Dördüncü nəsihətdə Allah-təala həzrət Musaya tövsiyə edir ki, Onu mütiliklə yad etsin. Şübhəsiz ki, Allah zikrinin mərtəbələri var. İnsanlar Allahı eyni dərəcədə diqqətlə zikr etmir. Bəziləri üçün zikr sadəcə dil hərəkətidir. Belələri zikr gedişində səmimiyyət və diqqətdən məhrumdurlar. Əgər zikr riyadan uzaq olsa öz həddində dəyərlidir. Amma belə bir zikrin də insan ruhuna bir o qədər təsiri yoxdur. Yalnız mütiliklə müşayiət olunan zikr həqiqi təkamülə səbəb olur, insanı rəzalətdən fəzilətə yüksəldir.
Allah-təala beşinci öyüddə buyurur: “Bəla və müsibətə düçar olanda rəhmətimə görə ümidvar ol.” Yəni rəhmətimə ümid edib bu bəlanın uzaqlaşacağını gözlə. Dünya həyatı çətinliklərsiz ötüşmür. Həyatda çətinlik çəkməyən insan yoxdur. Allah-təala bu barədə buyurur: “Həqiqətən, insanı məşəqqətdə yaratdıq.”1
İnsanlar qarşılaşdıqları problemlərə müxtəlif cür reaksiya verirlər. Bəziləri tamamilə ümidini üzüb Allahı yaddan çıxarır. Onlar pərişanlığa düçar olub qurtulmaq üçün hətta cəhd göstərmirlər. Allah-təala çətinliklər qarşısında ümidini itirən, bütün işlərin Allahın əlində olduğunu unudan insanlar haqqında buyurur: “İnsana nemət verdikdə üz döndərib uzaqlaşır, ona pislik üz verdikdə ümidini itirir.”2
İnsan hətta kiçik çətinliklərlə üzləşdiyi vaxt dərhal Allahın sorağınca getməyə hazırlaşmalıdır. Adi baş ağrısına görə də Allahdan şəfa istəmək lazımdır. Aclıq üz verdikdə insan öncə Allahdan nemət istəməli, sonra vasitələr ardınca getməlidir. İstənilən bir halda Allahı unutmaq olmaz. Əgər insan heç vaxt Allahı unutmasa və onun rəhmətindən ümidini üzməsə, heç bir çətinlik onu narahat etməz. O istənilən bir ehtiyacının təmini üçün Allaha əl açar. Axı Allah özü buyurub ki, ehtiyac duyulan vaxt Ondan yardım istənilsin: “Allahın fəzlindən diləyin, Allah hər şeyi biləndir.”3
Allah-təala həzrət Musaya altıncı öyüdündə buyurur: “Müti və qəmli səslə Tövratın şirinliyini mənə göstər.” Bu gün həqiqi Tövrat əlimizdə deyil. Amma həmin Tövratdan da üstün olan Quran ixtiyarımızdadır. Quranı mütiliklə və həzin səslə oxuyaq. Çalışaq ki, Quran qəlbimizə və ruhumuza hopsun. Quran qiraət edərkən Allahla danışdığımızı hiss edək. Əgər belə bir mərifət dərəcəsinə çatsaq, Allah kəlamını həzin, qəmli səslə, mütiliklə oxusaq, Allah bizim səsimizdən razı qalar və lütfünə çatarıq.
Dostları ilə paylaş: |