Allah-təalanın həzrət Musanın nəzərinə çatdırdığı kimi, zikrin uca mərtəbəsinə çatmaq üçün bu işdə müti olmaq lazımdır. İnsan Allah hüzurunda nə qədər kiçilərsə, bir o qədər də zikrin uca mərtəbəsinə nail olar. Belə bir zikr insanda aramlıq və arxayınlıq yaradır. Uyğun zikr haqqında Allah-təala buyurur: “O kəslər ki, iman gətirmişlər və qəlbləri Allah zikri ilə aramlıq tapır. Bil ki, qəlblər Allah zikri ilə aram olur.”1 “Bil ki, Allahın zikri ilə qəlblər aramlıq tapar” cümləsində “Allahın zikri” təbirinin “aramlıq tapar” təbirindən öncə gəlməsi zikrin əhəmiyyətini önə çəkir. Belə bir ardıcıllıqda ilahi zikr daha çox vurğulanır və onun əhəmiyyəti nəzərə çatdırılır. Başqa sözlə, qəlbin aramlığı ilahi zikrdən qaynaqlanan haldır. Amma başqa cümlələrdə öncə arxayınlığın, sonra Allah zikrinin qeyd olunduğu ilə rastlaşırıq. Bir cümlədə zikrin, digər bir cümlədə arxayınlığın vurğulanması göstərir ki, zikr və arxayınlığın mərtəbələri var. Zikri başlayıb qəlbən diqqətli olmağa çalışan insan zikrin daha uca mərtəbəsinə nail olur. Belələri davamlı zikr vasitəsi ilə zikrin ali mərtəbəsinə çatır, aramlıq və arxayınlıq əldə edirlər. Belə bir zikri Əmirəl-möminin (ə) şəbaniyyə minacatında yada salır: “Pərvərdigara! Mənə öz zikrində heyranlığı ilham buyur.”
Uyğun iki cümlədə aramlıq və arxayınlığın iki dərəcəsinə işarə olunur. Birinci dərəcə ilə qüdsi hədisdə Allah-təalanın həzrət Musaya nəsihətində rastlaşırıq. Burada söhbət diqqətli zikrdən qaynaqlanan aramlıq və arxayınlıqdan gedir. Bu zikrin aşağı mərtəbəsidir. Amma yada saldığımız ayədə zikrin ali mərtəbəsinə işarə olunur. Bu ayədə nəzərdə tutulmuş aramlıq və arxayınlıq Allahın tövfiqi ilə özünütərbiyədən sonra əldə olunur. İnsana belə bir aramlıq lütf olunduqda onun bütün iztirablarına son qoyulur. Allah zikrinə məşğul aşiq bəndənin qəlbində məbuddan qeyrisinə diqqətə yer qalmır. Əslində belə bir diqqət və iztirabın kökü ilahi mərifətin çatışmazlığındadır.