Sual: Müşriklərin bütlərin, bizim Allah övliyalarının şəfaətinə etiqadımız arasında nə kimi fərq var?
Cavab: Müşriklərin etiqadına əsasən şəfaətçi Allahın istəyindən asılı olmayaraq şəfaət verə bilər. Guya bütlər bilavasitə bağışlatdırmaq gücünə malikdir. Əslində isə şəfaətin qəbulu Allahın iradəsindən və şəfaətçinin ləyaqətindən asılıdır. Müşriklər inanırdılar ki, mələklər Allahın qızlarıdır və mələklərin timsalı saydıqları bütlərə pərəstiş edirdilər. Onlar bu yolla tanrılarının qızları qarşısında hörmət qazanmağa çalışır, bütlərin şəfaəti ilə cəhənnəmdən qurtulacaqlarına ümid edirdilər. Onların nəzərincə Allah şəfaəti qəbul etməyə məcburdur. Həqiqətdə belə bir şəfaət batil və şirkdir. Qanunun ziddinə şəfaət şəfaət yox, dəstəbazlıqdır. Belə bir şəfaətdə insanın ləyaqəti nəzərə alınmır. Guya bütün iş şəfaətçidən asılıdır. Müşriklər düşünürlər ki, Allah şəfaətçilərlə yaxınlığı və onlardan asılılığı səbəbindən şəfaəti qəbul etməyə məcburdur.
Amma tövhid inancına əsasən, bütün işlər Allahın istək və iradəsindən asılıdır. Həqiqi istiqlal yalnız Allaha aiddir. Allahdan savayı kimsədə təsir müstəqilliyi yoxdur. Həm od və su kimi təbii amillər, həm də peyğəmbərlər və imamlar kimi qeyri-təbii amillər Allahın iradəsinə bağlıdır. Demək, peyğəmbərlərin və övliyaların şəfaəti Allahın izni ilə baş tutur. Allahın izni olmadan şəfaətdən faydalanmaq mümkünsüzdür. Quranda oxuyuruq: “Onun izni olmadan hüzurunda şəfaət verən kimdir?!”1
Ölüləri diriltmək, kor gözə şəfa vermək yalnız Allahın izni və peyğəmbərə verdiyi qüdrətlə həyata keçən möcüzələrdir. Övliyalar Allahın nümayəndəsi olaraq Onun izni ilə möcüzələr göstərmişlər. Allahın hökmü olmadan kimsədə qeyri-təbii işlər görmək iqtidarı yoxdur. Bu səbəbdən də Allah-təala həzrət İsa haqqında buyurur: “Onu peyğəmbər olaraq Bəni-İsrailə doğru (göndərər və o deyər:) həqiqətən, mən sizin Rəbbiniz tərəfindən möcüzə gətirmişəm. Sizin üçün gildən quş şəkilli bir şey düzəldərəm, Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldaram, ölüləri dirildərəm. Sizə yediklərinizdən və ehtiyat saxladıqlarınızdan xəbər verərəm. Şübhəsiz, bunda sizin üçün ibrət var.”2
Peyğəmbərlər nəinki özbaşına şəfaət vermir, möcüzə göstərmir, hətta sözdə də Allahdan önə keçməyib Onun izni ilə danışırlar. Quranda buyurulur: “Danışıqda Ondan önə keçməzlər, onun göstərişi ilə iş görərlər.”3
Dostları ilə paylaş: |