Allahın xüsusi rəhmətindən faydalanmaq üçün pərəstiş lazımdır
Qeyd etdiyimiz, eləcə də son ayə dini kitablarda və moizə məclislərində yetərincə araşdırılsa da, çoxları onların dərinliyinə varmır. Düşünmüşükmü ki, yaranışdan bu günədək bütün cinlərin və yer üzündəki milyardlarla insanın yaranış məqsədi nə üçün Allaha pərəstiş və bəndəlikdir? Allah bizim ibadətimizə ehtiyaclıdırmı? Nə üçün yalnız Ona pərəstiş etməyimizi istəyir? Əgər Allaha pərəstiş etməsək nə olar?
Bu sualları cavablandırmaq üçün qeyd etməliyik ki, mərhəmət Allah-təalanın rəhmaniyyət və feyz sifətlərinin tələbidir. Bütün yaranmışlar, o cümlədən insan ilahi mərhəmət cilvəsidir. Bütün nemətlər və ətalar bu mərhəmətdən qaynaqlanır. Hər nə varsa Allahın feyz və rəhmətinin təzahürüdür. Amma bəzi mərhəmət cilvələri şəraitdən, tutumdan və istedaddan asılıdır. Uyğun mərhəmətlərə çatmaq üçün insan hazırlığa malik olmalıdır. Əgər insan hansısa ilahi rəhmətdən məhrum qalmışsa, bunun səbəbkarı onun öz əməl və rəftarlarıdır. Allah kimsəyə nəyisə əsirgəmir. Məhrum qalan insan sadəcə uyğun nemətlərdən bəhrələnmək üçün tutum və istedada malik deyil. İbadət və pərəstiş, bu işlərin müqabilində nəzərdə tutulmuş məqamlar Allahın ən üstün rəhmət cilvələrindəndir. Əgər Allah ibadət və pərəstişi heyvanlar üçün vəzifə saymamışsa, səbəb budur ki, yalnız insanlarda və cinlərdə Allaha bəndəlik yolunu getmək istedadı var.
Allahın xüsusi rəhmətinə çatmaq üçün insanla Allah arasında rabitəyə, bəndəlik və ibadətə ehtiyac var. İnsan öz ibadət və bəndəliyi ilə varlıq aləminin təkvini (fitri, təbii) bəndəlik qanununa əməl etmiş olur. Bu qanuna əməl edən insanda sonsuz mərhəmət əldə etmək istedadı yaranır. Sonsuz axirət aləmində bu ətalar gerçəkləşir. Əksinə, fitri bəndəlik şərtlərinə əməl etməyən və pərəstişdən boyun qaçıran insan əbədi əzaba düçar olur. Allah ağadır, biz isə onun bəndəsi. Bizə seçim imkanı verilib. Allah insanı ibadət və pərəstiş vasitəsi ilə bəndəlik şərtlərini yerinə yetirmək üçün yaradıb. Bu yolla özümüzdə sonsuz mərhəmətdən bəhrələnmə qabiliyyəti yaratmalıyıq. Aydın olur ki, nə üçün peyğəmbərlər öz dəvətlərinə bəndəliyə çağırışla başlamışlar. Bəli, Allaha pərəstiş yaranış məqsədidir. İbadət və bəndəlik Allaha yaxınlaşmaq üçün aydın və düzgün yoldur.
Dostları ilə paylaş: |