiyaclılara, kimsəsizlərə, xəstələrə və əlillərə xüsusi diqqət göstərilmişdir.
Sərvət əldə edilməsi, onun necə xərclənməsi, vacib haqların ödənməsi ilə bağlı İslam qanunları elə tənzimlənmişdir ki, həm fərdin təlaşlarına və mülkiyyətinə hörmət göstərilir, həm də iqtisadi əməliyyatların bir qrupun əlində toplanmasının qarşısı alınır.
Dini rəhbərlərin nəzərincə, varlılar Allahın tə`yin etdiyi haqları ödəsələr, cəmiyyətdə yoxsul qalmaz. Cəmiyyətdə yoxsulların mövcudluğunun əsas səbəblərindən biri varlıların dini haqları ödəməməsidir. Həzrət Əli (ə) buyurur: “Yalnız varlı əlinə yığdığından yoxsul ac qaldı.1
Qur`an ayələri və mə`sumların buyuruqlarına nəzər saldıqda aydın olur ki, İslam dininin əsas məqsədlərindən biri sosial təbəqələr arasındakı ədalətsiz fərqləri aradan qaldırmaqdır.
Bu məqsədə çatmaq üçün İslam dininin xüsusi və geniş proqramları var. Bu proqramlara əməl edilərsə, xoşbəxt bir cəmiyyət qurular. Ədalətsizlik, insafsızlıq, bahaçıllıq, əskik satmaq, xalqın malının qəsb edilməsi, oğurluq, israf, saxtakarlıq, qatqıçılıq, fırıldaqçılıq, rüşvətxorluq, möhtəkirlik, sələmçilik kimi işlərdən uzaq olmaq, eyni zamanda xüms və zəkat kimi haqları ödəmək, fitriyyə, kəffarə, nəfəqə kimi haqları sahibinə çatdırmaq İslam dinində nəzərdə tutulmuş proqramların tərkib hissəsidir. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında sədəqələrin, qərzül-həsənə ( xeyir gözləmədən verilən gözəl borc) banklarının, ümumi vəqflərin böyük əhəmiyyəti var.
İslam proqramlarında cəht göstərilir ki, insanlarda iman, qardaşlıq, insaniyyət, ədalətpərvərlik ruhu tərbiyə olunsun. Müsəlman qonşusu ac ikən tox yatmaqdan utanmalıdır.
Fəzldən, ehsandan uzaq olan kəs
Kor kimi yoxsula göstərməz həvəs.
Dünyanı qazanmaq sayılmaz hünər.
Çalış ki, qəlblərə çalasan zəfər.1
Söhbətimizin bu məqamında maddi məs`uliyyətlərlə bağlı bə`zi məsələləri nəzərdən keçirəcəyik.
Dostları ilə paylaş: |