Beşinci məclis İlahi buyuruqda Allahla rabitə, dünya istəyi və bəndələrə nəvaziş mövzusu
Ey Musa! Sən mənim bəndəmsən, mən də sənin məbudunam. Həqir, yoxsul, adamı alçaq sayma. Dünya malının azlığına görə varlıya həsəd aparma. Məni yada salanda təvazökar ol. Bəla və müsibətə düçar olanda rəhmətimə görə ümidvar ol, müti və qəmli səslə Tövratın şirinliyini mənə göstər.”
Allahla rabitə və Ona bəndəliyə etiqadın təzahürü
Minacatın bu hissəsində Allah-təala həzrət Musaya xitabən altı öyüd bəyan edir. Birinci bənddə buyurulur: “Ey Musa! Sən mənim bəndəmsən, mən də sənin məbudun.” Bu cümlə həzrət Musanın diqqətini insanın Allahla rabitəsinə yönəldir. Maraqlıdır ki, Allah-təala Tur dağında öz peyğəmbəri ilə minacatda Allah qarşısında bəndəlik məsələsini yada salır. Məgər həzrət Musa Allahın bəndəsi olduğunu bilmirdimi? Nə üçün Allah həzrət Musanın bəndəliyini, öz rübubiyyət məqamını yada salır? Amma dərindən düşündükdə görürük ki, nəzərdə tutulan insanın Allahla rabitəsinin qırılmazlığıdır və həyatımız bu rabitədən asılıdır. Bu nöqtəyə diqqət insanın bütün düşüncə və rəftarlarının əsası sayılır. Kamillik və bəndəlik yolunda addım atmaq istəyən kəs bütün varlığının Allahın mülkü olduğuna inanmalıdır. İnsan şübhə etməməlidir ki, onun bütün varlığı Allahın bütün mülküdür. İnsanın bəndəliyinə və Allahın rübubiyyətinə diqqət insanın öz məbudu ilə zati və həqiqi rabitəsindən danışır. Əfsus ki, insan bu mühüm həqiqətdən qafildir.
İnsanın Allahla rabitəsinə, bu rabitənin mənəvi və maddi həyatda roluna diqqət bizə anladır ki, bütün büdrəmələrimizin illəti insanın bəndəlik və Allahın rübubiyyət məqamına diqqətsizliyimizdir. Kiçikli-böyüklü bütün günahlar, Allahla savaş və şirk məhz bu diqqətsizlikdən qaynaqlanır. İnsan günah iş görmək qərarına gəldiyi vaxt, məsələn naməhrəmə baxmaq istədikdə ixtiyarına verilmiş gözlərin Allahın mülkü olduğunu düşünsə uyğun addımdan çəkinər. Axı bu gözlərə nuru Allah vermiş və Allah onlara haraya baxmağı bildirmişdir. Öz səadətinin Allahdan asılı olduğuna inanan insan bilir ki, uyğun şəhvətli baxış onu ilahi rəhmətdən məhrum edər, cəhənnəmə sürükləyər. Məsələn, haram danışığa qulaq asmaq istəyən insan varlığına hakim olan Allahı yada saldıqda bir anlıq ləzzətə görə əbədi səadətdən məhrum olmaq istəmir. Əlbəttə ki, varlığının Allaha məxsus olduğunu düşünən şəxs heç vaxt böyük ictimai günahlara, dində bidətlərə, şirkə yol vermir.
Nəzərə alsaq ki, bütün günah və fəsadların əsas səbəbi Allahın yaddan çıxarılmasıdır, bütün həyatımız boyu Allahın bəndəsi olduğumuzu və işlərimizin Ondan asılı olduğunu unutmarıq. Bu diqqət nə qədər dərin və əhatəli olarsa insanın ilahi məqama yüksəliş məqamı da artar. Bu təkamül yolu ibtidai mərifət və bəndəlik məqamı ilə tanışlıqdan başlayıb, ali yəqin və məbudla rabitə məqamında başa çatır. İnsanın təkamülü üçün başqa bir yol yoxdur. İnsan Allaha və ilahi yolda hərəkətin bariz nümunəsi olan bəndəliyə diqqət yetirməklə təkamül mərhələlərini ardıcıl şəkildə adlaya bilər.
Həzrət Musa Tur dağında bir neçə gün ibadətə məşğul olduqdan sonra məbudu ilə minacat tövfiqi (yardımı) əldə edir. O qəlbən öz məbudunu dinləməyə başlayır. Allah-təalanın onun nəzərinə çatdırdığı ən əsas nöqtə budur ki, Musa bəndədir və Allah onun məbudu! Yəni insan üçün həyatı boyu gündəmdə duracaq ən mühüm məsələ onun Allaha bəndəlik məsələsidir. Amma bu gün qərb mədəniyyəti Allaha bəndəlik həqiqətinə dözümsüz yanaşır. Onlar insanların buxovundan çıxıb Həzrət Haqqa qul olmağı quldarlığın davamı hesab edirlər. Dinsiz ziyalılar deyir ki, İslam quldarlıq dövründə zühur etdiyindən Allah Quranda insanı qul, Allahı ağa kimi tanıtdırmışdır. Onların nəzərincə, quldarlığa son qoyulmuş hazırkı dövrdə insan öz ağasıdır. Guya modernizm dövründə vicdan və vəzifə kimi zərurətlərə yer yoxdur. Bəli, modernizm insanı yalnız öz haqqı uğrunda mübarizəyə çağırır. Modernistlərin nəzərincə bu dövrün insanları əvvəlki dövrün insanlarından köklü şəkildə fərqlənir. Əgər keçmişdəki insanlar başqaları qarşısında məsuliyyət daşımışlarsa, bu günki insanlar yalnız özünə borcludur. Onlar bildirirlər ki, həzrət Musa qədim dövrdə yaşadığından Allah onu bəndə, özünü məbud kimi təqdim edir. Guya həmin əqidələrə qayıtmaq keçmişə qayıtmaqdır. Hansı ki, Quran və Peyğəmbər (s) sünnəsinə inananlar Allaha bəndəliyi əsil azadlıq sayır və öz səadətlərini məbudlarının əlində görürlər. Tövhid əhli inanır ki, Allahın iradəsi bütün varlıq aləminə hakimdir və biz insanların Allahdan uzaqda heç bir qüdrəti yoxdur.
Dostları ilə paylaş: |