Əmr be mə`ruf və nəhy əz munkərin şərtləri
Aşağıda göstərilən şəraitdə əmr be mə`ruf və nəhy əz munkər vacibdir və onu tərk etmək günah sayılır:
1. Bu vəzifəni yerinə yetirmək istəyən insan “məruf” və “munkəri” bir-birindən seçə bilməlidir. Nəyin yaxşı, nəyin pis olduğunu bilməyən şəxs uyğun vəzifəni yerinə yetirə bilməz.
2. Ehtimal olunmalıdır ki, əmr və qadağanın tə`siri olacaq. Əgər deyilən sözlərin təsirsiz qalacağı mə`lumdursa, bu vəzifə vacib deyil.
Şoranlıq torpaqda sünbül cücərməz,
Toxumu zay etmə, başqa bir yer gəz.1
3. İnsan bilməli və əmin olmalıdır ki, günahkar şəxs günahını davam etdirmək fikrindədir. Əgər günahın davam etdiriləcəyi mə`lum deyilsə və belə bir ehtimal yoxsa, əmr və qadağa vacib deyil.
4. Bu vəzifənin yerinə yetirilməsi daha böyük fəsad yaratmamalıdır. Əgər insan bilərsə və ya ehtimal edərsə ki, bu vəzifəni yerinə yetirməsi onun və başqalarının canı, şəxsiyyəti və malı üçün ciddi zərərə səbəb olacaq, belə bir halda əmr və qadağa haramdır.
5. Əgər əmr be mə`ruf və nəhy əz munkər etmək istəyən insandan öncə kimsə bu işi görmüşsə və nəticə alınmışsa, əmr və qadağa vacib olmur. Çünki bu vəzifə “kifayi vacib” vəzifələrdəndir. Başqaları onu yerinə yetirdiyi vaxt insanın öhdəsinədən götürülür.
Məndən qabaq demişlərsə bir sözü,
Qarışmağım yersiz olardı düzü.
Korun qarşısına çıxarsa quyu,
Mən görürkən kim çəkməli harayı.2
Sual: İnsanları müstəhəb işlərə də`vət etməyin, onların məkruh işlərdən işlərdən çəkindirməyin hökmü nədir?
Cavab: Bu qəbil əmr və qadağa müstəhəb əmr və qadağadır.
Sual: İnsanın canı və malı üçün istənilən bir təhlükə olduqda bu vəzifə hdədən götürülürmü?
Cavab: Xeyir. Elə hallar var ki, bu vəzifə insanın öhdəsindən götürülmür. Qur`an, müsəlmanların inancı və müstəqilliyi üçün təhlükə yarandıqda hətta can və maldan keçib onları qorumaq lazımdır. Əlbəttə ki, bu halda şər`i hakimin icazəsinə ehtiyac var.
Əmr be mə`ruf və nəhy əz munkərin mərhələləri
Bu mühüm vəzifəni yerinə yetirmək üçün dərəcə və mərtəbələr mövcuddur. Əgər aşağı mərtəbə ilə məqsədə çatmaq mümkün deyilsə, növbəti mərhələyə geçmək olar. Uyğun mərtəbələrlə tanış olaq:
1. Rəftarla hərəkət: ilk addımda günahkarla elə rəftar edilməlidir ki, o günaha görə bu rəftara mə`ruz qaldığını hiss etsin. Məsələn, ondan üz çevirmək, xoş davranmamaq, get-gəli kəsmək nümunə göstərilə bilər.
2. Dillə hərəkət: Bu mərhələdə günahkara nəsihət verilir, o doğru yola çağırılır. Əgər moizə-nəsihət tə`sir etmirsə, sərt danışmaq lazımdır.
3. Əməli hərəkət: Əgər günahkarı zor göstərmədən pis işdən çəkindirmək və ya yaxşı işə sövq etmək mümkün deyilsə, ona güc göstərilməlidir. Amma bu addım qarşı tərəfin yaralanması və ya ölümü ilə nəticələnə bilərsə, özbaşına hərəkət etmək olmaz. Bu şəraitdə zəruri şərtlərə malik müctəhiddən icazə alınmalıdır.
Bir neçə tövsiyə
1. Əmr be mə`ruf və nəhy əz munkərdə məqsəd fərd və cəmiyyətin islahı olmalıdır. İnsan canıyananlıq, xoş niyyətlə bu işi görməlidir. Əmr və qadağada intiqam hisslərinə, kin-küdurətə yol verilməməlidir.
2. Əmr və qadağada imkan həddində lütf və məhəbbət göstərilməlidir. Bu üsul ən tə`sirli üsuldur. Sərt rəftarların gözlənilməz nəticələri də olur. Peyğəmbərlərin və mə`sumların rəftarlarından aydın olur ki, məhəbbət göstərməklə ən yola gəlməz adamları da islah etmək olur.
