İbrətdən qəflətədək
Qədimdəkilərin xəbərlərini qəlbinə ərz et, onlardan qabaqkıların başına gələnləri ona xatırlat, diyarlarını seyr et, nişanələrindən ibrət götür, gör nə ediblər, haradan qalxıb, haraya düşüblər, nədən ayrılıb, nədən qəlb döndəriblər. Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər. Sanki sən də tezliklə onlardan olacaqsan. Yerini islah və abad et, axirətini dünyana satma.”1
Sözsüz ki, keçmişdəkilərin başına gələnlər gələcəkdəkilər üçün bir işıqdır. Yalnız tarixi bilməklə, tarixdən ibrət götürməklə bu işıqdan faydalanmaq olar. Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) keçmişdə baş verənləri düşünməyi tövsiyyə edir. Bir çox şərafətli insanlar nəhayətdə süquta uğramış, pisliyə düçar olmuşlar. Eyni zamanda ilahi hədləri gözləyib, yüksək kamal mərtəbəsinə çatanlar da, Allah dərgahına üz tutub, Ona yaxın məqamda yerləşənlər də vardır. İnsan keçmişdəkilərin həyatına nəzər salmaqla müvəffəqiyyətin sirrini aşkarlamalıdır. İnsanın xar olma səbəbləri kəşf olunmalıdır. Hansı işlər səadətə, hansı işlər bədbəxtliyə aparır? Bir sözlə, keçmişdən ibrət götürmək lazımdır. Qur’ani-kərim təkrar-təkrar tapşırır: “Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün.”1
Həyatın eniş-yoxuşu
İnsan bütün ömrünü çətinlikdə keçirir desək, düz olmaz. Hər bir insanın taleyində həm şirin, həm də acılı günlər olur. İnsan həyatın nə qədər enişli-yoxuşlu olduğu barədə düşünməli, özünü çətinliklərlə mübarizəyə hazırlamalıdır. Yaxşı araşdırma aparan insan iki nöqtəni daim nəzərdə saxlayır: 1. Dünyanın şirinlikləri müvəqqətidir, arxayınlaşmaq olmaz; 2. Dünyanın acılıqları da müvəqqətidir, mə’yus olmaq olmaz.
Buna görə də dünyanın şirinliklərinə, müvəffəqiyyətlərinə uymamalıyıq. Qədimdəkilər arasında dünya ne’mətlərinə kim bağlanmışsa, bir gün ondan ayrılmaq məcburiyyətində qalmışdır. Biz də əlimizdəki ne’mətlərə bel bağlamamalıyıq. Bütün bu ne’mətlər müvəqqətidir. Bu məsələlərdən qəflətdə qalan insan həyatın eniş-yoxuşlarında özünü itirib, süquta uğrayır. Amma həqiqəti tapmağa müvəffəq olanlar dünya ne’mətlərindən məhrum olduqda belə nigaran olmurlar. Onlar əmindirlər ki, bu çətinliklər müvəqqətidir və tezliklə başa çatacaqdır. Allah-təala buyurur : “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük gəlir.”1 Beləcə nə ne’mətlərə uymağa, nə də çətinliklərdən mə’yus olmağa dəyər. Çünki həyatın eniş-yoxuşları çox olsa da, müvəqqətidir.
Keçmişdəkilər ibrətdir
Keçmişdə baş verənləri mütaliə etmək ibrət üçün ən yaxşı yoldur. İncə tarixi faktlar insan ruhuna böyük tə’sir göstərir. İnsan bu tanışlıq nəticəsində hər şeydən əvvəl dünyanın müvəqqətiliyini anlayır. Qədim sultanlıqlar, saraylar, hökumətlər, şəxsiyyətlər fəna olduğu kimi, biz də fəna olasıyıq. Dünya dayanacaq yeri yox, keçid yeridir. Necə tikilib başa gəldiyi hələ də mə’lum olmayan Misir ehramlarını (piramidalarını) yada salın. Bu ehramlarda yatan fir’onlar bir zaman hökm sahibi idilər. Hanı o qüdrətli insanlar? Onlar da başqa ölülər tək səsini çıxarmır. Eyş-işrət içində yaşayıb ölənlə fəqirlik içində dünyasını dəyişən arasında nə fərq görürsünüz? Bütün bu deyilənlər bizim də başımıza gələsidir. Dünyanın sonu ölümdür. Dünya həyatı əbədi, sonsuz deyil. Amma ölümdən sonrakı həyat əbədidir. Həmin həyatda heç nəyə, heç nəyə ölüm yoxdur.
