3.Moizə-nəsihətin həzrət Yəhyaya güclü təsiri
İnsan təcrübədə müxtəlif hallar yaşadığına şahid olur. Bəzən moizənin təsiri altına düşür, bəzən haqqında eşitdiyi faciə onu həyəcanlandırır və gözündən yaş gəlir. Bəzən isə ən təsirli moizə, ən dəhşətli müsibət onun halını dəyişmir.
Pak və nurani qəlbli insanlar moizələrə xeyli tez reaksiya göstərir. Pərişanlıq yumşaq qəlbin səciyyələrindəndir. Ən üstün ruhani hal isə peyğəmbərlər və övliyalarda müşahidə olunur.
Həzrət Yəhyaya moizə çox tez təsir göstərər, onun qəlbində təlatüm yaradardı. Həzrət Zəkəriyya Bəni-İsrailə nəsihət vermək istədiyi vaxt sağına-soluna baxardı ki, Yəhya oradadır, yoxsa yox. Yəhyanın hüzurunda behişt və cəhənnəmin adını çəkməzdi. Bir dəfə Yəhya məclisdə olmayan vaxt Zəkəriyya moizə-nəsihətə başladı. Əbasını başına çəkmiş Yəhya məclisə daxil oldu və bir kənarda əyləşdi. Onu görməyən Zəkəriyya söhbətə başladı: “Həbibim Cəbrail mənə xəbər verdi ki, Allah-təala buyurmuşdur: “Cəhənnəmdə Səkəran adlı bir dağ var. Dağın ətəyindəki vadiyə Ğəzəban deyirlər. Çünki həmin yer Allahın qəzəbindən dağılmışdır. Həmin vadidə bir quyu var. Onun dərinliyi yüz illik yoldur. Bu quyuda oddan tabutlar mövcuddur. Tabutlarda oddan libaslar, zəncirlər və buxovlar var.”
Zəkəriyyanın söhbətini dinləyən Yəhya fəryad qoparıb dedi: “Səkərandan necə də xəbərsizik!” Məclisdən qalxıb biyabana üz tutdu. Zəkəriyya məclisdən çıxıb Yəhyanın anasının yanına getdi və buyurdu: “Yəhyanı tap, qorxuram onu sağ görməyəsən.” Yəhyanın anası onun ardınca getdi. Bəni-İsraildən bir qrupla rastlaşdı. Yəhyanın anasından haraya getdiyini soruşdular. Dedi: “Oğlum Yəhyanın ardınca gedirəm. Cəhənnəm odu haqqında eşidib səhraya üz tutub.” Yəhyanın anası oğlunu soraqlaşarkən bir çobanla rastlaşdı. Ondan Yəhyanı görüb-görmədiyini soruşdu. Çoban dedi: “Bəli, Yəhyadan bir az əvvəl ayrılmışam. Göz yaşları ayaqlarını islatmışdı. Üzünü göyə tutub deyirdi: “Səni izzət və cəlalına and verirəm, ey mənim mövlam! Öz axirət mənzilimi görməyincə dilimə su vurmayacağam.” Anası Yəhyanı tapıb onu ağuşuna aldı və Allaha and verdi ki, evə qayıtsın. Yəhya anası ilə evə qayıtdı.1
Dostları ilə paylaş: |