3. Bə`zilərinin əmr və qadağası tə`sirsiz qaldığı halda başqaları özlərini tə`sirli görərsə, bu yönümdə addım atmalıdır.
4. Bə`zən bu ilahi vəzifəni yerinə yetirmək bir nəfərin əlindən gəlmir və bu işdə ümumi şəkildə hərəkət edilməlidir.
5. Əmr və qadağa vəzifəsinin öz çətinlikləri var. Çünki bə`zi mənafepərəst insanlar həqiqəti asanlıqla qəbul etmir. Onlar bə`zən insanları yaxşılığa çağırıb, pislikdən çəkindirənləri hədəfə alırlar. Demək, bu işdə səbirli və dözümlü olmaq, kiçik bir çətinlik gördükdə meydanı boş buraxmamaq lazımdır. Həzrət Loğman oğluna nəsihətlərində deyir: “Oğlum! Namaz qıl, insanları yaxşılığa çağır, pislikdən çəkindir. Bu işdə nə əziyyət çəksən səbirli ol, belə etməyin işlərdə sabitqədəmlik göstəricisidir.”1
6. Hazırkı dövrdə mədəniyyət mərkəzlərinin yaradılması, kitab nəşri, radio və televiziya proqramları insanların əqidə, əxlaq və əməlinə əhəmiyyətli tə`sir göstərir. Bu istiqamətdə çalışmaq çox mühümdür. Hər kəs öz gücündə bu yönümdə addım atmalıdır. Kütləvi informasiya vasitələrində gözəl əxlaq, insani keyfiyyətlər, İslam mədəniyyəti təbliğ olunmalıdır. Bu istiqamətdə çeşidli proqramlar həyata keçirmək, qeyri-İslami, açıq-saçıq layihələrdən çəkinmək lazımdır.
Sual: Əgər günahkarı bir günahdan çəkindirmək üçün onun əlindəki günah vasitəsini almaq lazım gələrsə, bu işi zorla görmək olarmı?
Cavab: Bəli. Çarə qalmadıqda, bu iş nəinki caiz, hətta vacibdir. Əgər günahın qabağını almaq üçün günahkarı bir məhələdən çıxarmaq lazımsa bu işi görmək olar.
Sual: Bir insanı günahdan uzaqlaşdırmaq üçün insan özü günaha bata bilərmi?
Cavab: Xeyr. Yalnız qarşı tərəfin günahı çox böyük olduqda, şəriət bu məsələyə ciddi yanaşdıqda müəyyən addımlar atmaq olar. Əgər bir şəxsi nahaqdan öldürmək istəyirlərsə əmr və qadağanın mərtəbələrini gözləməklə bu işin qarşısını almaq lazımdır. İnsanın həyatını xilas etmək üçün kiçik günahlara yol vermək olar.
Sual: Əgər bir şəxs günahsız insanı öldürmək üçün ona hücum edirsə və onun qarşısını almaq üçün hökmən yaralamaq və öldürmək lazımdırsa, müctəhidin icazəsinə ehtiyac varmı?
Cavab: Xeyr. Bu halda günahsız bir şəxsi öldürmək istəyənin qarşısı istənilən bir vasitə ilə alınmalıdır. Bu iş onun ölümü ilə başa çatarsa da, addım atılmalıdır.
Çətin anda qalmasa çıxış yolu
Yubanmadan qılınca əl atmalı!1
İyirmi ikinci fəsil Halal və haram qazanclar İş və zəhmətin əhəmiyyəti
İslam tə`limlərində dolanışıq ehtiyaclarının tə`mini üçün halal iş və qazancın müstəsna əhəmiyyətə malik olduğu bildirilir. İş və zəhmət insanı süstlük və halsızlıqdan qurtarmaqla yanaşı fiziki və mə`nəvi sağlamlıq üçün faydalıdır. İş və zəhmətdən qaçan bir çox millətlər yoxsulluğa düçar olur, öz ehtiyaclarının tə`minində biganələrdən asılı vəziyyətə düşür. Bu qəbil millətlər heç vaxt müstəqillik və əzəmət tamını dada bilmir.
Bir çox rəvayətlərdə belə bir nöqtə vurğulanır ki, Allah-taala işsiz, çox yatan insanı düşmən sayır.1 İlahi peyğəmbərlər, o cümlədən İslam peyğəmbəri (s) və onun mə`sum canişinləri əkinçilik, heyvandarlıq, dərzilik, zireh toxumaq kimi işlərlə məşğul olmuş, öz zəhmətləri ilə həyat ehtiyaclarını tə`min etmişlər. Hədisdə bildirilir: “Allah-taala həzrət Davuda vəhy etdi: “Ey Davud! Sən yaxşı bəndəsən. Amma eyibin budur ki, dolanışıq ehtiyaclarını beytül-maldan (dini büdcədən) tə`min edir, öz əlinin zəhmətindən faydalanmırsan.” Bu hadisədən sonra həzrət Davud 40 gün sübh çağı Allah dərgahına üz tutub ağladı. Allah-taala vəhy edib dəmiri Davud üçün yumşaltdı. Həzrət Davud hər gün dəmirdən zireh hazırlayır, onu satıb dolanışıq ehtiyaclarını tə`min edirdi.”2
Həzrət Əlinin (ə) haqqında bildirilir ki, o əlində bel əkin sahəsində, xurma bağında çalışırdı. Həzrət öz əlinin zəhməti ilə min qul alıb Allah yolunda azad etmişdi.3
Dostları ilə paylaş: |