Məsələn, bu dünyada sadə bir yanıq insanın ölümünə səbəb olur. Amma dünya odundan min dəfələrlə güclü cəhənnəm odu günahkara əzab versə də, heç vaxt onu yox etmir. Allah-təala buyurur: “...Dəriləri yanıb bişdikcə onları yenisi ilə əvəz edəcəyik ki, əzabı həmişə dadsınlar.”1 Başqa bir ayədə buyurulur ki, cəhənnəm əhli əzab mələyinə ölüm arzusu ilə müraciət edərlər. Amma onların istəyi rədd edilər.2
Hansı dünya?
İnsan dünyanı axirətlə müqayisə etməli, onlar arasındakı fərqi müəyyənləşdirməlidir. Dünya ləzzətləri xatirinə axirət səadətindən keçməyə dəyərmi? Tutaq ki, insana fir’onlar səltənəti nəsib oldu, özü üçün ehram ucaltdı, Harun Ərrəşidin hakimiyyətini əldə etdi, xəzinəsinin açarlarını daşımaq çətin oldu3, xəstəlik və narahatlıqdan amanda qaldı. Məgər istənilən xoşbəxt dünya həyatını əbədi axirətlə bir tutmaq olarmı?! Axı dünya həyatı nə qədər ləzzətli ötüşsə də, müvəqqətidir.
İnsanı dünya həyatını üstün tutmağa vadar edən, dünyaya məftunluqdur. İnsan dünya ne’mətlərinə, dost-tanışlara nə qədər bağlı olarsa, dünyadan ayrılmaq da bir o qədər çətin olar. Əlbəttə ki, insan heç bir hazırlıq olmadan, tanımadığı bir yerə getmək istəmir. Amma ağılı heyrətə gətirən əbədi ləzzətləri qoyub, ötəri dünya ne’mətlərinə uymaq insaf deyil. Qur’ani-kərim buyurur: “Əməllərinin mükafatı olaraq, mö’minlər üçün necə göz oxşayan ne’mətlər saxlandığını kimsə bilməz.”4 Məgər müvəqqəti ləzzətə görə əbədi ne’mətlərə arxa çevirmək ağıllı işdirmi?! İnsan bütün dünya ne’mətlərinə sahib olsaydı belə, yenə də dünya axirətlə müqayisədə dəyərsiz olardı. Çünki dünyada nə varsa, müvəqqətidir. Bundan əlavə, dünya ləzzətləri ilə çiyin-çiyinə dünya bəlaları dayanır. Bu məsələ o qədər mühümdür ki, ona diqqətsizlik insanı əbədi cəhənnəmdə sakin edə bilər.
Bilirik ki, axirət aləmi əbədidir və hər birimiz ona qovuşasıyıq. Vəsiyyətnamənin müraciət etdiyi şəxs axirətə inamlı şəxsdir. Amma o bu məsələni arabir xatırlayır. Onu yaddan çıxarmamaq üçün hansısa bir iş görülməlidir. Bu e’tiqadı diri saxlamaq üçün keçmişdəkilərin həyatını, tarixi mütaliə etmək lazımdır. İnsanın bütün vücudu təsdiq etməlidir ki, dünya müvəqqəti dayanacaqdır. Ona görə də Həzrət (ə) “qədimdəkilərin xəbərlərini qəlbinə ərz et” –deyə buyurur. Keçmişdəkilərin həyatından ibrət götürməklə büdrəmələrdən qorunmaq lazımdır. Vəsiyyətin mehvəri qəlbdir. İnsan üçün əsas da qəlbdir. Səadətə çatmaq istəyirsinizsə, qəlbinizi islah etməlisiniz. Problemlərinizi həll etmək üçün qəlbinizin problemlərini həll etməlisiniz. Həzrətin (ə) nə üçün qəlbi mehvər seçməsini bilməyimiz yaxşı olar. Nə üçün qəlb keçmişdə baş verənlərdən xəbərdar olmalıdır?
Bə’zən insan bir şeyi oxuyub eşitsə də, ona səthi yanaşır, dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər haqqında dərindən düşünmür. Sözsüz ki, bu sayaq müşahidə heç vəchlə qəlbə sirayət etmir. İnsan elə baxmalı, elə dinləməlidir ki, bu gedişdə qəlb iştirak etsin. İnsan gördükləri və eşitdikləri barədə düşünməli, həqiqəti dərk etməlidir. Ona görə də keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyyə olunur.
