Allah qorxusunun məfhumu
Sual 2: “Allah qorxusu dedikdə nə nəzərdə tutulur? Adətən, təhlükəli mövcudlar müqabilində qorxu yaranır. Əgər Allah sonsuz məhəbbət və rəhmət sahibidirsə nə üçün ondan qorxmalıyıq?
Cavab: Qorxunun qaynağı insanın üzləşə biləcəyi təhlükədir. Bəzən də hər hansı mənfəəti əldən çıxarmaq düşüncəsi qorxuya səbəb olur. Amma səbəblə nəticə arasında əlaqə olduğundan bəzən insan təkcə təhlükədən yox, təhlükəni yaradan səbəbdən də qorxur. Məsələn, kimi qarşısına çıxmış canavardan, kimi də qaranlıqdan qorxur. Çünki canavar və qaranlıq insanın həyatını hədələyən vasitələrdir. Tövhid prinsiplərinə əsaslanan İslam təlimlərində, eləcə də ayə və rəvayətlərdə insanın diqqəti “səbəblər səbəbinə” yönəldilir. Bu təlimə əsasən insan canavardan qorxduğu kimi canavarı yaratmış və canavarın ixtiyarı əlində olan Allahdan, “səbəblər səbəbindən” qorxmalıdır. Məsələn, yağışdan sonra torpaqdakı toxum cücərib inkişaf edir. Amma toxumun cücərib inkişaf etməsi üçün zəruri olan bütün vasitələr Allahın ixtiyarındadır və onun iradəsi ilə təsir göstərir. Bu səbəbdən Qurani-kərim toxumun cücərməsi və inkişafını Allaha aid edərək buyurur: “Həqiqətən, Allahdır toxumu və çərdəyi çatladıb cücərdən!”1
Məsələn, yerdən buxarlanan su havada soyuduqdan sonra yağış şəklində torpağa qayıdır. Amma yağışın əsas səbəbi buludlar yox, Allahdır. Günəşi yaradıb, onun istisini su hövzələrinə çatdıran, bu prosesin həyata keçməsi üçün qanunlar tənzimləyən Allah-təaladır. Buxarlanma da, kondensasiya da Allah tərəfindən tənzimlənmiş ilahi qanunlardır. Suyun buxarlanması, onun havada buludlar şəklinə düşməsi, yerin cazibəsi vasitəsi ilə yağış şəklində torpağa qayıtması dəqiq qanunlar əsasında həyata keçir. Yağış da, qar da Allahın tədbir və iradəsi ilə yerə enir. Bütün bunları nəzərə alaraq Qurani-kərimdə buyurulur: “Ümidlər üzüldükdən sonra yağışı endirən, rəhmətini genişləndirən Odur. Odur həmd olmuş hami.”2
Aydın olur ki, insanların diqqətinin səbəb salana yönəldilməsi Quranın tərbiyə üsuludur. Bizi hədələyən zərərdən, mənafeləri əldən çıxarmaq ehtimalından qorxsaq da, bu qorxular ikinci dərəcəlidir. İnsan onun həyatı üçün təhlükə törədən seldən qorxur. Əslində isə bu sel Allahın ixtiyarındadır və Allahdan qorxmaq lazımdır. Bəli, bütün təhlükələr səbəblər səbəbi olan Allahın ixtiyarındadır.
Amma əxlaqi baxımdan dəyərləndirilən rəftarlar sırasında Allah qorxusu əslində insanın öz çirkin əməllərindən qorxusudur. Nəzərdə tutulmuş qanunları pozan insan ilahi şəriət qanunları əsasında əzaba düçar olur. Bağışlanmağımız da, cəzalandırılmağımız da Allahın ixtiyarındadır. Qurani-kərimdə oxuyuruq: “İnsanların öz pis əməlləri səbəbindən quruda və suda fəsad görünər. Allah bəzi günahların cəzasını onlara daddırar ki, bəlkə tövbə qıldılar.”1 Başqa bir ayədə oxuyuruq: “Rastlaşdığınız hər bir müsibət öz qazancınızdır və Allah onların çoxunu bağışlayır.”2
Aydın oldu ki, Allah qorxusu dedikdə əsasən öz pis əməllərimizdən qorxu mənası nəzərdə tutulur? Bu əməllər bizi ilahi nemətlərdən məhrum edir, bir çox ağrılar yaşadır. Unutmamalıyıq ki, günahkarların Allah tərəfindən cəzalandırılması Allahın mərhəmət sifətinə zidd deyil. Allah mərhəmətlilər mərhəmətlisi olmaqla yanaşı ədalətlidir və bu ədalət tələb edir ki, başqalarına sitəm qılanlar cəzalandırılsın. Əgər yaxşı baxsaq, Allahın cəzasında da mərhəmət var. İnsanlar dünyada cəzalandırılmaqla təmizlənir, onların bir sıra günahları bağışlanır. Bağışlanmayan günahlara görə axirət cəzası nəzərdə tutulur. Əgər Allah bütün günahların cəzasını bu dünyada versəydi, yer üzündə bir nəfər olsun sağ qalmazdı. Quranda oxuyuruq: “Allah insanları gördükləri işə görə cəzalandırsaydı, yer üzündə bir canlı da saxlamazdı. Amma müəyyən müddətədək onlara möhlət verilir, əcəlləri çatdıqda, Allah bəndələrini görəndir.”1
Dostları ilə paylaş: |