Allah qorxusu ilə qəlbi məstlikdən qurtarmağın zəruriliyi
Biz mənəvi və ruhani həyat haqqında danışdıq. Amma qəlb heyvani hisslərin duyulması səbəbindən diri sayılır. Əksinə, heyvani hisslərdən məhrum qəlbi ölü adlandırırlar. Əlbəttə ki, insan təbiətinin tələb etdikləri məqbuldur. İstər dünyəvi, istər üxrəvi (axirətə aid) baxımdan təbii istək qəbul olunur. Şadlıq və ləzzət öz-özlüyündə pislənilmir. Xüsusi ilə bu istək Allah tərəfindən məqbuldursa və imam Mehdinin (əc.) razılığı ilə qarşılanırsa axirət səadətinə aparır. Amma peyğəmbər məktəbində tərbiyə alanlardan savayı hər bir insanın şadlığı dünyəvidir və dünya üçündür. Belələri dünya həyatını əsas götürdüklərindən dünya ehtiyacları ödəndikdə sevinir, bu ehtiyaclar təmin olunmadıqda qəmlənirlər. Əlbəttə ki, belə bir hal xoşagəlməzdir. Allah-təala buyurur: “Allah (məst halda) şadlananları sevmir.”2 Ayədəki “fərih” sözü “şadlanan” kimi tərcümə olunmuşdur. Əslində “fərih” dedikdə ifrat dünyəvi ləzzətlərdən sevinən kəs nəzərdə tutulur. Şübhəsiz, bu sayağı şadlıq məqbul deyil. Bu qəbil şadlıqlar uşaq sayağı və düşüncəsiz şadlıqlardır. “Fərih” sözü əslində “sərxoş” kimi tərcümə olunmalıdır.
Peyğəmbər məktəbində tərbiyə almayanlar bəzən bu sayağı məstliyə düçar olur, şadlıqdan əl-ayaqlarını itirirlər. Onlar öz dərisinə sığmır, ilahi vəzifələri yaddan çıxarırlar. Qəflət və xəbərsizlik onların qəlbini qaraldır. Nəticədə ibadət və minacata şövqdən məhrum edilirlər. Bu qəbil insanlar adətən hər məclisi qəh-qəhə və zarafatla keçirir, hətta ayaqlarını yerə döyüb rəqs edirlər. Bəziləri bu növ sərxoşluğu qəlbin diriliyi kimi tanıtdırır. Kim bu halda deyilsə, onların nəzərincə, qəlbi ölmüşdür. Şübhəsiz, bu sayağı şadlıqlar qəbul deyil. İnsan özündə yaranan bu halla mübarizə aparmalıdır. Belə yalançı şadlıqları öldürmək zəruridir. Cahilanə şadlıqla mübarizə halını qəlbin ölülüyü kimi təqdim etmək düzgün deyil. İnsan qəlbində pərişanlıq zəmini yaratmalıdır. Öz danışıq və rəftarı barədə düşünməklə səhvlərinə görə ağlamalı, Allahın diqqəti üçün zəmin yaratmalıdır. Bu səbəbdən də Allah-təala həzrət Musaya buyurur: “Qəlbini Allah-qorxusu ilə öldür.”
İnsanı Allahın əzəməti haqqında düşünməyə vadar edən qəlbdəki xof halıdır. Əksinə, şeytani məstlik və qürur insanın diqqətini Allahdan yayındırır, onun öz məbudunu dərk etmək gücünü əlindən alır. Bu xəstəliklə mübarizə üçün azğın nəfsə nəzarət etmək zəruridir. Bu nəzarət insanda təvazö halı yaratmalı, çirkin əməlləri üzə çıxarmalıdır. Nəticədə, qəlbdə Allahdan xof halı yaranır və düzgün düşüncədən, hikmətli öyüd-nəsihətlərdən bəhrələnmək üçün yol açılır. Qurani-kərimdə oxuyuruq: “Sənin qorxutmağın yalnız o kəs üçündür ki, haqq kitaba tabe ola, qəlbində Rəhman Allahdan qorxa.”1
Peyğəmbərlərin mühüm vəzifəsi olan xəbərdarlıq yalnız Allahdan qorxanlara təsir edir. Nə qədər ki, qəlbdə xof halı yaranmayıb, insan qürur və məstlikdən uzaqlaşmayıb, fərd öz eyblərindən xəbər tutmayıb, öyüd-nəsihətlər onun qəlbinə təsir edəsi deyil. Belə bir insan dünya əyləncələrini, vaxtını eyş-işrət məclisində keçirməyi, əyləncəli səhnələrə tamaşa etməyi qiyamət və cəhənnəm əzabını yada salan moizə-nəsihətdən üstün tutasıdır. Belə bir şəxs hətta təsadüfən moizə-nəsihət məclisinə düşdükdə deyilənlər ona təsir göstərəsi deyil.
Beləcə, qəlbin qəsavətdən (daşlıqdan) təmizlənməsi, Allahdan qorxu halının yaranması heyvani həyat cazibələrinin ölümünə, ilahi həyatın dirçəlişinə səbəb olur. İlahi və mənəvi həyat sayəsində insan Allah qarşısında öz kiçikliyini hiss etməyə başlayır, öz Rəbbi ilə ünsiyyətə qatılır. Belə ki, o Allahdan xəbərsizlik nişanəsi olan dünya görüntülərinə bağlılıqdan xilas olur. O dərk edir ki, Allaha yaxın məqama çatmaq, axirət aləmində Onun razılığını qazanmaq üçün yaradılmışdır. Belə bir insan cəvahiratı dəyərsiz şüşədən təmizləyən şəxsə bənzəyir. Onun qarşısına cəvahir adı ilə adi şüşə qoyulduqda aldadıldığını hiss edən kimi təqdim olunanlardan imtina edib həqiqi cəvahir axtarışına çıxır.
Mənəvi və üxrəvi ləzzətlərin, Allahla ünsiyyətin həqiqi dəyərini bilən kəs anlayır ki, dünya ləzzətləri fənadır və onlara görə axirət ləzzətlərini əldən vermək ağılsızlıqdır. Allahla ünsiyyət ləzzətini dadan kəs qiymətli libas kimi dünya bəzəklərinə etina göstərmir. Onun nəzərində bu sayaq bağlılıqlar uşaqlıqdır. Uşağı sevindirən şeylərdən məhrumluq belə bir şəxsi qəmləndirmir. İnsan dünyaya etinasızlıq, dünya təzahürlərinə biganə olduqda rahatlıqla dünyadan əl çəkir və ixtiyarında olanları əlini sıxmadan başqalarına verir.
Dostları ilə paylaş: |