Ətrafa və özünə səfər
Vəsiyyətin ötən cümlələrində imam (ə) keçmişin xəbərləri ilə tanış olmağı tövsiyyə etdi. Sonra buyurulur: “...Diyarlarını seyr et, nişanələrindən ibrət götür. Gör nə ediblər, haradan qalxıb, haraya düşüblər...” Keçmişdən danışan şəhərləri gəzmək, keçmişin qalıqlarından ibrət götürmək tapşırılır. Onların haraya getdiklərini, harada məskən saldıqlarını öyrənmək tövsiyyə olunur. Bəli, insan diri iman üçün çalışmalı, bu yolda göz və qulaqdan istifadə etməli, tarixlə tanış olmalı, tarixin nişanələrini seyr etməlidir. Qədim insanların hansı işlər gördüyünü, hansı nəticələr əldə etdiyini, bir ömür zəhmətdən sonra haraya getdiyini, kimlərdən ayrıldığını bilmək lazımdır. Onlar bir an ayrıla bilmədikləri əzizlərindən çox-çox uzaq düşdülər. Həzrət (ə) buyurur: “...Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər.” Keçmişin nişanələrini gördükdən sonra anlayırsan ki, onlar ən əziz adamlarından ayrılmış, qərib olmuşlar. Axı onlar əvvəllər yalnız dünya əhli ilə ünsiyyətdə olmuş, axirət əhlini tanımamışdılar. Yalnız dünya ilə əlaqədə olduqlarından indi tənhadırlar. Onlar qərib müsafir tək, düşdükləri yerdə heç kimi tanımırlar. Bütün bu səhnələri görüb, dərk etdikdən sonra sual yaranır ki, indi nə etməliyik? Onların aqibətinə düçar olmalı, yoxsa çıxış yolu axtarmalıyıq? Həzrət (ə) qaçılmaz aqibət barədə xəbərdarlıq edir: “Sanki sən də tezliklə onlardan olacaqsan.” Dünya həyatının sonu həmin nöqtədir.
Həyat yolundan ötüşmə
İnsan tarixi mütaliə etməklə, dünyanın vəfasızlığından, öz aqibətindən xəbərdar olduqdan sonra, şübhəsiz ki, çarə axtarmağa başlayır. İnsan həyat yolundan ötüb-keçməyə məcbur olduğunu anlayır. Bu yolda heç bir e’tibarlı dayanacaq yoxdur. Varlıq aləmi yarandığı gündən bu yolu gedir. Zamanın dövrü insan əlində deyil. İnsan istəsə də, istəməsə də zaman hərəkətdədir. Bəs daim hərəkətdə olan insan haraya üz tutub? Ey insan, harada dayanmaq istəyirsən? Sənin aqibətin necə olasıdır? Yolun ortasında sərmayəni, qazancı əldən vermək ağıllı işdirmi? Bu yoldakı çətinliklər hamıya aiddir. Həyat çətinliksiz ötüşmür. Xoş gün hamı üçün müvəqqətidir. Bəşəriyyətin taleyi belədirsə, kim özünü kənara çəkə bilər?! Həzrət (ə) buyurur: “ Yerini islah və abad et, axirətini dünyaya satma.”
Axirət dünyadan üstündür
Dünyanı tanıdıqdan, onun müvəqqətiliyini bildikdən sonra əbədi axirəti bu ötəri dünyaya satmaq olarmı?! Araşdırma aparan hər bir insan bu müamilənin zərər olması qənaətinə gələsidir. Doğrudan da, əbədi axirəti beş günlük dünyaya satmaq ağılsızlıq olardı.
Maraqlıdır ki, insanın görüb eşitməsi ilə onun qəlbi arasında nə kimi əlaqə vardır? Həzrət Əli (ə) keçmişdəkilərin başlarına gələnləri eşidib görməyi tövsiyyə edirsə, demək, bu iş qəlb üçün çox tə’sirlidir. E’tiraf etməliyik ki, bu bağlılığı olduğu kimi dərk etməkdə acizik.
Həzrət (ə) keçmişdəkilərin aqibətini öyrənməyimizi tapşırır. Olsun ki, bu tövsiyyənin nəticəsində dünyanın ötəriliyini, ölümün labüdlüyünü dərk etməliyik. Beləcə, insan bütün diqqətini yola yox, məqsədə yönəltməlidir. Ona görə də keçid yerini yox, mənzili abad etmək tapşırılır. İnsan bu dünyada müsafir kimidir. Dünya keçid, axirət isə mənzildir. “Axirətini dünyaya satma”. Qəlbin abadlaşdırılması göstərişini alan adama sanki yol göstərilir ki, bu iş göz və qulaq vasitəsi ilə yerinə yetirilməlidir. Çünki qəlbə tə’sir göstərən gözün gördüyü və qulağın eşitdiyidir. Göz faydalı səhnələr görsə, qulaq faydalı sözlər eşitsə, qəlb də abad olar. İbrətamiz səhnələrin müşahidəsi, ibrətamiz sözlər dinləmək qəlbi islah edir.
Dostları ilə paylaş: |