DUANıN QƏBULUNUN TƏ’XIR SƏBƏBI.
Duanın qəbulunun tə’xir səbəbləri haqqında rəvayətlər
çoxdur. İncə məziyyətlərə malik olan bu rəvayətlərin mütaliəsi
məhəbbət vadisində qədəm atanlar üçün çox xoşdur. Məsələn,
bir hədisdə imam Sadiq (ə) buyurur: “Mö’min dua edərkən
Allah-təala mələklərə buyurur: “onun duasını qəbul etdim.
Amma ona əta etməyib, saxlayın – bu mö’min bəndənin səsini
eşitmək istəyirəm...” Amma günahkar insanın səsi Allaha xoş
gəlmədiyindən bə’zən onun istəyini dərhal verər. Mö’minin
duasının yubanma səbəbi isə ilahi sevginin nişanəsidir.
Həzrətin (ə) buyuruqlarına əsasən, bir qisim insan öz duasının
nəticəsini axirətdə əldə edər. Amma onlar Allahla ünsiyyətdən
ləzzət aldıqları üçün heç vaxt duadan yorulmazlar. Dua vasitəsi
ilə Allahla əlaqəyə elə bağlanarlar ki, duadakı istəklərin qəbulu
162
yaddan çıxar. Həzrət (ə) buyurur: “Olsun ki, bir şey istəyəsən
və sənə verilməyə, ondan da üstününü bu və ya o dünyada
alasan.” Allah bə’zən insana onun istəyindən da yaxşısını
yetirir. İnsan elə güman edir ki, bu şey ona dua etmədiyi halda
yetirilib. Hansı ki, Allah-təala insanın duasını qəbul etmiş,
sadəcə, onun istədiyini yox, daha xeyirli bir ne’mət əta
etmişdir. Amma elə böyük tutumlu insanlar vardır ki, Allah
onların duasını axirət üçün qəbul edir. Belə insanlar dua
vasitəsi ilə ünsiyyəti onun qəbul olmasından üstün sayırlar.
Eləcə də, mərhəmətə daha çox ehtiyac duyduqları axirətdə
dualarının faydasını görürlər. Bu insanlar axirət ne’mətlərinin
dünya ne’mətlərindən üstün olduğunu bildikləri üçün axirət
sevdasına üstünlük verirlər.
Ümumiyyətlə, Allah-təala həmişə daha üstün ne’məti əta edir.
Ya dünyanın, ya da axirətin ən üstün ne’məti əldə olunur.
Bə’zən duanın tə’xirə salınması münasib hesab edilir. Çünki
bə’zən insan öz zərərinə dua edir və anlamır ki, istədiyi şey ona
xeyir gətirməyəcək. Belə duaları Allah qəbul etsə, insan özü
peşman olar. Çox olur ki, israrlı dualar, ağır nəzirlər vasitəsi ilə
əldə olunmuş bir şey sonradan insana böyük problemlər
yaradır. Kimi bu kimi hallarla öz həyatında rastlaşır, kimi
başqalarının həyatında uyğun halları müşahidə edir. Bə’ziləri
Allahın məsləhətini nəzərə almadan israrla övlad istəyirlər.
Allah onlara övlad əta etdikdən sonra bu övlad valideyni
hörmətdən salır, onu min bir əzab-əziyyətə düçar edir. Təbii ki,
belə valideynlər sonradan peşman olur, “kaş sonsuz qalaydım”
deyə təəssüflənirlər. Allah-təala israrla öz zərərlərinə dua
edənlərin duasını ona görə qəbul edir ki, həmin şəxslər
Allahdan inciyib, öz imanlarını itirməsinlər. Dar düşüncəli
insan Allahdan istədiyi şeyin zərərli olduğunu anlamır və duası
qəbul edilmədikdə Allahdan üz döndərir. Allah isə öz
bəndəsinin imandan məhrum olmaması üçün duasını yerinə
yetirir.
163
İnsanlar duaya münasibətdə bir-birlərindən fərqlənirlər.
Bə’ziləri duaları qəbul olmadıqda Allahdan üz çevirmək
həddinə çatırlar. Allah belələrinin imanını qorumaq üçün
onların dualarını qəbul edir. Bə’ziləri isə duaları qəbul olduqda
şeytanın tilovuna düşürlər. Allah belələrinə qarşı başqa növ
tədbir görür.
Peyğəmbər (s) zamanında yaşayan bir şəxs maddi cəhətdən
sıxıntı içində yaşayırdı. Həzrət (s) ona qoyun almaqda kömək
etdi. Həmin qoyun doğub-törədi. Bir müddət sonra kişi sürü
sahibi oldu. Sürü böyüdükcə onu şəhərdə saxlamaq çətinləşdi
və kişi şəhərdən çıxıb, kənarda bu işlə məşğul olmağa başladı.
Şəhərdə olmadığından Peyğəmbərin (s) imaməti ilə qılınan
camaat namazlarından da məhrum oldu. Namazdan
uzaqlaşması onun imanını o qədər zəifləşdirdi ki, Peyğəmbərin
(s) zəkat üçün göndərdiyi şəxsə zəkat ödəməkdən boyun
qaçırdı, hətta onları bac yığmaqda ittiham etdi. Bir sözlə, həzrət
(s) nəhayət ona verdiyi sərmayəni geri almaq qərarına gəldi.
Həmin şəxs böyük sürü ilə müqayisədə həzrətin (s) tələbini
əhəmiyyətsiz sayıb, ilkin sərmayəni ona qaytardı. Amma
unutdu ki, var-dövləti həmin sərmayədən bərəkətə gəlib. Nə
isə, sərmayə qaytarıldıqdan sonra bəla nazil oldu və sürü məhv
olub getdi. Həmin kişi Allaha israrla dua edib, var-dövlətini
geri qaytarmaq istədi. Hansı ki, Peyğəmbər (s) verdiyi
sərmayəni geri almaqla onu imansızlıqdan xilas etmək
istəmişdi. Bəli, bə’zən insanın dünyəvi istəyi onun axirətinə
zərərli olduğundan Allah-təala onun dinini qorumaq məqsədi
ilə duasını qəbul etmir.
Deyilənlərdən belə nəticə çıxarmaq olmaz ki, dua etmək
faydasızdır və Allah onsuz da öz məsləhət bildiyini əta edir, yox!
Maraqlıdır ki, Allah öz istədiyini nəsib etdiyi halda duanın faydası
nə olur? Qeyd etməliyik ki, dua Allaha ibadətdir, qəbul olmasa da
savabı var. Eləcə də, heç bir dua cavabsız qalmır. Sadəcə, dua
tə’xirə düşə bilər, insana onun istədiyindən daha faydalı bir şey
əta olunar. Bə’zi duaların bəhrəsi isə axirət həyatında əldə edilir.
|